OXUCULARIMIZIN YARADICILIĞI – “Dolabdakı xatirələr”, hekayə Featured

“Ədəbiyyat və incəsənət” portalının Ooxucularımızın yaradıcılığı rubrikasında bu gün sizlərə jurnalist İlahə Allahverdiyeva özünün “Dolabdakı xatirələr” adlı hekayəsini təqdim edir.

 

Həyətdə, divarın dibində kölgədə qalmış bir dolab dayanmışdı. Onun mövcudluğu adi görünürdü, amma səssiz duruşu ilə sanki keçmişdən qopan bir səslə danışmaq istəyirdi — illərin içindən gələn bir pıçıltı kimi. Qapısı birtərəfə sallanmış, taxtası çatlamış, boyası solmuşdu. Zaman onu yeyib-bitirmiş, amma silə bilməmişdi. O dolab sadəcə taxtadan ibarət deyildi — içində illər vardı, baxışlar vardı, toxunuşlar vardı. Onun hər rəfində bir yaddaş, hər izində bir nəfəs gizlənmişdi. Dolabın qarşısında dayananda, elə bil nəfəsini eşidirdim. Sanki o nəfəs mənə nələrisə xatırlatmaq istəyirdi — bir vaxtlar uşaqların oynadığı, ananın gülərək açdığı, atanın səssizcə yanından keçdiyi anları.

-Cehizimdəndir, — dedi evin xanımı, yumşaq, amma dərin bir səslə, — Atmağa qıymıram.

Bu sözlərdə keçmişin hüznü vardı. Elə bil, bir yaylıq kimi illərlə qorunmuş xatirələrdi bunlar — səliqə ilə qatlanıb dolabın içində saxlanılan. İndi dolab boş idi. Amma yox, tamamilə boş deyildi. İnsanın gözü ilə görə bilmədiyi, amma ruhu ilə hiss edə bildiyi şeylər vardı içində. Bəlkə də bir vaxt bu dolabın içində məktəbli qızların formaları asılmışdı. Bəlkə bir bölməsində cehizlik tül pərdələr, gül-çiçək naxışlı yaylıqlar, nadir hallarda istifadə olunan bəzəkli fincanlar sıralanmışdı. Hər biri bir arzunun, bir gözləntinin nişanəsi idi.

Bir qız köçməzdən əvvəl həmin dolabın önündə dayanıb, tələsik şəkildə dolabın alt gözündən balaca bir güzgünü götürüb çantasına qoymuşdu. Anası arxadan baxıb kövrəlmişdi. O an dolab sanki susmuşdu. Amma o səhnə, taxtanın içində iz salmışdı. Dolabda zamanın özü gizlənmişdi. Onun içində yaşanmış və yaşanmaqdan vaz keçilmiş günlər vardı. Qızlar bir-bir bu evdən köçəndə, hərəsi bir dəfə bu dolabın qarşısında durmuş, son dəfə bir əşyasını yığmış, baxıb içini çəkmişdi. Ana göz yaşlarını silib, yenidən qapısını örtmüşdü. Oğul isə hələ evin içində dolaşırdı — dolabın səssizliyini hiss etmədən.

Dolabın içində körpə əllərin toxunuşu da vardı, bəlkə də səsli-səsli gülüşlər, gizlənqaç oyunlarının səsi. Taxtaların arasına hopmuş uşaq qoxusu... Zaman keçmiş, dolab sükuta qərq olmuşdu. Amma heç nə itib-batmamışdı — sadəcə görünməz olmuşdu.

 İndi o dolab bir ömrün lal şahidiydi. Taxta səthində günəşin yuxarıdan vurduğu işıq zolaqları asta-asta yerini kölgəyə verirdi. Hər bölməsi, hər qapısı bir yaddaş pəncərəsi idi. İnsan içini açmasa da, dolab danışırdı. Boşluğun içində qəribə bir doluluq vardı. Elə bir zənginlik ki, ancaq illərlə yaşanaraq yaranır. Bəzən bir dolabın içi boş olanda, o daha çox danışır. Çünki onda yalnız əşyalar deyil, xatirələr də gizlənir. O dolab illərin yükünü səssizcə daşıyırdı. Hər izində bir zaman öz əlamətini buraxmışdı. Hər yarığında bir kəsin baxışı ilə dərinləşmişdi. Bəzən bir evin tarixini yazmaq üçün kitab yox, bir köhnə dolab yetərlidir.

Günəş batırdı. Dolab kölgənin içinə çəkilirdi. Amma mən bilirdim — onun içində hələ də nəfəs var. Onu görmək üçün sadəcə bir az dinləmək, bir az duymaq kifayətdir. Çünki bəzən ən böyük hekayələr, ən səssiz əşyalarda gizlənir. Və həmin hekayələr, səssizcə gözləyir — biri gəlib qapısını açsın deyə.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.