“Bütün həyatım “fədakarlıq” deyiminə ekvivalentdir - MÜSAHİBƏ Featured

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi. 

 

Həmsöhbətimiz çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,  şair, yazıçı, tərcüməçi, dilçi alim, pedaqoq, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Firuzə Məmmədlidir.

 

—Sizin üçün nəsr və poeziya arasında ən mühüm fərq nədir? Hansı sizin daxili dünyanızı daha tam və dərindən ifadə edir?

 

—Forma baxımından bu iki janr arasındakı fərq göz önündədir. Bu da həqiqətdir ki, hər ikisi bədii təxəyyül məhsuludur. Amma nəsr bir qayda olaraq, süjet, kompozisiya, məzmun və ifadə planında reallaşır. Poeziya spesifik normalar daxilində, daha çox dil vahidlərinin daxili informasiyasında mövcud olan poetik məqamların, başqa sözlə, sözün, ifadənin məna variantlarının düzgün, məqsədyönlü seçilib nizamlanmasına əsaslanır. Klassik Azərbaycan poeziyasının, qəzəl, qoşma, gəraylı, layla... və s. kimi, şeir formalarında bu qayda həmişə qorunmuş, ritm, ahəng, qafiyə, rədif, daxili təqti, heca, səs uzanmaları və s. poeziyanın əsas elementləri kimi poetik fikrin cazibədarlığını nizamlayan vasitələrdən olmuşdur. Müasir poeziyamızda yuxarıda sadaladığım poetexniki elementlərdən kənar, ancaq sözün məzmun qatında birikən poetik ruha əsaslanan sərbəst şeir forması da aktual poeziya nümunələrindəndir.

Məncə poeziya şairin xüsusi halıdır. Onu bir anın əlaməti olan şimşək çaxmasına da bənzətmək olar. Süjetli poeziya nümunələri, poema, mənzum pyeslərdə müəllifə təbii ki, lirik şeir yaradıcılığından fərqli olaraq, vaxt və lirik ricətlərə varmaq lazım gəlir ki, bunu şimşək çaxmasına bənzətmək çətindir.

Poeziya – şairin öz duyğuları ilə gizli görüşüdür.

Poeziya içimizdəki sakitliyin üsyanıdır.

Poeziya ruhumuzun fəryadıdır.

 

— Siz həm şairsiz, həm yaçızı, hər tərcüməçi, həm alim. 

Bütün bu sahələrdə eyni vaxtda fəaliyyət göstərmək sizin üçün çətinlik törətmir?

 

— Şeir, nəsr, elmi araşdırma, müəllimlik mənim ictimai həyatımın tamamlanmış ifadə formasıdır. Bunların hər biri beyin və ürək məhsulu olaraq, reallaşmaq üçün sanki öz növbəsini gözləyir. Həmişə, hər saat şeir gəlmir. Vaxt boşluğu elmi araşdırma və ya nəsr üçün müvafiqdir.

 

 

— Elm yolunda qarşılaşdığınız ağır maneələr və çətinliklər... Onları necə dəf edibsiniz? Bu gün gənc qızlar elmi araşdırmalara necə cəlb olunur,sizcə, onları ruhlandırmaq üçün nələrə diqqət yetirilməlidir?

 

—Elmi araşdırma zamanı çətinliyim olmayıb. Amma işi başa vurub, müdafiə etmək işi mənə baha başa gəlib. Yəni müdafiəmə maneçilik törətmək istəyənlər olub. Mən misilsiz yazıçımız, repressiya qurbanı “Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” və “Qan içində” romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunla namizədlik dissertasiyası yazıb müdafiəyə təqdim etmişdim. Müdafiə vaxtı Elmi Şura üzvrlərindən biri – ermənipərəst alim iclasdan qaçdı ki, müdafiə baş tutmasın. Və o da bunu iki dəfə təkrar etməklə mənim müdafiəmi iki il geri saldı. Axır ki, müdafiə etdim və işi Moskvaya AAK-na təsdiqə göndərdik. Həmin adam ora da ononim məktub yazdı. Ordan işimi Türkmənistana “Çernıy opponent” deyilən rəyə göndərdilər. Ordan müsbət rəy gələndən sonra – bu da 2 il çəkdi – dissertasiyam elmlər namizədi adına təsdiq olundu.

Bütün ictimai fəaliyyətim maneələr və qısqanclıqlarla müşaaiyət olunub.

Hazırda gənclərdə elmi araşdırmalara bir elə maraq görmürəm. Amma gənc qızlara məsləhətim budur ki, elm yolu çətindir, şərəflidir... Bu yola çıxanda ilk növbədə özlərinin daxili aləmini, bu sahəyə həvəsini, fədakarlığını, psixoloji hücumlara məruz qalma hallarını göz altına alsınlar və özlərini daxilən bu çətinliklərə qarşı mübarizə ruhuna hazırlasınlar. İkinci məsləhətim budur ki, əgər mövcud sahədə elmə yenilik gətirə bilməyəcəklərsə, quru ad naminə bu işə girişməsinlər.

Onları həvəsləndirmək üçün əlimdə əsaslı dəlillərim yoxdur.

 

— Ədəbiyyatda sizin üçün ən önəmli anlayış nədir? Məs: dövrün ruhu, müəllif şəxsiyyəti, yoxsa əsərin problematikası?

 

— Təbii ki, yaradıcılıq bunların hər üçünü vacib sayır. Nədən ki, yaranan hər hansı əsər öz dövrünün məhsulu kimi, həmin dövr barəsində gələcəyə az da olsa informasiya ötürür. Məs: M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov və s. kimi yazıçılarımızın zəngin yaradıcılığı buna misal ola bilər.

Məncə müəllif əsərini yaradarkən tamam obyektiv mövqedən təqdim etməli; tendensiya nümayiş etdirməməlidir. Problematika şübhəsiz ki, zaman və məkan hüdudlarında əsərdə öz bədii ifadəsini tapır.

 

— Cəmiyyətdə bədii sənət və elm sahiblərinin dəyəri sizcə yetərincə bilinirmi?

 

— Təəssüf ki, yox.

 

— “Fədakarlıq” deyimi sizin həyatanızda hansı hadisələrlə bağlıdır?

 

— Bütün həyatım “fədakarlıq” deyiminə ekvivalentdir. 

Hər addımım maneələr, hədə-qorxular, sui-qəsdlər, təhdidlər, “təsadüfi” qəzalar, gətirməzliklərlə müşaiyət olunub. Mən Təhsil, elm, sənət, peşə uğrunda keçdiyim yolu mübarizə yox, müharibə yolu adlandırıram.

 

—Sizin üçün “yazıçı və alim qadın” obrazının spesifik özəllikləri nədən ibarətdir?

 

—Yazıçı və alim qadın ya gərək ailə qurmasın, ya da bəxti gətirsə, qədirbilən, özü kimi elmə, sənətə qiymət verməyi bacaran biri ilə həyatını birləşdirsin. Olmaya-olmaya şair olub, şairlik iddiasında olan birinə qismət olsun... O ta fəlakətdir... Qadın sənət adamları sırasında çox az adam olar ki, həm ailə, həm də sənət sahəsində xoşbəxt olsun.

 

— Bir qadın, yazıçı, alim və insan olaraq özünüzü bir cümlə ilə necə ifadə edərsiniz, sizin fikrinizdə, elm nədir? Öyrənmək, anlamaq, yoxsa qəbul etmək?

 

 —Bir qədər gənc olsaydım, bütün bu titullara (Qadın, yazıçı, alim, insan) nail olduğum üçün özümü “qəhrəman” adlandırardım. Amma indi – 85 yaşımda – “əzabkeş” adlandırıram. O ki qaldı, öyrənmək, anlamaq, qəbul etməyə... Bəli, elm öyrənməkdir, anlamaqdır, ancaq kor-koranə qəbul etməyin tərəfdarı deyiləm. Əgər obyektiv həqiqətlərin mütləq göstəricisidirsə, qəbul edirəm, nədən ki, bunun özü öyrətmək və anlamağa aparan yolun başlanğıcıdır.

 

—Cələgəyin ədəbiyyatı sizin təsəvvürünüzdə necə görünür?  Süni intellektdə əslində insan qəlbinin həyacanı öz dəyərini itirmirmi?

 

—Süni intellekt gələcəyin ədəbiyyatını da yaradacaqsa, bu ya dedektiv, ya da epistolyar janrlarda olacaq. Bəli süni intellekt insan qəlbinin incəlikləri bütünlüklə ifadə edə bilməz. O daha çox, onu proqramlaşdıranın daxilini mənimsəyəcək. Həmin proqramistin psixolojiyasına motivləşdiyindən ümumilikdə insani keyfiyyət qazana bilməz.

 

— Sizcə Azərbaycanda qadın alimlərin cəmiyyətdəki nüfuzu necə artır və inkişaf edir?

 

—Ölkəmizdə alim, şair, sənətkar qadınların nüfuzunun artması xüsusi diqqətə ehtiyacı olan məsələlərdəndir.

 

—Ölkəmizdə analiz etdiyimiz, lakin qələmə ala bilmədiyimiz hansı həqiqətləriniz var? Xəyalınızın ardından gedərkən özünüzdən belə uzaqlaşdığınızı heç hiss edibsinizmi?

 

 

 —Sualın birinci hissəsinə qısaca cavab olaraq deyə bilərəm ki, belə həqiqətlər çoxdur və xırdalamağa lüzum görmürəm. Sualın ikinci hissəsi gəncliyimdə belə hallar çox olub. İndi artıq xəyaldan uzağam. Acı həqiqətlər hücrəsində tənha sakinəm.

 

—Viktor Hüqo deyirdi: Göydən daha gözəl mənzərə var, bu insanın qəlbinin dərinliyidir”. Sizcə, bu günün şair və yazıçıları insan qəlbinin bu dərinliyinə nə dərəcədə enə bilib?

 

—Heç kim heç kimi özündən yaxşı tanıya bilməz. Hərçənd ki, şairlər insan qəlbinin mühəndisləridir deyib ulular. Ancaq başqasının dərdini, sevincini qəlbinə köçürməyi, o emosiyaları özününküləşdirməyi bacaran şairlər bu dərinliyə enə bilər. Bu məqamda isə şeir şairin qələmində “mən” nidası ilə səslənir. 

Bu isə cənab şairi vurmaq üçün tənqidçiçilərin əlinə fürsət kimi düşür. “Filan şair özünü yazır”. Halbuki o şeiri oxuyanların bir qismi orada öz dərdini görür, öz dərdini oxuyur. Üzgüçülər peşəsinin belə bir qolu da var – “dərinlik üzgüçüləri”.

İnsan qəlbinə enmək üçün şairdə dərinliyə enmək və qınaqlardan inciməmək xisləti olmalıdır. Bir də, burada ictimai fikir, tənqidin “Sovet” ab-havası ilə nəfəs almaq da az rol oynamır. İndi yazan çoxdur. Təbii ki, hamını izləmək olmur. Amma insan qəlbinin dərinliklərinə enib oradan mirvari tapmaq da hər şairin işi deyil.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.