“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə İltimas Səmiminin şeirləri təqdim edilir.
İltimas SƏMİMİ
YOX OLAR
Səni xatırlayanlardan
Biri belə
Kövrəlmədi.
Yoxluğuna nə göy qaraldı,
Nə yer üşüdü.
Sənsizlik belə başladı,
Belə də ötəcək...
Doğmaların yaddaşında
Yaxasını cıran acı xatirələrin
Köz-köz sönər.
Əlləri qoynunda
Xəyallara qərq olmuş
Neçə söz
Payız yarpağı kimi soldu.
Yoxluğuna
Nə zaman dayanar,
Nə də göy üzündə günəş
Yox olar.
OYANA
Arzular məzarlığına dönən
Bu yarımçıq ömür
Kimindir?
Bir az göz yaşı,
Bir az da hicran qoxuyur.
Üstündən ayrılıqlar
Yol salıb,
Ölümə üz tutanlar
Ağır-ağır yeriyir.
Yaşamaq kəlməsi
Göz yaşı sıxmaqdadır.
Şirin bir yuxuya sarılıb
Ömrü bitirməyənlər
Mümkün deyil oyana.
SİLİNƏR
Ovcunu bərk sıx,
Yollar qaçar əlindən.
Ayağın altında torpaq
Diksinər,
İçində yuxusu qarışmış
Arzuların
Yarpaq-yarpaq saralar.
Təsəllin bir qarış yol,
Bir qaşıq ümiddir.
Nə yol bitir,
Nə ümid.
Bu sükut alın yazındır,
Bütün cığırlar ayrılığa aparır.
Yer üzünə kölgə tökən
Bu qaranlıq gecə
Taleyini oxuyur.
Kiri, qoy küləklər əsməsin,
Yer üzündə bütün xatirələr silinər...
ADA KİMİ
Sığalmı istədin?
Küləklər əsdi.
Qəfil bir yaz yağışı
Yollara süzülən
Bütün göz yaşlarını yudu.
İndi Yer üzündə
Bir "Əlvida" kəlməsi
Göyərməkdədir.
Kölgəsində tənha bir qoca
Xatirələrə qərq olub.
Qayğılardan sıxılan ürəyi
Dənizdə,
Üstündə qara ruhlar dolaşan
Kiçik bir ada kimi...
BİRCƏ XATİRƏ QALIR
O gözlərdən uzaq düşmək
Qəfil ölümlə
Üz-üzə gəlməkdir.
Hər şey bitmiş kimi...
Evin bir küncünə
Qısılıb ağlamaqdan başqa
Sevənlərin əlindən
Nə gəlir ki?
Ona da vaxt olsa.
İntizar bir yandan,
Həsrət bir yandan.
Səhər nə vaxt doğuldu,
Gün nə tez ötüşdü,
Axşam nə tez düşdü?..
Sevənlərə yeltək ötən zamandan
Bircə xatirə qalır...
YAVAŞ-YAVAŞ İTƏCƏKSƏN
Sevdiyin insanlar da
Çıxıb gedəcək,
Yorğun baxışlarından
Heç nə duya bilməz sən.
Qaranlıq gecədə
Başının üstündən
Qara ruhlar dolaşar.
Qorxulu yuxular,
Qulağına axan səslər
Səni bir an da rahat qoymaz.
Ürəyini didən
Ölüm xofu,
Yaddaşından silinməyən
Bir nakam sevgi saçlarını yolacaq.
Sən o sevginin kölgəsində
Yavaş-yavaş itəcəksən...
AXTARMAQDADIR
Yorulub əldən düşdü:
Kim hansı qapıda,
Hansı tində,
Hansı küçədə?
Şəhər sükut içində,
Hava da göz yaşı
Qoxuyur.
Balıqsız dəniz kimi,
Bu şəhərin küçələrində
Bir kimsə yox.
Qara ruhlar dolaşır.
Yollar yorulub,
Bir yarpaq pıçıltısına
Həsrət qalıb elə bil.
Əllərim qaranlığa
Qərq olmuş küçələrdə
İtirdiyim günləri axtarmaqdadır...
QARA EDİB
Üz tutub qarşıdakı
O divara da
Bir kəlmə söz de.
Daşqəlbli insanlartək
Soyuqanlı...
Önündə qan tökülsə də,
Yenə susar.
Kilidləmiş o ağ qapı
Heç kimin üzünə açılmaz.
O ağ qapıya üz tutanlar
Ümidinin hər şeydən
Üzüldüyünü bilib
Hönkür-hönkür ağlayarlar.
Elə bil dar ağacıdır,
Cəllad kötüyüdür,
Qəfil çaxan bir güllədir.
O ağ qapı ağ olsa da,
Çox insanın taleyini qara edib...
“Ədəbiyyat və incəsənət”
(12.06.2025)