OXUCULARIMIZIN YARADICILIĞI - Pərvanə Əliqızı, “Sözsüz musiqi” Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında bu gün sizlərə Pərvanə Əliqızının “Sözsüz musiqi” hekayəsini təqdim edir.

 

 Evində ilk dəfəydi  özünü yad hiss edirdi.  Hər gün yüz dəfə gördüyü əşyalar indi başqa cür görünürdü gözünə. Bu pianonu bura kim qoymuşdu? 25 il idi qonaq otağının qapısı ilə üz-üzə qoyulmuş pianonu elə bil indi görürdü. Niyə özünə bu sualı indi verirdi? Pianonun qoyulduğu divardan asılmış, çoxdan dəbi keçmiş , içərisi sarı-qırmızı güllərlə bəzədilmiş, qəhvəyi çərçivəli saat yeni təmirdən çıxmış evin interyer dizaynı ilə uyğunlaşmırdı. Otağa müasir dəbə uyğun ağ rəngli mebellər, vitrin servant, masa, stullar, divan və kreslo qoyulmuşdu. Nə qədər qəribə görünsə də jurnal stolunun üstündə hər zaman köhnə not dəftərləri toxunulmaz olaraq qalırdı. İndi onun fikrini məşğul edən piano divanın yanına zorla yerləşdirilmişdi.

Əşyaların bir-birinə zidd düzülüşü, evin dizaynerinin bu gündən qopub, çox uzaq keçmişə düşdüyü hissini yaradırdı. Təmirdən sonra  hər iki qızı israr edirdi ki, bu köhnə pianonu ya satsınlar, ya da kiməsə bağışlasınlar. Qızlardan biri deyirdi ki, piano divar kağızlarının rənginə uyğunlaşmır, otağın bütün yaraşığını pozur. O  biri də köhnə not dəftərlərinin heç kimə lazım olmadığını deyirdi. O, isə onlarla razılaşmırdı. “Mən öz evimdə nəyi haraya qoyacağımı yaxşı bilirəm” – cavabını verirdi. Hətta atalarından boşandığı üçün hər zaman onu qınayan qızları bu dəfə, baltanı lap kökündən vurmuşdular.

-Atamızı bu piano qədər evdə görmək istəsəydin indi yanımızda olardı - demişdilər

-Atanız sizi istəsəydi, getməzdi – cavabı acı olmuşdu. Öz dediyinə özü də inanmamışdı. Hər iki əşyanı yerindən tərpətmək, onun öz inadından dönməsi demək idi . O, bunu heç vaxt bacarmamışdı. Üzdə hiss etdirmək istəməsə də, ürəyində qızlarına haqq verirdi. Həyat yoldaşıyla ayrılandan sonra bütün hirsini, hikkəsini bu cansız əşyalara tökmüşdü.  Evi yır-yığış edəndə mebel yağında islatdığı əskini elə əsəbi vəziyyətdə pianonun üstünə çəkirdi ki, elə bil əlinin altında kiminsə qabırğalarını xıncımlayırdı. Elə vaxt olurdu pianonu qarşısına qoyub, ittiham  edirdi. Sahibinin barmağı toxunmayalı, lal olmuş alət yazıq-yazıq susur, köhnə saat əqrəbini çıqqıldadıb gördüklərini, eşitdiklərini yaddaşına yazırdı. Böyük qızı Nilay ayrılıqlarını tez qəbullanmışdı, atası ilə həftəsonu görüşləri,  istədiyi hədiyyələrin alınması onu sakitləşdirirdi. Kiçik qızı Şəbnəm isə atasının gedişiylə barışa bilmirdi. 18 yaşında ailə qurub evdən köçəndə anasına– Atamın baş alıb, getdiyi bu evdə çox qalmaq istəmirəm, - demişdi. Ərinin ikinci dəfə ailə qurmağından xəbər tutanda ittihamlarını təsdiqləmək üçün əlinə fürsət düşmüşdü . Qızlarının yanında təzədən coşub; - Öyündüyünüz atanız bunu da etdi. İkinci dəfə evləndi- demişdi.

Anasının qəzəbinin qabağında Nilay səssiz qalmış, Şəbnəm isə heç vaxt tərəfini vermədiyi atasını müdafiə etmişdi;- Hər kəs kimi atamın da rahat evə, ailəyə ehtiyacı var. Mən bunu özüm ailə qurandan sonra başa düşmüşəm.

Hirsini cilovlaya bilməyib, - Onda get atanın bəzək - düzəkli arvadı sənə analıq eləsin!  - demişdi. Eşitdiklərindən sonra Şəbnəm bir söz deməyib, balaca qızının əlindən tutub, öz evinə getmişdi.

 O, da öz otağına çəkilib, niyə ağladığını bilmədən səhərə qədər ağlamışdı .

 

Bu gün 40-cı gün idi, həyat yoldaşı dünyada yox idi. Ərinin  qəfil ölüm xəbərini eşidəndə belə sarsılacağını bilmirdi. Eşitdiyi xəbərdən ürəyində nəsə cingiltiylə qopub düşmüş, sonra isə sinəsindən çiyinlərinə, boynuna, sifətinə, saçlarının dibinə qədər göynərti dolu bir istilik qalxmışdı, elə bil bədəninə xardal çəkilmişdi. Bir-birinə sarılıb, hönkürən qızlarını görəndə ağlamaq istəmişdi, amma bacarmamışdı. Qızlar illər uzunu atalarının kölgəsini qılınclayan ananın birdən-birə ürəyinin yumşalmasına inanmazdılar. Əvvəl yas məclisinə  getmək istəməmişdi;- Onsuz da orada kimsə məni görmək istəmir -deyib, geri çəkilməyi fikrindən keçirmişdi. Ancaq övladlarını belə ağır gündə tək qoymaq istəməmişdi.

Məclisdə bütün fikri, diqqəti  onun ikinci həyat yoldaşındaydı. Qadın aram bilmədən ağlayır, ürəyi sıxılanda başını Şəbnəmin sinəsinə söykəyib, -“Atandan sonra məni tək qoyma, körpə qardaşının sənə çox ehtiyacı var. “-deyirdi. Ürəyində qəribə bir qısqanclıq baş qaldırmışdı, ərini “əlindən alan” bu qadın deyəsən qızını da ondan almaq istəyirdi.

Görəsən doğurdanmı, ərini əlindən o qadın almışdı? Onun ölümü sanki amonyak turşusu kimi kindən, qəzəbdən pas tutmuş beyninin  pasını parçalayır və yavaş-yavaş özünə etiraf edə bilmədiklərini dilinə gətirməyə məcbur edirdi. Gənclik illərində  yazdığı  mahnıları eşitdikcə, orada özünə aid duyğuları hiss etdikcə, az qala qanadlanıb, uçurdu. Xəyalları ona məşhur bəstəkarın həyat yoldaşı olmağın şöhrətini yaşadırdı. Hərdən bu cür şöhrətpərəst xəyallarından söz açanda, həyat yoldaşı gülür;- şöhrət asan qazanılmır - deyirdi. Ailə quranda, əri musiqi məktəbində fortepiano müəllimi işləyirdi. Onunla birlikdə çalışan müəllimlərin çoxusu Şaiqin onlardan qat-qat istedadlı olduğunu deyirdilər.  Bu sözləri eşitdikcə, həvəslənib ərini toylara musiqiçi kimi getməyə, tanınan müğənnilərlə tanış olmağa, yazdığı mahnıları onlara baha qiymətə satmağa məcbur edirdi.

Bu sözləri eşidəndə əri təəssüf hissiylə ona baxır, toy bizim ən gözəl adətimizdir, ancaq mən toylarda müştəri axtaran bəstəkar deyiləm. Zamanı gələndə sənətim öz qiymətini tapacaq – deyirdi.

İstədiyini ala bilməyəndə, qiyamət qoparan uşaqlar kimi dava-dalaş salır, “nə zaman olacaq bu xeyir iş” deyirdi. “Bu gedişlə sənin mahnıların heç kimə gərək olmayacaq. Mən  düşünürdüm sənətkarla evlənirəm, gözəl həyatım olacaq. Qəpik-quruş qazanan müəllimlikdən o yana keçə bilmədin.”

Hər dəfə belə qınaqlardan sonra ərinin onunla  az danışmağa çalışdığını gördükcə,  qəzəbi şiddətlənirdi. Özünün yanındaca not dəftərlərini gərəksiz əşya kimi bir kənara tullayırdı.

Əri axır vaxtlarda  bəstələrini evdə yazmır, məktəbin direktorundan icazə alıb, hər kəs gedəndən sonra məktəbdə qalıb işləyirdi. Hətta otağının şkafında saxladığı bəstələrinin bir neçəsini  itirmişdi. Son zamanlarda  evə gec gəlməsi münasibətlərinin daha çox soyumasına səbəb olmuşdu.  O, mübahisədən qaçmağa çalışdıqca, Həcər” fitili çəkilmiş qumbaraya “çevrilirdi. Hər gün səbəbli - səbəbsiz dava-dalaşlardan, uşaqlarının yanında cılızlaşıb, kiçilməkdən bezərək, nəhayət əri dözməyib ayrılmağa qərar vermişdi. Evdən gedəndə bir neçə not dəftəri ilə geyimlərindən başqa heç nə aparmamışdı.

Üzdə onun kölgəsini qılınclasa da, ürəyində geri dönməsini istəyir, zəhərtuluğuna dönmüş dilini lənətləyirdi. Nədənsə, evdə qalan piano qəlbini qırdığı adamın nə zamansa, bu evədönəcəyi ümidini onun ürəyində sönməyə qoymurdu. Bu ümidin bir hissəsi onun  ikinci dəfə  evləndiyini eşidəndə qırılmışdı.  Yenə də özünü sındırmamış, “onun övladları mənim yanımdadır, dönər” deyib, ümidini tam ölməyə qoymamışdı. Yeni təmirə başlayanda not dəftərlərinin arasından tapdığı, keçmiş ərinin öz xəttiylə yazılmış bu sözləri  ona ümid verirdi.

“Ümid sıldırım qayada bitən çiçək kimidir. Onu yaşatmaq üçün bəzən susuzluğa, bəzən daşları qızdırıb, ləçəklərini yandıran günəşə, bəzən də saçlarını yolan dəli küləklərə sinə gərməlisən...Bəzən ümidini yaşadan elə ümidin özüdür... “

Ayrılandan sonra ilk dəfə məşhur bir müğənninin ifasında eşitdiyi “Qayıdaram “ adlı mahnı ona yaman təsir etmişdi, oturub axıra qədər dinlədikdən sonra müğənni müəlliflərin, şairin və bəstəkarın adını deyəndə qulaqlarına inanmamışdı.  Sevinsinmi, yoxsa qəzəblənsinmi, bilmirdi.  “Bunu edəcəkdinsə, niyə vaxtında, zamanında etmədin, elə bil fürsət gəzirmişsən ayrılmağa!” – deyib  günahı yenə  onun üstünə atmışdı. Təzə mahnı çox böyük uğur qazanmışdı. Hisslərini sözlə deyə bilməyən, təsəllini lirik mahnıların xəfifliyində tapan gənclər, onun mahnılarını telefonun zəng melodiyası kimi istifadə edirdilər. Elə gün olmurdu ki,  küçədə yanından keçən gənclərin zəngində bu musiqini eşitməsin. Atalarının uğuruna sevinən övladları bütün gün evdə eyni mahnıları zümzümə edib, dururdular. Hər ikisinin  arzuları çın olmuşdu, amma hər şeyi itirəndən sonra.

Qəzəbi, təkəbbürü və şöhrət arzusu onu məğlub etmişdi. Məğlubiyyətdən geriyə qalan isə peşmanlıq və tənhalıq olmuşdu. Ərinin kövrək, qəmli notlara köklənmiş bəstələrini dinlədikcə, onun  qınayıcı baxışları təkrar gözlərində canlanırdı. Hər an ona peşmançılığını xatırladan bu mahnıları heç sevmirdi, əlacı olsaydı qulaqlarını bağlayıb gəzərdi.

Qırx gün onsuz yaşadığı iyirmi beş ildən uzun gəlmişdi. Əvvəllər heç olmasa ona qəzəblənir, danışır-deyinir, ürəyini boşaldırdı. İndi nə deyərdi? Daha deməyə sözu qalmamışdı. Keçmiş ərinin ölümündən sonra elə bil cansız piano “bəraət almışdı “. Evdə tək- tənha gəzinə - gəzinə arada əlləri ilə köhnə pianonu tumarlayır, qəhərdən böyümüş gözlərini divardakı saatın əqrəblərinə zilləyir, o da öz növbəsində çıqqıldaya – çıqqıldaya həsrət dol , sözsüz musiqisini çalırdı.

Bəlkə də qızlarının sözlərinə qulaq asmamaqda düz eləmişdi, bu köhnə dostları olmasaydı, evdəki təzə əşyalar nə bilirdi onun yaşadığı peşmanlığın səbəbi nədir.  Aralarında beş il yaş fərqi vardı. Əri əlli beş yaşın tamamında dünyadan köçmüşdü. O, artıq qocalmayacaqdı.Tənha qoyub getdiyi qadın isə özünü bu gündən yüz ilin qarısı kimi hiss edirdi.

5 – 10 dəqiqədən sonra qızları gələcəkdi, birlikdə mərasim evinə gedəcəkdilər və beləcə onunla bağlı ömür dəftərinin bütün səhifələri qapanacaqdı. O, getmişdi, qadın isə peşmanlığı ilə baş-başa qalmışdı.

Mərasim evinin qapısından girəndə  ilk gördüyü ərinin şəkli oldu. Yana meyillənmiş çənəsini baş barmağı ilə şəhadət barmağının arasına almış, gənc yaşlarından ağarıb, çallaşmağa başlamış gur saçları yana daranmışdı. Gözlərindəki kədər üzünün sakit, mülayim ifadəsinə bir az da kövrəklik qatmışdı. Bir anlıq ona elə gəldi ki,  gecikməsi ərini belə “kövrəldib”, sonra məclisə nəzər saldı. Şəklin lap qarşısında  böyük masa qoyulmuşdu. Tən ortada üzunə baxmaq istəmədiyi qadın, yanında məclisin mərsiyyəxanı və keçmiş baldızları oturmuşdu. Onların yanındakı boş stullar isə qızları üçün nəzərdə tutulmuşdu. Qızları sakitcə keçib öz yerlərində oturduqdan sonra çaşqınlıqla ətrafa baxdı, deyəsən onun gəlməyinin heç kəs üçün əhəmiyyəti qalmamışdı.

Bir vaxtlar  bu ailənin üzvü idi. İndi isə kimsəsiz, əyilmiş qəddini  heç kim görmürdü, ya da görmək istəmirdi. Keçirdiyi hisslərin təsirindən kiçildikcə, kiçilmək  gözə görünməz olmaq istəyirdi.  Yavaş-yavaş anlayırdı  hər kəsin qarşısında kiçilmək, alçalmaq nə imiş. 

Məclisdə kimsə  ona toxunan söz deməmişdi, sadəcə hər kəs susmuşdu. Hər kəs özünü görməzliyə vurmuşdu. İnsanlardan mərhəmət umduğu vaxtda laqeyidliklə üzləşmişdi.

Ərinin öldüyü gün danışmağa taqəti olmayan o qadın  bu gün dərddən dil açmışdı. Elə hey ərinin həssas insan olmağından, ona və oğluna necə qayğı göstərməyindən,  bir yerdə yaşadıqlar illərin ömrünün ən gözəl, əvəzedilməz illəri olduğundan  yana-yana danışırdı. Onun sənətinə həyat yoldaşı kimi yox,  sənətini sevən biri kimi hörmət etdiyindən, gözəl əsərlər yaratmaq üçün ruhlandırdığından söhbət açırdı. Bir vaxtlar özünün gördüyü bu qayğıdan, diqqətdən başqa qadının danışmağına dözə bilmədi. Onu ən çox incidən  başqa bir qadının ərini ondan yaxşı anlaması idi. Axı  niyə bunları görə bilməmişdi, niyə öz əliylə onu yad bir qadına vermişdi? Niyə bu qırx gündə “Ağlasam riyakarlıq etdiyimi düşünərlər” deyib, susmuşdu? Niyə?

Artıq susa bilmədi, məclisi bürüyən hıçqırtıları hər kəsin səsini batırmışdı. Susmaq niyyəti yox idi. Çünki ayrı düşdükləri ayrılığın, artıq heç bir ümid yeri qalmamışdı. Sonuncu ümidinin öldüyü günün qırxıncı günüydü bu gün...

Hər ikisi  sevdikləri insanı ömürlük itirmişdilər, ortada yeganə fərq vardı: həmin qadın onu ömürlük sevgiylə, o, isə ömürlük peşmanlıqla xatırlayacaqdı.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.