Yıxılacaqsan uşağının yatağından, sevgilərin otağından… - ŞEİRLƏR Featured

İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün oxuculara iki yeni şeirimi təqdim edirəm. Onlar bir qədər ənənəvi deyil. Onlarda işıq axtarmaq boşunadır, onlarda daha çox zülmət var. Amma ən kəskin zülmət də lazımdır ki, bir noxud boyda işığın dəlisinə çevriləsən.

 

 

DÖRDÜNCÜ BARMAQ

 

Bəh-bəh…

Nə pis oldu.

Dərdlərimə vaxt ayırmağım.

Nəhayət nifrət etdiyimi tapdım özümdə.

Ən doğma yadlara,

ən yad doğmalara and olsun ki,

insan doqquz barmaqlı qalanda,

misralarını nişanlandırıb,

şeirləri ilə evləndirir.

Həmin o barmaqsa, xatirələri dilləndirir.

Atama qismət olmayan sevgi

mənə də qismət olmadı.

Bilirəm…

İndi bizi “Heç nə” yoracaq.

Sənsə getdin

mənim sərhədlərimi kim qoruyacaq?

Böyüdün xoş gününü gördüm…

Böyüdün ən xoş gününü gördüm.

Atalığımı bəyənmədin.

Öz sevginlə öyünmədin.

Dama-dama böyütdüyümü

aldılar əlimdən,

hansı söz çıxsa da dilimdən,

yıxılacaqsan

uşağının yatağından,

sevgilərin otağından,

sıxılacaqsan silahın darağından

olanların yaddaşına.

Yalvaracaqsan xatirələrin qardaşına.

Səni keçmişin qulağından tutub

aparacaq o biri otağın başına.

Nişanlar yəqin ki sevgidən bezir.

Ona görə də, ümidlər

dördüncü barmağı kəsir.

İndi rəhmət diləyirəm

bir şairin kitabına,

bir əyyaşın içilməyən şərabına,

sən isə tapşırıram günahkar savabına.

İndidən sonra yüzlərlə şeir tüpürəcəm

sənin şərəfinə…

 

 

ŞEİRİYYATIN SONUNCU ŞEİRİ

 

Mənə düşman kimi baxmağını istəyirəm

peşman kimi yox.

Sən düşmanım olanda,

sən sən kimi olursan.

Sən peşman baxanda mənə dönüşürsən.

İndi hər xoşbəxt ailəni

bizə oxşadıram.

Sənsə düşünürəm ki,

getdiyin hər yerdə

ofisiantlara bəxşiş verəcəksən.

Sənə mənim xidmət etdiyimi düşünəcəksən.

Xəyallarımız naminə

etdiyim xidmətlərə bəxşiş düşməyəcək.

Artıq sənə yazmalı olduğum

ən pis şeiri yazacağam.

Yəqin ki, bu gündən sonra

çətin qələm alam əlimə.

Bir də ki, hər cücəni əzizləyəndə

ona “Göyərçin” deyəcəyəm.

160 nömrəli avtobusa

həmişə səninlə minəcəyəm.

Sən mənim ən düzgün səhvimsən.

Daha sən mənim güvənməmək vərdişimsən.

Sənə xəyallarla yox,

uşaqlarınla oynamağı arzu edirəm.

Sən yaxşı ana olacaqsan.

Yaxşı ana, yaxşı insan olmaqdan

daha asandır çünki.

Səni bağışlayıram

Atalıq haqqımın xatirinə.

Sənə xoşbəxt ol - deyirəm

insanlıq haqqımın xatirinə.

Mən hər şeyin

yaxşısını bildiyimi düşünürdüm.

Ta ki, xırda bir xatirə

mənimlə lağ edənə qədər.

Bizi gözəl unut.

Bizi gözəl gizlə

ər qınağından.

Bizi gözəl anlat

övladından, uşağından.

Çünki biz sənin tək uğrunuq.

İkimiz də 

başqa həyatlara vurğunuq.

İndi isə sənə əlvida deyirəm…

Torpaqdan bir sümük çıxardıb

qucaqlamaq istəsəm də.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.