BİRİ İKİSİNDƏ Ceyhun Ötkəmin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində növbəti şeir vaxtı yetişib, sizlərə Ceyhun Ötkəmin şeirləri təqdim edilir.

 

 

***

 

fənər tut hər kəsin üzünə bir-bir,

aman ver, axtarım tapım özümü...

ömür vaxtı deyil bu darmacalda

zaman ver, axtarım tapım özümü...

 

yox ikən var oldum, var isəm, yoxam,

özümə çatmağa atılmış oxam,

qorxuram səhv düşəm, yadımdan çıxam,

nişan ver, axtarım tapım özümü...

 

ən üstdə bir ev var-qapısı altda,

durmuşam o evin çatısı altda...

itmişəm alnımın yazısı altda,

pozan ver, axtarım tapım özümü...

 

*** 

 

mən bir günəbaxan olsam günəbaxanlar cərgəsində,

pozaram bu qayidəni...

sənə baxaram...

pozuram bu qafiyəni,

mən günəbaxan deyiləm,

"sənəbaxanam"...

 

insanın yerəbaxanı,

kişinin falabaxanı,

qadının qarayaxanı,

xəstənin ələbaxanı,

ürəyin sözəbaxanı aciz olur...

 

mən nə yerəbaxanam,

nə günəbaxan...

mən sənəbaxanam...

sən günəşdən gözəlsən,

sən günəşdən günəşsən!

 

mən nə dostun başa,

nə düşmənin ayağa baxanıyam...

baxışım bayquş baxışının kəskinliyi...

özüm gözdən uzaq xarabaxanayam...

 

mən nə itin ulduza hürəni,

nə yetimin gözəgirəni,

nə də insanın uzaqgörəniyəm...

sevginin gözünün kor olduğu dünyanın

kor bucağından kor-peşman,

lal-peşman sənə baxıram...

 

***

 

üzümüz də yoxdu ki yağış umaq buluddan,

yağışın nə günahı? kimin üzünə yağsın?

tənbehlədim dərdimi, qəmimi buludlara,

dərdin üzünə dursun, qəmin üzünə yağsın...

 

soyuduqmu, sevgilim? payızmı canımıza

saldı soyuqdəyməni, gətirdi naxoşluğu?

qəfil bir şimşək çaxa, bölə bu qaranlığı,

qəfil bir dolu yağa, doldura bu boşluğu...

 

ağla, sevgilim, ağla... hayqır üzü dənizə,

bilirsən, balıqların dərində qulağı var...

ağla, sevgilim, ağla... danış bulud dilində,

buludun dili varsa, yerin də qulağı var...

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.