İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də gözəl əsərlər müəllifləri var ki, ədəbiyyat tariximizdə elə də reklam olunmayıblar və yaddaşlarda qalmayıblar. Halbuki, qalmağa layiqdirlər.
Şair, nasir Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi, Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır.
Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir.
Ədəbiyyatşünas və tərcüməçi Arif Abdullazadə 1966-cı ildə "Öztəmirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1977-ci ildə "Azərbaycan poeziyasında yaradıcılıq üslubları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. İlk bədii əsəri 1957-ci ildə dərc olunmuşdur. 5 romanın, 5 monoqrafiyanın və s. əsərlərin müəllifidir.
A.Abdullazadə Cəlil Məmmədquluzadənin Novruzəli, Usta Zeynal, Qurbanəli bəy, İskəndər, Hacı Həsənağa, Şeyx Nəsrullah və s. ədəbi qəhrəmanları haqqında silsiləvi şeirlər yazmışdır. Bu şeirlərdə həmin personajların poetik üslubda təhlili verilir, xarakter cizgiləri əks etdirilir.
Əsərləri 1. Arzular 2. Könüllərin dünyası 3. Hər yerdə, hər zaman 4. Ana dünyamız 5. Novatorluq və üslub 6. Sevin Azərbaycanı 7. Bir ovuc torpaq 8. Səninlə sənsiz 9. Şairlər və yollar 10. Duyum (roman)
2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)