“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün debüt vaxtıdır, sizlərə Turqut Mehmetinin hekayəsi təqdim edilir.
TURQUT MEHMETİ
SULAR HƏDİYYƏSİNİ GERİ ALIR
Napoleon, adəti üzrə, şahmatda Müqəddəs Yelena adasının yerlilərinə meydan oxumağa davam edirdi. Yeni şahmat taxtası və fil dişindən düzəldilən fiqurlar ilə qazandığı qələbələr ona daha da çox zövq verirdi. Bu şahmat dəsti ona hədiyyə idi, amma kimin göndərdiyi bəlli deyildi. Hədiyyəni çatdırmaq əmri almış əsgər adaya çatanda hədiyyəni təhvil verdikdən sonra ürəyi partlamışdı. Napoleon bu müəmmalı ölüm haqqında çox düşünmürdü, çünki onu maraqlandıran əsas şey əyləncə idi.
Şahmatdakı qələbələri ona Avropa torpaqlarındaki qüdrətini xatırladırdı. Adadakı acizliyinə baxmayaraq, Napoleon özünü şahmat taxtasındakı şaha bənzədirdi. Yerliləri məğlub etmək onun eqosunu təmin edirdi.
Davamlı şəkildə, ard-arda məğlub etdiyi yerlilərin arasında uzun, qara saçlı bir gənc qız hər zaman şahmat taxtasındakı oyunları pürdiqqət izləyirdi. Onun varlığı, qələbəlikdə o qədər də hiss olunmurdu, amma insanlar onun fərqinə vardıqda maraqla göz süzdürüb gənc qızın şahmata olan marağına heyrətlərini bildirirdilər. Gənc qız isə çox zaman utanıb qələbəlikdən uzaq qalardı.
Bu gənc qız özündən xeyli razı fatehin də diqqətinə cəlb etmişdi. Napoleon yerlilərdən soraqlaşıb qızın kim olduğunu öyrənməyə çalışırdı. Ada əhalisi bu qızı yaxşı tanıyırdı. Sakit bir yay günündə müəmmalı gəmi qəzasından sonra dəniz ləpələrinin adanın sahilinə gətirdiyi beşikdə tapılmışdı. Dənizçilər onu okeanın adıyla “Nereida”, ada sakinləri isə adanın adı ilə “Yelena” deyə çağırırdılar. Bu uzun saç, utancaq qız maraqlı gəlmişdi Napaleona. Onun haqqında daha çox şey öyrənmək istəyirdi. Yetim qızdan sevgi əsirgənmişdi.
Növbəti gün Napoleon üçün yeni rəqiblər və yeni qarşılaşmalar demək idi. Amma həmin gün gözlənilməyən bir şey baş verəcəkdi. Napoleon növbəti qələbəsini qazandıqdan sonra yerindən sıçradı və gur səs tonu ilə özündənrazı şəkildə ətrafa car çəkdi:
– Avropanın fatehi, taktika dühası Napoleona meydan oxumaq istəyən var?!
Və gözlənilmədən dənizçilərin Nereidası, yerlilərin Yelenası irəli yeriyib, qətiyyətli şəkildə "Mən!" dedi. Yelena Napoleonun cavabını gözləmədən şahmat taxtasının olduğu masanın arxasında yerini alıb başı ilə onu oyuna dəvət etdi. Və hər kəsin marağını çəkən qarşılaşma başladı.
Napoleon ağ fiqurlarla son dərəcə aqressiv şəkildə oyuna başladı. "Napoleon hücumu"ndan istifadə etməyə qərar verdi. Bu açılışdan tez bir zamanda oyundan qələbə ilə ayrılmaq istədiyi bəlli olurdu.
1. e4 1. e5 2. Vf3 2. Ac6 3. Fc4 3. Af6 həmlələrindən sonra taxtada vəziyyətdə tarazlıq yarandı. Ta ki Yelenanın 7-ci həmlə olaraq "Ah5" oynamağına qədər belə davam etdi. İstifadə etdiyi riskli açılışın müqabilini ağır ödəyən imperator 24-cü həmlədə məğlubiyyətlə barışmalı oldu.
Yelenadan başqa hər kəs heyrət içində idi,. O özünə əmin şəkildə başladığı oyunu qələbə ilə başa vurmuşdu. Napoleon isə uzun müddət masadan qalxmadı və qeydlərinə əsasən, məğlubiyyətinə gətirib çıxaran səhvlərini götür-qoy etdi.
Napoleon Yelenanın zəkasına aşiq olduğu fərqində idi. Uzun saçlı, utancaq bu qız Avropa fatehinin qəlbini fəth etmişdi. Eqosit, özündənrazı imperator məğlubiyyətdən zövq almışdı sanki. Məğlubiyyət hissini dadmaq onu narahat etmirdi.
Ertəsi gün Napoleon hər kəsdən iraq, öz iqamətgahına yaxın bir yerdə, ağacların arsında məğlubiyyəti haqqında düşünürdü. Qeyd dəftəri qarşısında açıq, fiqurlar isə taxta üzərində dünənki oyunda 24-cü gedişdən sonrakı vəziyyətdə düzülmüşdü. Qarşısındakılar bir tərəfə, Napoleonun ağlından çıxmayan tək şey Yelenanın zəka dolu həmlələri idi. Və təbii ki, Yelenanın özü.
Elə bu vaxt bu tablonun müəllifi ağacların arasından boylanarkən göründü. Cəsarətini toplayıb Napoleona yaxınlaşaraq dedi:
– C-c-cənab, dünənki oyuna görə üzr istəyirəm.
Napoleon hisslərini gizlədərək bütün ciddiyyəti ilə cavab verdi:
– Qələbənizlə qürur duya bilərsiniz, xanım qız. Mən məğlubiyyətə layiq oynadım və siz qələbə qazandınız.
Napoleonun alicənablığı gənc qızı heyran etmişdi. Utancaq səslə təşəkkür edib getmək istəyəndə Napoleon yenidən sözə başladı:
– Bu "su pərisi"nin başqa nə məharətləti var?
Yelena utandı və çaşqınlıq içində cavab verdi:
– Dua və ibadət etməyi çox sevirəm. Müqəddəs ata deyir ki, bu, mənim ailəmdən uzaq böyüməyimdən irəli gəlir. Məndən əsirgənən sevgini mənə Tanrı bəxş edir.
Napoleon gülümsədi. Yelena yenidən aradan çıxırmışcasına sürətlə geri çevrildi. Bu zaman uzun saçları şahmat fiqurlarından birinə sürtülərək onu aşırdı. Yelena bunun fərqinə varmadan oradan uzaqlaşdı. Buna kimi Napoleon Yelenanın gözəlliyinin fərqinə varmamışdı.
Aşan fiquru düzəltmək istəyəndə Napoleon fiqurun içinin açıldığını gördü. Bu onu təəccübləndirməmişdi. Onu diqqətini başqa bir şey cəlb etdi. Fiqurun içində bükülmüş, kiçik bir kağız parçası var idi. Napoleon maraqla bükümü açdı. Anladı ki, əlindəki Yelena adası və Avropa qitəsinin xəritəsinin kiçikmiqyaslı təsviridir. Digər fiqurlara əl atdı və hər birini açmağın mümkün olduğunu anladı. Fiqurların içərisindəki kağızları bir araya yığdıqda məlum oldu ki, ona göndərilən bu hədiyyə bir qaçış planıdır. Təcili şəkildə iqamətgahına yollandı və öz qeydlərini apardıqdan sonra qərar verdi: sabah gecə yarısı adadan qaçacaqdı.
Ertəsi gün həyəcanla oyandı. İntiqam hissi ilə yanıb-tutuşurdu. Bütün Avropanı və bütün dünyanı fəth edəcək gücü hiss edirdi özündə. Yatağından qalxdı və ən sevdiyi qiyafəsini geyindikdən sonra şəhər mərkəzinə yollandı. Bir növ, vidalaşmaq istəyirdi yerlilərlə.
Şəhər mərkəzində həmişəkindən fərqli olaraq, xaos deyil, sükut və hüzn hökm sürürdü. Napoleonu bu elə də narahat etmirdi, amma yenə də sakinlərin birindən xəbər almaq istədi. Yoldan keçən dənizçiyə yaxınlaşıb nə baş verdiyini soruşdu. Dənizçi dedi:
– Bu gecə dənizdə tufan olub. Tufan vaxtı Nereida sahildə gəzişirmiş. Sahilə vuran dalğalar onu da ağuşuna alıb aparıb. Yazıq qız! Tələf oldu.
Sular hədiyyəsini geri almışdı...
Bu xəbər soyuqqanlı Napoleonu dərindən sarsitdı. Həyəcanla başladığı gün onun üçün qiyamət gününə çevrildi. Öz iqamətgahına qayıdıb axşama kimi heç yerə çıxmadı. Axşam isə planı reallaşdırmaq məqsədi ilə sahilə gəldi. Uzun müddət coşqun okeanı seyr etdi. Hər şey hazır idi, amma ona getməyə mane olan nəsə var idi sanki. Bütün etməli olduğu, sadəcə, bir sal üzərində okeanı fəth etmək idi. Şərait onun üçün uyğun idi.
Bir müddət keçmiş, Napoleon sahildə ilişib qalmışdı. Sanki o, Yelenanın ruhunu narahat etməmək üçün okean sularına boyun əymişdi.
Uzun müddət dənizi seyr etdikdən sonra şahmat daşlarını çıxardı və hamısını dənizçilərin Nereidasına ərməğan etdi. Qüdrətli imperator Yelenanın əsirinə çevrilmişdi, ada bəhanə idi…
“Ədəbiyyat və incəsənət”
(30.05.2025)