“Bir ağrıyam, yaralı quş səsində” – ƏLİZADƏ NURİ Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə ustad şair Əlizadə Nurinin şeirləri təqdim edilir. 

 

FIRLANIR

 

Neçə acın yuxusunda

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib -

Dünyanın başı fırlanır.

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Sevsəm, yarpaq da çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi -

Nə qədər naşı fırlanır.

 

 

ÖMÜR YANMIŞ ZƏMİ KİMİ

  

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyir, bəlkə qandı -

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?!

 

Ömür yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...

 

 

NEYNİRƏM?

 

O söz məni ovsunlamaz, ay adam,

Nə məcazi, nə ecazı yoxdusa.

Bir hecası əsir idi Vətənin

Və-tən olmur bir hecası yoxdusa.

 

Əl tutmuşduq, oynayırdıq Ələmnən,

Bir ləl tapıb böldüm onu lələmnən.

...O, özünü bir gün vurdu qələmnən -

Neynəyəydi tapançası yoxdusa?!

 

Dağdan ağır bu minnəti neynirəm?

Sədəqətək sədaqəti neynirəm?

Dünya boyda imarəti neynirəm -

Sənə baxan bir bacası yoxdusa?!

 

 

SƏNİN ADINA ŞƏHƏR

 

Mən sənin adına şəhər salmışam,

İndi ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram -

Saçını sərmisən gecələrinə...

 

Özünə dərd edib bizim şəhəri

Bu xırda şəhərlər, bütün şəhərlər.

Mən sənin adına şəhər salmışam -

Qaçıb xəritədən bütün şəhərlər.

...Gəl, öz şəhərini göstərim sənə,

Uzaqda deyir ki, könlümə yatdı.

Mən sənin adına şəhər salmışam -

Ürəyim - şəhərin baş meydanıdı.

 

...Tikdim ürəyimin sahillərində,

Qorxdum gözlərimdən keçə, yan keçə.

Qala qapısıyam mən bu şəhərin -

Təkcə sənin adın qapıdan keçər.

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi: - sarayı, ya taxtı olsun.

Bir şəhər salmışam sənin adına -

Saldım ki, eşqin də paytaxtı olsun!

 

...Qapını gün açar, pəncərəni ay,

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim,

Sənə "Sevgi" adlı şəhər salmışam...

 

Girib bu şəhəri gəzirəm hərdən,

Çıxmaq istəyəndə kimsə "qal" deyir.

Sənə dünya boyda şəhər salmışam -

Gör sənə bu "şəhər" darısqal deyil?!

 

 

AĞ DİVİN ƏLİNDƏ…

 

Dostum Ələddin Məcidova

 

Bir də baxarsan ki, baxmağa bağ yox,

Bir də baxarsan ki, xəzandı dünya.

Bu ömür yolunda çaşdırar səni,

Dünyada ən böyük qəzandı dünya.

 

Bir gül də deyil ki - otdu, yoncadı,

Ağ divin əlində qara xonçadı.

Kiminin evində bir qazançadı,

Kiminin evində qazandı dünya.

 

Dəllalı danışar öz əvəzinə, 

Gülləsi at çapar söz əvəzinə.

Çalar baxtımızı saz əvəzinə,

Ozanı ölüb ki, ozandı dünya?!

 

Milyon əsri var, min çıxa bilsin...

Neynim, canımdan bu cin çıxa bilsin?

Qoymaz bir yuxumu çin çıxa bilsin,

Guya ki, yuxumu yozandı dünya.

 

Bilmirsən varmıdı, ya yoxdu ardı,

Bu boyda dünyadı, bəs niyə dardı?

...Sənin əllərindən tutub apardım -

Sən apardıqca uzandı dünya...

 

 

NƏDİR?

 

Aman, belə gözəl olmaz,

Yuxudu gördüyüm, nədir?

Əgər əllərim deyilsə,

Saçına hördüyüm nədir?

Bu Zəncandı, Marağadı,

Barı sənsən, bağ haradı?

Bu eldi, ya mağaradı -

İçinə girdiyim nədir?

 

Məni vursun - əgər haqsa,

Ölməyibsə - hələ sağsa.

Bu, özgə ilə yaşamaqsa

Səninçün öldüyüm nədir?

 

 

SƏHRADA GÜL

 

Sağ ol, könül, başını dik tutmusan,

Yan-yörəndə biganələr dolaşır.

Bir gül açıb yaxasını bülbülə,

Bu yaxada nə mənalar dolaşır...

 

Ney səsi var bu ahda, bu nalədə,

Ay da sirdi, nə varmış o halədə?

Şam da ölmüş... ətrafında hələ də

Sədaqətli pərvanələr dolaşır...

 

Baxtsıza bax, xəyalında baxt qurur,

O saat da hamı üçün vaxt qurub...

Məcnun eşqdən bir səhrada taxt qurub,

Min ildir ki, əfsanələr dolaşır.

 

Gün yox olub, rəngi qaçıb danın da,

Bir kölgəlik yer saxlayırsan yanında.

Mən də yoxam, bu dünyanın canında

Məndən qalan nişanələr dolaşır...

 

Bir ağrıyam, yaralı quş səsində,

Göz yaşı var o quşun nəğməsində.

Hamı yatıb gecənin kölgəsində,

Hamı yatıb... divanələr dolaşır...

 

 

GİZLƏNİB

 

Hamı elə sənsən, Allah,

Hamı səndə gizlənib.

Ömür sudu: - azdı, çoxdu -

Camı səndə gizlənib.

 

Adın üstündə hər nəyin: -

Otun, gülün, kəpənəyin.

Yediyimiz duz-çörəyin

Tamı səndə gizlənib.

 

Neçələrin, "necə"lərin, 

Bu üşüyən küçələrin,

Bu kor gözlü gecələrin

Şamı səndə gizlənib...

 

 

O

 

Uduzar, oyundan çıxar astaca,

Baş açmaz dünyanın qumarından o.

Tanıyar qəmləri ilk təmasdaca,

Tanıyar hər qəmi tumarından o.

Dili kəsilsə də, dillənib gedər,

Tək göyə əl açar - dilənib gedər...

Yolun yoxuşuna dirənib gedər,

Yıxılar yolların hamarından o.

 

Dostu göy üzüdü, özü kimdi bəs?

Quru bir bədəndə solğun bir nəfəs.

Özünü asmağa ip tapa bilməz -

Asar ürəyinin damarından o...

 

 

TÜFƏNG DƏ PEŞMAN OLACAQ

 

Sənə tarix dərsi keçər 

Daş üzünə duranda.

Neyləyərsən, sevgi gəlib

Yaş üzünə duranda?

 

Dəli çay həvəsdə ola,

Axan sudan bəstə ola...

Baharın məhbəsdə olar,

Qış üzünə duranda.

 

Göyü vurma, qan olacaq,

Tanrıdan fərman olacaq: -

Tüfəng də peşman olacaq

Quş üzünə duranda...

 

 

LABİRİNT

 

Əvvəl özünü itirər adam,

sonra başqalarını.

 

Ümid beşiyini asdığı

ağaclar kəsiləndə

yıxılıb ölür adam. 

 

Əvvəl arzularına yas saxlayarsan,

sonra da özünə.

...Üz tutduğun adamlar

üzünü qəzet oxuyurmuş kimi gizlətmişdi.

Qəzetin arxa tərəfində isə

ancaq bu sözlər yazılmışdı:

"Mən əclafam!"

 

Zökəmdən ölməkdənsə,

Dərddən ölmək daha faydalı -

ölürsən, bir dərd də ölür.

 

...Küləkli havanı da silməli olursan,

Çərpələng uçuran uşaqlara görə.

 

Böyük məqsədlər iflasa uğrayanda,

siqaret tərgitmək arzusunu da

adam özünə iş bilir.

 

...Tərs kimi 

doğmaların çoxu zalım olur -

Sən də doğmasan, ilahi...

 

 

GÖYƏ ÇÖP DAŞIYAN…

 

Bu qəmlə, bəlkə də tanış olmuşuq -

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün...

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün -

Mən Tanrı otağına yoxuşam, ana...

 

Daha bundan belə mən kiməm, nəyəm?

Bir bəxtin əynində qara köynəyəm.

Çəmən bitirməyən, ot bitirməyən

Səhraya tökülən yağışam, ana.

 

Bu ipi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib...

Xaraba salana xəbər eyləyin -

Mən o xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş,

Ölüm iynə imiş, ömür sap imiş...

İçdiyim süd imiş, ya şərab imiş -

Dünyaya gələndən sərxoşam, ana?!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.