BİRİ İKİSİNDƏ Sahibə Yusifin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində şeir vaxtıdır, sizlərə Sahibə Yusifin şeirləri təqdim edilir.

 

ŞEİR VAXTI

Sahibə YUSIF

 

***

Heç incinmiş ruh gördünmü?
Kirpiyində dərdin dəni…
Qismətinin dənizində
Ləngər vuran tənha gəmi?

Susqun baxıb fikrə dalan,
Dindirəndə gözü dolan,
Ümidləri alt-üst olan,
Saçları tapdanmış zəmi?

Gördünmü heç təbəssümü,
Dodağında qışa dönən
?
Gözlərinin qarşısında
Xoşbəxtliyi daşa dönən?..

Ağ yalana bürünərək
Həqiqətə gülüb keçən,
Leysan kimi göz yaşını
Gizli-gizli silib keçən?..

Görmədinsə, dön bir də bax
Parça-parça qırdığına.
Bu illərin sınağından
Qova-qova yorduğuna.

QANADI QIRIQ MƏLƏK

Bahar ümidlərində
Açdı neçə gül, çiçək.
Arzuları qəlbindən
Boylandı ləçək-ləçək.
İlk eşqin alovları
Gözlərində alışdı.
Rəngli xəyallarını
Axar suya danışdı.
Sonra yol ayrıcında
Uçdu yaşıl dünyaya.
Düşub ulduz axnına
İstədi çatsın aya.
Sevincindən az qala
Buludlarla öpüşdü.
Daha da yüksəklərə
Uçmaq eşqinə düşdü.
Göyün yeddi qatında
Birdən-birə yoruldu.
Çırpdı qanadlarını,
Qanadları qırıldı.
Çox çalışdı, tapmadı
Müsibətə təsəlli.
Gəldi üzüaşağı
Yapışsa da üçəlli.
Gərəksiz ümidləri
Ürəyini dağladı.
Qırıq qanadlarına
Hönkür
-hönkür ağladı.

MƏNƏ YÜKSƏKDƏN BAXMA!

Mənə yüksəkdən baxma!
En, yanıma gəl hərdən.
Təkliyin rəsmin çəkən
İkicəcik rəssam var,
Biri sənsən, biri mən.

Mənə yüksəkdən baxma!
Səni görə bilməkçün
Mən də azıram orda,
Bədənim yerdə qalır,
Ruhumsa buludlarda.

Mənə yüksəkdən baxma!
Səni yaxşı görmürəm.
Gözlərim bulanıqdı,
Düş otur ürəyimdə,
Qəlbim sənə qayıqdı.

Mənə yüksəkdən baxma!
Gəl toxun saçlarıma.
Titrət könül varımı,
Sənə etiqad edim,
Silim yazdıqlarımı.

Mənə yüksəkdən baxma!
Görüm ki, yanımdasan.
Gəlib çatıb gümanım,
Bu günə xoşbəxt olub
Keçən dünəni danım.

Mənə yüksəkdən baxma!
Axı kimlər biləcək,
Guya ki, məndə olsan?
Dünyamı dağılacaq,
Bircə gün bəndə olsan?

MƏNİM ÜRƏYİMDƏ BİR ÇİÇƏK FƏSLİ

Mənim ürəyimdə bir çiçək fəsli,
Sənin ürəyində boranlı qışdı.
Mənim saçlarımda baharın ətri,
Sənin ürəyində daş asılmışdı.

Nədir bu sitəmlər, edirsən mənə,
Bu vida nəğməsi nəyimə gərək?
Ya mənə izn ver gəlim ömrünə,
Ya da bu inaddan biryolluq əl çək.

Gözümdən yox etmə baxışlarını,
Həsrəti qəlbimin layiqi bilmə.
Tanrı da eşidir bu çağırışımı,
Sən mənim bu haray səsimə gülmə.

Hər gün misra-misra oxuyub səni,
Hər gün varaq-varaq kəşf eləyirəm.
Hər gecə sübhədək düşünüb səni,
Hər səhər qəlbimdə dəfn eləyirəm.

Səni itirməksə ölümtək ağır,
Əcəl xalçasını önümə sərmə.
Nə olar, bir dəfə məni də çağır,
Gəlim mənim olan o mənsiz ömrə.

MÜQƏDDƏSİM


Sən mənim göylərdən enən ayəmsən,
Göylərə borcumu qaytarım necə?
Hər gün mələk donu geyinib gəlsən,
İbadət eylərəm sənə gizlicə.

Sevginə sığınsam al ağuşuna,
Qucaqla ruhumun əzalarını.
Toxunsun baxışım baxışlarına,
Unudum çəkdiyim əzablarımı.

Taleyin hökmünə buraxma məni,
Arzum ürəyimdə xəzan olmasın.
Qov həsrət nəğməsi oxuyan qəmi,
Eşqim uzaqlarda havalanmasın.

Geyinim əynimə xöşbəxtlik donun,
Nəmli gözlərimdə ulduzlar yansın.
Tapım səadətin ən qısa yolun,
Vüsal küləkləri min hava çalsın.

Görüm gözlərində əksimi, görüm,
Yaşayım eşqimin həqiqətini.
Xəzəl dodağına baharı sərim,
Duyum köksündəki hərarətini.

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)



 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.