“Harda başlayır bu yol?” – TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı Poeziya saatında bu gün sizlərə Təranə Dəmirin şeirlərini təqdim edir.

 

 

***

 

Bir  ovuc ümidə  açdım  gözümü,

Döydü  pəncərəmi bahar  bu səhər.

Mənə əl elədi günəş gizlicə,

Silindi könlümdən qübar  bu  səhər.

 

Təzədən vuruldum bahara  bu gün,

Üzümü, gözümü günəşlə yudum.

Açdı taleyimdə yaz çiçəkləri,

Çəmənə vuruldum, çölə vuruldum.

 

Yenə sevdalandım yaz səhərinə,

İşığa bələndim, nura bələndim.

Açıldı ruhumun qaşı, qabağı,

Üstünə səhərin şehi çiləndi.

 

Bu səhər könlümün buzu əridi, 

Bu səhər günəşin oduna  düşdüm.

Nə yaxşı üzümə güldü  bu səhər,

Nə yaxşı baharın yadına düşdüm.

 

 

 

***

 

Uşaq  idik,

üzümüzdə  gülüş, içimizdə işıq, saçımızda              

sığal,

Yanımızda əmilər, dayılar, bibilər, xalalar ,

Sevgiylə açılırdı üzümüzə bütün qapılar.

Atamızın, anamızın qucağı  boydaydı                                

xoşbəxliyimiz,

Dipdiriydi, dupduruydu  qurduğumuz         

xəyallar,

Ləkəsiz, tər-təmiz.

Azadlığımız  kəndin  qırağınacandı,

Bir öpüşcəndi  ağrılarımızın  ömrü.

Bayramdan bayrama sevinərdi  əynimiz.

Xoşbəxtliklə bitərdi  biz  inanan nağıllar,

Nağılların   ömrü    səhər  açılanacandı.

Böyüyürdük  dünyadan  xəbərsiz 

nağıl-nağıl, fəsil-fəsil.

Göydən  üç  alma  düşürdü  hər  gecə,

Biri bizim, biri  nağıl deyənin, biri də...

Yadımda deyil...

Göz açıb yumunca 

keçdik bir-bir  günləri, ayları, illəri,

Sığal-sığal keçdik,

Qoğal-qoğal keçdik.

Bir    gördük  ki,  payız döyür qapımızı,

Saçında  külək, gözündə  yağış, yolunda        

xəzəl.

İstədik  işıq  sürətilə  qayıdaq  geri...

Onda  da  baxdıq ki, çox  gecdi, çox gecdi...

 

 

***

 

İndi adamlar yox,yollar darıxır,

Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, kollar darıxır.

İndi həsrət əsir  zamanın başı üstə,

Ayrılıqlar  uzanıb gedir  liman-liman, qatar-qatar..

Daş ömrü  yaşayır  bütün dünya,

Hara baxırsan  daşdı.

Ürəklər daş, küçələr daş,

Binalar daş, hasarlar daş.

Başına daş yağır,

Yoluna daş çıxır, üzünə daş baxır.

İndi adamlar  yox, xəyallar  darıxır,

İçində məhəbbət, saçında   sığal,  ruhunda bahar .

Hərdənbir   naguman  sevdalar doğulur,

Boğazında  ip, baxışında tərəddüd, qolunda  qandal.

Üzü qışa gedir bütün arzular,

Başında qovğa, dilində külək,

Gözündə yağış,əynində sazaq.

İndi  adamlar  yox, kitablar  darıxır,

Arasında  yalın-yalavac  misralar,

Nöqtələr, nidalar,suallar...

 

 

***

 

Bu qız  bu oğlandan küsüb deyəsən,

Başını  qaldırıb  üzünə baxmır.

İstəyir  çevrilib  yanından gedə,

Onda da  ayağı  sözünə baxmır.

 

Oğlan addım-addım sayır zamanı,

Bir addım  irəli, bir addım geri.

Qızla  bir nəfəslik  bu məsafəni

Neynirsə  aşammır   sabahdan bəri.

 

Hərəsi  bir   yanda  vaxtı aldadır,

O da nigarandı, bu da nigaran.

Haqq-hesab çəkirlər ürəklərində

Görəsən  nə keçib aralarından?

 

Birdən  külək qopur, ikisini də

Qatır  qabağına  səssiz, səmirsiz.

Göz açıb yumunca  baxıb  görürəm

Bir mənəm, bir külək, bir  də ki, dəniz .

 

 

***

 

Bu yol  neçə qışdan, bahardan keçib,

O dərədən    keçib, bu  yaldan  keçib,

Neçə ayrılıqdan, vüsaldan keçib,

Nələrdən  keçməyib yol olanacan?

 

Vurub dağa, daşa  özünü  gəzib,

Çəkib yerin, göyün  nazını, gəzib,

Heç vaxt  qatlamayıb  dizini, gəzib,

Dolanıb  özünə  sarılanacan.

 

Uzana-uzana incəlib bu yol,

Döyülə-döyülə dirçəlib bu yol,

Elə  ayaq  üstə  dincəlib bu yol,

Yüyürüb nəfəsi  daralanacan.

 

Belində  nə qədər yükü  var,Allah,

Günahı, əzabı, görkü  var, Allah,

Bu yol  ağrı   çəkib o ki var, Allah

Özünə yol tapıb, yol alanacan.

 

 

***

 

Addımlayıram  tütün qoxuyan  küçəni  üzü  dənizə sarı

Başımda   külək, ayağımda  payız,  xəyalımda  bahar.

Ağaclar da  yeriyir mənimlə, binalar  da.

Yanımda  dolaşır   rəngli-rəngli  adamlar,

dodaqlarında  qeybət, yerişində əda, qollarında  təklik, gözlərində nida,

Çiyinlərində  çanta, barmaqlarında   mesaj,  baxışlarında giley-güzar.

Hamısı  yorğun, hamısı  nigaran,

Hamısı  yarımçıq, hamısı natamam...

Bəziləri Göyündən, 

Bəziləri  yerin dibindən  baxır adama.

Bəziləri  əynindən, başından,

bəziləri  cibindən baxır  adama.

Yazığım  gəlir  şəhərə, küçəyə,

Bahara, özümə, küləyə....

 

 

***

 

Ömürdümü  bu görən,

Yoxsa sınaqdı, Allah?

Hayandan gələk  sənə,

Hər  yan  günahdı, Allah.

 

Qarışıb bir-birinə

Qarası, ağı bunun.

Nə astarı, nə üzü

Bilinmir axı, bunun.

 

Bilmirik kimdi ağa,

Nökər kimdi, bilmirik.

Bilmirik ovçu  kimdi,

Şikar kimdi, bilmirik.

 

Yatırıq,  oyanırıq,

Görürük ki, sabahdı.

Yenə həminki  dərddi,

Yenə həminki vaxtdı.

 

İndi  acından ölmür,

İçindən  ölür adam.

Abrından, həyasından,

Gücündən ölür  adam.

 

Azdırır addımbaşı

Dərə  bizi, dağ bizi.

Söz  ilə öldürürlər

Vaxtından qabaq bizi.

 

Ömürdümü bu görən,

Yoxsa sınaqdı, Allah?

Hayandan gələk  sənə,

Hər yan günahdı, Allah.

 

 

***

Ölürük varaq -varaq ,

Sətir -sətir, İlahi.

Harda  başlayır  bu yol,

Harda  bitir, İlahi.

 

Nə tapsaq sınayırıq,

Pozuruq, sanayırıq,

Zamanla oynayırıq

Sənə xətir, İlahi.

 

Yerdimi, qəfəsdimi?

Eşqdimi, həvəsdimi?

Bu çıxan nəfəsdimi?

Yoxda nədi, İlahi?

 

Hay-haraydı, küy-kələk,

Yer kələkdi, Göy kələk,

Görək nə vaxt bitəcək

Bu əsatir, İlahi.

 

Dünya sirrdi, sən sirrsən,

Açammırıq nə sirrsə,

Onsuz da nə gedirsə

Bizdən gedir, İlahi.

 

Ölürük varaq-varaq,

Sətir-sətir, İlahi.

Harda başlayır bu yol,

Harda bitir, İlahi?

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.