GAP Antologiyasında Nuriyyə Lövhün “Dənizini itirmiş flaminqolar” şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Binabda yaşayan Nuriyyə Lövhdür.

 

 

Nuriyyə Lövh

Binab

 

 

DƏNİZİNİ İTİRMİŞ FLAMİNQOLAR

 

Dialektik bir görüş idi

Zır kefli bir oğlan sayağı

Gözlərimin yaşını anladığında

Dil açdı cansız dalğaları.

Çaldı, çevirdi

Özünü düz yatağına çırparaq

Məni qucağına almaq

Mən onda

O məndə rahatlaşmaq istədik.

Çılpaqcasına

Toxundum şor sıxlığına.

Günəşi döşlərimin ucuna alaraq

Acı bir öpüş buraxdım şorallığına.

Yaladı duzlu dili ilə gövdəmin vətən dadını

Pıçıldadı qulağıma qıtlıqdan

Ağladı içimə talanmış varlıqdan

Yandım, yaxıldım.

Elə ki, yanıb-yaxılar bakirə dodaqlar

Dənizsiz sahillər

Və sevdasız ürəklər...

Sonra bir şey çaba vurdu bətnimdə

Boylu bir qadın sayaq

Ürəyim ağzıma gələ-gələ

Çimdirdim qara yaraları.

Qurtara bilməyəcəksən yaxamdan

Adını “Dəniz” qoy qızımın söylədi.

İllər sonra ürəyini dələn həmən bu yerlərdə

Mavi göydələnlər qovzayacaqlar

Göydələnin buynuzunda oturduqda

Dəftərində qabıq qoymuş

Duzlu yaralarımızı.

Açıqlayacaq oxuculara

Tarix yazacaq

Dənizini itirmiş flaminqolara...

Ekspress qatar çəkiləcək ürəyimin başından

Təbrizin beli bükülüb

Urmunun birçəkləri ağaracaq şoranlığımda.

Osman yumruğunu şüşləyəcək tanrıya

Duz mifinə çevriləcək Artmiya.

Yasımda saçını yolacaq Şərəfxananın günəşi.

Barı Urmunun mənsiz gecələrini bağıracaq aya.

Rəhmanlı ulduzların axıtdıracaq

Kazım daşının yalnızlığına...

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.