“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Binabda yaşayan Nuriyyə Lövhdür.
Nuriyyə Lövh
Binab
AZƏR
Azər, çirikliyimin sevdiyi qızdır
İnqilaba alışmadan
Qışa çevirdi vətənin son baharın
75 illik açıq bir yara
Bitmədən
Qan tuluğuna dönür hər xəzan
Əskilərdəki dostumun adı
İndi isə
Əkizlərinin sicillisinə döyülmüş...
Azər vətən gözətçisi
Doqquz başlı bir devdir
Talançıların bünövrəsini laxlatmaq üçün.
Neçə qatlı qanlı torpaqdır,
Özgürlüyün üzünə qonmuş
İmamiyyədə gömülmüş igidlərin dar ağacı...
Südü qaçan anaların ürək döyüntüsü
Sürgün düşənlərin qara boğuntusu
Qulağı kəsilənlərin qara qışqırtısı.
Azər
Azər
Azər
Azər boğazımdan püskürdüyüm iniltilər...
Azər, Təbrizin minarələri
Vətənin təqvimə atılan qanlı göbəyi
Yandırılan kitabların külüdür
Sönük gözlərin sürməliyində.
Ərkdə sönən işıqlar
Gülüstanda asılı qalan iztirablı düşüncələr...
Azər dağlar daşıdır
Ürəyimin başına qalanmış ağladıcı bir şeirdir...
Boğazımın yoluna tıxılmış ağırlıq
Ayrılıq
Qana çevrilmiş yumruqdur azər.
Təndirlərdə yanan azadlıq səsi
Diktatura qurban edilən başların qan fışqırtısı,
Azərbaycanın toy gecəsində ölüm xəbəri
Əfsanə deyil;
Qara pərdələrdə basdırılmış
Real bir faktdır azər...
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)