"SÖZÜN GÜCÜ" – bu dəfə Nüsrət Kəsəmənliyə həsr edilmişdi Featured

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Sözün gücü" layihəsi çərçivəsində Filarmoniyanın Urban Mərkəzində öz şeirləri ilə qəlbləri fəth edən şair Nüsrət Kəsəmənlinin 80 illiyinə həsr olunmuş qiraət gecəsi baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə qiraətçilər Əməkdar mədəniyyət işçisi, şair, publisist Bəxtiyar Muradov, AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, İmamverdi Vəliyev, Əsgər Məmmədov, Lalə Həsəncan, Zülfiyyə Yaqub şairin “Getmək istəyirsən bəhanəsiz get”, “Dəli bir ağlamaq keçir könlümdən”, “Biri var idi, biri yox idi”, “Oğru olmaq istəyirəm”, “Etiraf”, “Dünən toyun idi”, “Müəllim”, “Yoxdursa”, “Bir gün görəcəksən”, “Bir sevda ağlayır”, “Sevənlər deməyəydi” və “Nələr gördüm bu dünyada” şeirlərini səsləndiriblər.

Həqiqətən də Nüsrət Kəsəmənli poeziyası poetizmin, lirikanın zirvəsidir, bunu inkar etmək mümkün deyil.

 

OĞRU OLMAQ İSTƏYİRƏM

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayib
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.