“Yarı can qalmışdı, o yerlər sənsiz…” – DUYĞU HƏSƏNZADƏ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində  bu gün sizlərə Duyğu Həsənzadənin şeirlərini təqdim edəcəyik.

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

I.

 

Mən onu sevirdim vətənim kimi,

Təpədən-dırnağa zərrə-zərrəsin.

Kimsə bu vətənə addım atmasın,

Deyirdim kimsənin əli dəyməsin.

 

Amma sinəsində neçə saç teli,

Gördüm, əllərində yal əli, izi.

Müqəddəs bildiyim baxışlarında

Gördüyüm gün öldüm, iki yad gözü.

 

Bir an etirazlı inqilab oldum,

Küskünlük sanırdın, giley sanırdın.

Gözlərinlə elə döyürdün məni,

Natanış sanırdın, ögey sanırdın.

 

Səbrimi qınayıb, sınayıb dedin

Vətən kimi sevən heç belə etməz!

Bilirsən, çarəsiz gedirəm, sən qal

Vətəndaşlar gedər, vətən ki, getməz.

 

Bölünmüş vətəndə yerim yoxdur, yox,

Qanlı bir savaşa avara girdim.

Aclıqla birlikdə savaş sonrası

Yaralı sevgimi yolda yeyirdim.

 

Sudan, torpağından qopan kökümü

Bir qürbət tapıb da əkərəm inan.

Hər yerdə günəş var, ay var, ulduz var

Bircə həsrət qalar, çəkərəm inan.

 

Çətinlik çəkmərəm, daşlar çatlasa,

Bir az gülüşlərim hüzünlü olar.

Ya da yuxularım qara basmalı,

Qarışıq, pırtlaşıq, pis, cinli olar.

 

Boş ver indi yoxsan, ürək də yoxdur,

Sənə keşik çəksin bir əsgər kimi.

Qanımdan da çıxdın, qorxu içində

Alnımdan süzüldün soyuq tər kimi.

 

 

II.

 

Gecə bir yuxu görürdüm,

İnsanlar kor baxırdılar.

İçləri cinli, şeytanlı,

Üzə tanrı yaxırdılar.

 

Şəhər düşmüşdü bir dərdə,

Ac gəzirdi, əl xəmirdə,

İçki yasaq olan yerdə,

Qədəhə qan sıxırdılar.

 

Gizlədirdi hər nəyi meh,

Key dolanırdı, hamı key,

Həyatlar bir qəbir kimi,

Girirdilər, çıxırdılar.

 

Baxdıqca yaşarırdı göz,

Yuxum diksinirdi tez-tez,

İnsanlar əllərilə öz,

Evlərini yıxırdılar.

 

 

YETİM XATİRƏLƏR

 

İlk görüş yerinə getdiyim o gün,

Sınıxmış xəyalım mənə baxırdı.

Yarıcan qalmışdı, o yerlər sənsiz,

Mən addım atanda canı çıxırdı.

 

Baş sağlığı verdim mən bu sevgiyə,

Əyilib öpəndə öz nisgilimdən.

Qayıtmaq istədim yolun boyunu,

Yetim xatirələr tutdu əlimdən.

 

Dayandım, bilmirəm necə dayandım,

Sınan qürurumla tir-tir əsirdim.

Qan çanağı gözlər bəlli edirdi,

İçimi yeyirdim, ümid kəsirdim.

 

İçməmiş kefliydim, ayıqlığımda,

Bir haldan min hala mən düşüm o gün.

Bir xəyanət borcum var idi sənə,

Sevgi izlərinlə öpüşdüm o gün.

 

 

IV.

 

Mən qəbir daşıyam, tərpətmə məni,

İçimdən ölülər xortlayar ancaq.

Bax, vərəm bağlamış ürəyimə get,

Dərdə dəyməz, dəysən partlayar ancaq.

 

Bir fatihə çevir, tez ol, get burdan,

Sonudur hər nəyin, sən də it burdan,

Qup-quru canıma bir kibrit burdan,

Çəksələr hər nəyi odlayar ancaq.

 

Düşər-düşməzi var demə hər nəyin,

Sevgi mənə düşmür, yeyim çörəyin,

Daşa dönsün görüm bağrım, ürəyim,

Harda sevgi görsə atlayar ancaq.

 

Sonrası fəlakət, sonrası boşdur,

Sonrası oturub, qalxan bir quşdur,

Get, qal arasında qorxulu işdir,

Zamanla belimi qatlayar ancaq.

 

Boşlamaz, asılı saxlayar darda

Çatı da üzülməz, can çıxmaz orda,

Avara dolanar ölüm də gorda,

Ürəyim bir yalan qutlayar ancaq.

 

Dünyanın hikkəsi belə boşalır,

Göz oyub çıxardır, belə qaş alır,

Demə ki, halıma gözü yaşarır,

Bu səhnəyə toxum çırtlayar ancaq.

 

 

V.

Belimin incəliyi

Qollarının gücündən yarandı.

Bağrına basarkən məni

Qan tər içində idim.

Palçığım qurumamışdı yəni

Günortasında idikmi yoxsa

Od qalxırdı tənindən tənimə.

Ah deyə bir səs yüksəlirdi göyə

Dodaqlarından dodaqlarıma nəm dəyən zaman

Yaranışın ilk nəfəsi yəni

Bəlkə də ilk səsi

Palçığım qurumamışdı hələ

Gözlərimə şəkil verdin əllərinlə oxşarkən üzümü

Sonrası yuxudurmu, düzmü?!

 

Göz-gözə gəldik

Bir quş vuruldu sinəmdə, çırpına-çırpına qaldı.

Və üzümdə qaldı barmaqlarının izi.

Hər güldükcə batar yanaqlarım

Palçığım qurumamışdı yəni

Sənin toxunduğun zaman

Əllərinin izindən saçlarım uzandı kürəyimə doğru

Ürəyimə doğru yol aldı fısıldadığın kəlmələr

Deyirdin: “Səni sevirəm”

Qulaqlarım açıldı.

 

Qan çilədi öpüşlərin

Qan gəlmiş damarlarıma yəni

Palçığım qurumamışdı hələ

Ovuclarınla sıxdın köksümü

Yüksəldi təpələr

Beynindən dağlar, dərələr keçirdi

Süd içirdi dişlərin

Yaranışın iksiri yəni

İlk sirri bəlkə.

Yaratdığın əsər üstə tir-tir titrəyirsən indi

Sıx məni qucağına

Sıxdıqca qollarım uzanır, əllərim yaranır.

Ürəyim çırpınır, dayanır

Yarat məni

Göbək bağımı kəsirsən, dayan, əsirsən

Ehtirasmı?!

Sevgimi?!

Günahmı?!

Cır at bütün qanunları

Boşalt bütün dustaqları

Yasaq bölgələri yarat

Yar

At bir az su

Qanı su təmizləyər ancaq.

Ayaqlarımı hiss edirəm yeri deşərkən

Düşərkən səndən mənə bir parça

Qadın oluram

Bir kişi tanrının əsəri yəni.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.