“Yolunu nə qədər gözləmişəm mən” – GÜNDÜZ SEVİNDİK Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizi şair, AYB-in üzvü,  mənim yazıçılıq qabiliyyətimin inkişafında dəstək olan yazar Gündüz Sevindik ilə tanış edim. 1978-ci ilin 24 iyul tarixində Ağcəbədidə dünyaya göz açıb.

Gənc yazarlara daim dəstək olur, bir çox şair və yazıçıların kitablarının redaktoru və ön söz müəllifidir.  Öz yaradıcılığı ilə bərabər, həm də ədəbi-bədii tənqidçidir. "Kamilliyə salam", "Yorğun küçə", "Yuxundakı dünya" adlı kitabların müəllifidir. 

Sizə onun şeirlərini və qəzəlllərini təqdim edirəm. 

 

 

Vətənə şeir yazmazlar

 

Ha yansan, alışsan, yarıdı, azdı,

Vətən öz qəbrini şeirlə qazdı…

Vətənin şeirini Mübariz yazdı

Vətənə şeir yazmazlar!

 

Bu Vətən, bu da ki, minillik yara,

Vətəndir Vətəndə çəkilən dara…

Vətənə lazımdı bu cızma-qara?

Vətənə şeir yazmazlar!

 

Dünyanın dibindən gələn səsdirsə,

Ruha möhürlənmiş bir nəfəsdirsə,

Vətən Uludursa, Müqəddəsdirsə,

Vətənə şeir yazmazlar!

 

Yaz, əgər yazdığın solmayacaqsa,

Vətənin gözləri dolmayacaqsa,

Sözün Vətən boyda olmayacaqsa,

Vətənə şeir yazmazlar!

Vətənə şeir yazmazlar!

 

 

Gözləmişəm mən

 

Götürüb hicranın ağır yükünü,

Yolunu nə qədər gözləmişəm mən.

Gözümün içinə köçürüb yolu,

Yolunu nə qədər gözləmişəm mən.

 

Eşqin göylərində çaxıb ümidlə,

Könlümü yandırıb-yaxıb ümidlə,

Getdiyin yollara baxıb ümidlə,

Yolunu nə qədər gözləmişəm mən.

 

Dünyada ən doğma, əziz qonaqtək,

Ən yaxşı xəbərtək, yaxşı soraqtək,

Anasın gözləyən körpə uşaqtək,

Yolunu nə qədər gözləmişəm mən.

 

Zülmətə düşmüşəm, günü bilmirəm,

Bir dəfə andınmı məni?…bilmirə­m,

Səni deyəmmərəm, səni bilmirəm,

Yolunu nə qədər gözləmişəm mən.

 

Məni qarşılama, qəm gətirmişəm,

Kədər bəsləmişəm, dərd yetirmişəm,

Gözümlə yollardan od götürmüşəm,

Yolunu nə qədər gözləmişəm mən.

 

Məni qoydu yaman yerdə bu yollar,

Döndü bir ağrıya, dərdə bu yollar,

Məni gözlətməsin bir də bu yollar,

Yolunu nə qədər gözləmişəm mən.

 

Günüdüzün halını ellərdən soruş,

Ağlayan, sızlayan dillərdən soruş,

Mənə inanmırsan?…Y­ollardan soruş 

Yolunu nə qədər gözləmişəm mən

Yolunu nə qədər gözləmişəm mən.

 

 

Şairlərin evi yoxdu

 

Zülmətə yol gedən bu kor dünyanın, 

İnsan sakinisən sən gor dünyanın...

Oğulsan, bu məyus, dilxor dünyanın,

Könlünü al, kefi yoxdu.

 

Arzunun sonuna çatsan - dünyadı,

Göyə çıxsan, yerə batsan - dünyadı,

Bu dünyada hara getsən - dünyadı,

Bu dünyanın dibi yoxdu.

 

Başımda qaldı ki, ağıl?... danışım,

Bir şirin söz deyim, noğul danışım,

Gəl sənə bir gerçək nağıl danışım,

Bu nağılın divi yoxdu...

 

Uçar səmalarda, itər dərində,

"Alar qadasını" xeyrin, şərin də,

Yatıb gecələyər öz şeirində 

Şairlərin evi yoxdu...

 

 

İkimizdən savayı

 

Kara gəlməz bu gördüyüm röya da,

Bir balığam, səbr udmuşam dəryada,

Bizdən sonra nə qalacaq dünyada,

Şeirimizdən, türkümüzdən savayı?!

 

Bir sevginin qaldı ahı ortada,

Mən adda bir nökər - şahı ortada...

Nə yaşadıq, nə var axı ortada

Tənəmizdən, əlimizdən savayı...

 

Çılğın könül ülvi eşqin odası,

Nə uzaqmış bu Məhəbbət Adası?...

Mənim üçün bu dünyada, qadası,

Bir kimsə yox - ikimizdən savayı!

 

 

***

 

Bir həzin, xoş söz üçün işləyərəm rəndə kimi,

Sözə xidmətdəki ən sadiq bəndə kimi.

 

Köz dolu təndirə bənzər sözün atəş cəzbi 

Söz divarında yapıllam, bişərəm kündə kimi.

 

Aşiqin ismi gərək aləmi-eşq içrə hər an,

Tac-Mahaldan girə, ta ki, gələ Dərbəndə kimi.

 

Təlimi - eşqdə ruhum belə tə'lim olunub,

Rütbeyi-aliməqam tək gəzə danəndə kimi!

 

Ləbi-ləlindən o gün yar mənə ehsan elədi,

Rəğbətim yoxdur o gündən şəkərə, qəndə kimi.

 

Dərsi Məcnundan əgər, Gündüz, alıbsansa belə

Daşqalaq eyləyəcək el səni düz kəndə kimi...

 

 

***

 

Belə yağmaqla çəkirsən məni sən darə, yağış,

Bir gözəl namə yazım, al götür ol yarə, yağış.

 

Yağ, silinsin ürəyimdən dəli nisgil bu gecə,

Ki, bu həsrət eləyib ağ günümü qarə, yağış.

 

Yağ, yağış, yağ ki, deyəm dərdimi bir-bir sənə mən,

Gözlərim yaşlı, dilim lal, cigərim parə, yağış.

 

Min təbib tapmadı bir yol mərəzi-eşqə əlac,

Nədi bəs dərdimə dərman, nədi bəs çarə, yağış?...

 

Su çilər ruhuna, Gündüz, bu yağışdır, ya dua

Bir həyat cövhəridir sən kimi zəvvarə yağış!

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.