Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 100 illiyidir Featured

MƏŞHUR TƏHSİL OCAQLARININ LAYİQLİ XƏLƏFİ

                     

Neymət Rüstəmli,

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru, Təhsil üzrə menecer Neymət Rüstəmli.

“Ədəbiyyat və incəsənət”

 

Yazılı mənbələrə və rəsmi sənədlərə əsasən, ötən əsrin 30–60-cı illərində Azərbaycanın elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olan Ağdam şəhərində 4 orta ixtisas təhsil müəssisəsi, 1 ali məktəb, 5 peşə məktəbi və 6 ümumtəhsil məktəbi uğurla fəaliyyət göstərmişdir ki, bu da regionun intellektual mühitinin formalaşmasında müstəsna rol oynamışdır. Bu təhsil ocaqları arasında xüsusi mövqeyə malik olan, illər boyu şərəfli və keşməkeşli inkişaf yolu keçmiş Ağdam Dövlət Sosial-İqtisadi Kolleci mənəvi və hüquqi varisi olduğu müəssisələri rayonun iqtisadiyyatının, mədəni-maarif sisteminin və ziyalılıq ənənələrinin təməlini qoyaraq respublikamızın inkişafına misilsiz töhfələr vermişdir.

 

Sovet dönəmində sürətlə təşəkkül tapan təhsil həyatının əsas mərkəzlərindən birinə çevrilən Ağdamda ardıcıl olaraq yeni elm ocaqları açılmışdır. Belə ki, hələ 1924-cü ildə Ağdam Pedaqoji Məktəbinin, 1925-ci ildə (bəzi mənbələrə görə 1924-cü ildə) isə SSRİ Nazirlər Sovetinin qərarı ilə təsis edilən Ağdam Kənd Təsərrüfatı Texnikumunun fəaliyyətə başlaması bu sahədə təməl hesab oluna bilər. Maraqlıdır ki, bu təhsil ocağının ilk direktoru Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət hesabına xaricə oxumağa göndərilən "Cümhuriyyət tələbələrindən" biri olan, Almaniyada ali təhsil almış Ələkbər bəy Əliyev olmuşdur. Zaman keçdikcə bu təhsil zənciri daha da genişlənmiş, 1936-cı ildə həmin texnikumun mexanikləşdirmə ixtisasının bazasında Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu yaradıldı. Hər iki texnikum Ağdam şəhərində fəaliyyətini uğurla davam etdirərək peşəkar kadrlar yetişdirirdi. Elə həmin ildə Ağdam Tibb Məktəbi və Ağdam Müəllimlər İnstitutu açılmış, eləcə də Qarabağın əsl musiqi beşiyi və mədəniyyət ocağı olan Ağdamda Üzeyir Hacıbəyli adına Ağdam Musiqi Texnikumu (1958-ci il) yaradılmışdır ki, bütün bunlar Ağdamın təhsil salnaməsinə qızıl hərflərlə yazılmışdır.

1941–1945-ci illər Böyük Vətən Müharibəsi dövründə Ağdam Kənd Təsərrüfatı Texnikumuna Ələkbər Abdullayev rəhbərlik etmişdir. Bu dövrdə texnikumun direktoru olmuş yüksək elmi savad və bacarıq sahiblərindən biri də Xanlar Babakişi oğlu Mamedov idi. O, 1940-cı ildə Azərbaycan Respublikasının Sovxozlar Naziri təyin edilmiş, 1942-ci ildə isə Krım cəbhəsində azərbaycanlı əsgərlərlə görüş zamanı qəhrəmancasına həlak olmuşdur.

Mamedovlar ailəsi Ağdamın maariflənməsində müstəsna xidmətlər göstərmişdir: Xanlar Mamedovun qardaşı Süleyman Mamedov Ağdam Pedaqoji Texnikumunun direktoru,digər qardaşı Əli Mamedov Dövlət Təhlükəsizliyi Komitəsində istintaq şöbəsinin rəisi,bacısı Rübabə Məmmədova isə Ağdam Tibb Məktəbinin direktor müavini işləmişdir. Həmin dövrdə – 1943–1944-cü illərdə Ağdamda  İkiillik Müəllimlər İnstitutu da Ağdam və ətraf regionlarda ziyalılığın yüksəlməsində, böyük müəllimlər ordusunun yaranmasında mühüm rol oynamışdır.

1969-cu ildən Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra respublikanın bütün sahələrində olduğu kimi, Ağdam rayonunun da təhsil həyatında misilsiz canlanma dövrü başladı. 1975-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunması dövrü mətbuatda işıqlandırılıbdır.

Uzun illər – 1961-ci ildən 1994-cü ilə qədər Ağdam Kənd Təsərrüfatı Texnikumuna Mobil Məhəmməd oğlu Quliyev rəhbərlik etmişdir. Bu dövrdə texnikumun üçmərtəbəli tədris korpusu, yataqxanası, idman və akt zalları, zəngin laboratoriyaları fəaliyyət göstərirdi.

Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna isə müxtəlif illərdə Səyyaf Əziz oğlu Əliyev, Məhərrəm Aslan oğlu Musayev və Kərim Balış oğlu Kərimov rəhbərlik etmişlər. 1980-ci illərdə bu texnikum üçün yeni beşmərtəbəli tədris və yataqxana kompleksi istifadəyə verilmişdi. Burada kənd təsərrüfatı mexaniki, avtomobillərin təmiri, iqtisadiyyat, elektrik və inşaat sahələri üzrə yüksək ixtisaslı kadrlar hazırlanırdı.

1993-cü ildə mənfur erməni işğalı ilə əlaqədar olaraq hər iki texnikum doğma Ağdam şəhərini tərk etməyə məcbur oldu. Lakin çətinliklərə baxmayaraq, müqəddəs missiya dayandırılmadı; təhsil ocaqları əvvəlcə Ağcabədi rayonunda, 11 saylı orta məktəbin bazasında fəaliyyətlərini davam etdirdilər.  1994-cü ildən 2002-ci ilə qədər Ağdam Kənd Təsərrüfatı Texnikumuna Mütəllim Yediyar oğlu Cavadov rəhbərlik etmişdir. 1991-ci ildən 2002-ci ilə qədər Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna isə Kərim Kərimov rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı ilə hər iki texnikumun bazasında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci yaradıldı. Kollecə müxtəlif illərdə Mütəllim Cavadov, Fəxrəddin Camal oğlu Zamanov və Natiq Cavadov rəhbərlik etmişlər.

Təhsil Nazirliyinin 2008-ci il tarixli məktubuna əsasən, kollec Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyətini uğurla davam etdirməyə başladı. 2024-cü il sentyabrın 20-dən etibarən isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, kollecin direktoru vəzifəsinə Neymət Rüstəmli təyin olunmuşdur.

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecində əyani və qiyabi təhsilalma formaları üzrə 1332 nəfər tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 117 nəfər pedaqoji, 60 nəfər texniki heyət məşğul olur. Kollecdə Bank işi, mühasibat uçotu, maliyyə, zootexniklik, aqronomluq, baytarlıq, elektrik təchizatı, nəqliyyat vasitələrinin texniki istismarı və digər 14-dən çox ixtisas üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.

Ağdam təhsil ocaqları illər boyu respublikamızın elmi, ədəbi və ictimai həyatında dərin iz qoyan şəxsiyyətlər yetişdirmişdir. Onlardan bəzilərini sizə təqdim edirik:

 Nadir Kərrar oğlu Mikayılov (1939–2011) – Coğrafiya elmləri doktoru, professor. Ağdam Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir (1958).

Dahi kimyaçı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və əməkdar elm xadimi Bahadur Qasım oğlu Zeynalov (1917–1995) da Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş və 1933-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayev – qəhrəman şəhidlərimizdən biridir.

Rahib Məmmədov (1967–1987) – 1984-cü ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olmuşdur. O, 1987-ci ildə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı böyük fədakarlıq göstərərək 28 sakini seldən xilas etmiş və qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.

İlqar Rəsul (d. 1966) – Tanınmış Azərbaycan yazıçısı, publisisti, şairi və jurnalistidir.

Rey Kərim oğlu Qasımov (d. 1967) – Ağdam Kənd Təsərrüfatı Texnikumunun İnşaat şöbəsini və sonradan Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunun hüquq fakültəsini bitirmişdir.

Ağdam təhsilinin qədim ənənələrini yaşadan bu təhsil ocağı keçmişinə sadiq qalaraq,  azad olunmuş və yenidən dirçələn doğma Ağdama qayıtmaq əzmi ilə gələcəyə inamla addımlayır!

 

Ədəbiyyat:

1. Misir Mərdanov "Azərbaycan təhsil tarixi, ll cild" 2011-ci il, Bakı, "Təhsil" nəşriyyatı.

2. Orxan Zakiroğlu (Baharlı)  “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018)

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.