Ədəbi mühitlərə parçalanma Featured

(Səbəblər və təhlillər)

İlqar İsmayılzadə,
(fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
"Ədəbiyyat və İncəsənət" portalı üçün


Ədəbiyyat sahəsində olan hər kəs bu sahənin qaçılmaz proseslərindən birinin də parçalanma məsələsi olduğunu çox yaxşı bilir. Biz təkcə Odlar Yurdu Azərbaycan ədəbi mühitində zaman-zaman müxtəlif fikir ayrılıqları, qarşıdurma və parçalanma, bəzən də bunun ədəbiyyata yaraşmayan ağır nəticələrinin şahidi olmuşuq.
Amma görən, ədəb-ərkan, etika və insani dəyərlərin tərənnümçüsü olan ədəbiyyat sahəsində belə halların baş verməsi nədən və nələrdən qaynaqlanır?


Bu yazıda uyğun sualı qısa formada cavablandırmağa çalışacam. Lakin hər şeydən öncə bir məsələyə xüsusi diqqət yetirmək lazımdır: Ədəbiyyat sahəsi bədii yaradıcılıq və inkişaf sahəsi olduğundan o sahədə olan insanları vahid bir çərçivə içinə sığışdırıb məhdudlaşdırmaq və buna görə də hamının eyni səviyyədə düşünməsi və eyni çərçivə, eyni mövqedən çıxış etməsini gözləmək tamamilə absurd məsələdir. Çünki digər sahələrdə olduğu kimi, ədəbi mühitdə olan hər bir şəxsin özünə görə xüsusi dünyagörüşü, yanaşma tərzi, bacarıq və yaradıcılıq məharəti var. Bu baxımdan, ilkin olaraq ədəbi mühitdə parçalanma prosesini təbii qarşılamaq lazımdır. Bu kimi parçalanmalar ilk baxışda mənfi görünsə də əslində ədəbi rəqabəti artırır, yeni cərəyanların və keyfiyyətli əsərlərin ortaya çıxmasına təkan verən bir hərəkətverici qüvvəyə çevrilir. Bunu ümumi baxımdan ədəbi prosesin bir hissəsi kimi də təqdim etmək mümkündür. Ədəbiyyat sahəsində xoşagəlməz və qeyri-məqbul sayılan məsələ ayrı-ayrı şəxsi mənafe, eləcə də ağıl, məntiq və ümumi mənafeə zidd olan pərakəndəlikdir.
Söhbətin mövzusu Azərbaycan ədəbi mühitindəki parçalanmalardırsa, qeyd etmək lazımdır ki, ölkənin ədəbi mühitindəki parçalanmalar əsasən rəsmi və qeyri-rəsmi qurumlar, fərqli nəsillər, şəxsi yanaşmalar, əxlaq və insani keyfiyyətlər və ədəbiyyatın maliyyələşməsi ətrafında formalaşan köklü ixtilaflardan qaynaqlanır. Konkret olaraq onun səbəblərinə gəlincə, yazının davamında bununla bağlı lazım olan izahlar təqdim ediləcək...

Parçalanma səbəbələri:


Ədəbi mühitdə parçalanma məsələsini əhatəli şəkildə nəzərdən keçirib incələdikdə, bu prosesin müxtəlif amillər nəticəsində baş verdiyini söyləmək olar. Onlar əsasən aşağıdakılardan ibarətdir:


1. İdeoloji və siyasi fərqliliklər;
Yazıçı və şairlərin dünyaya baxışı, siyasi mövqeyi və cəmiyyətdəki hadisələrə yanaşması ədəbi mühiti parçalayan ən əsas amillərdən biridir. İqtidar xəttini müdafiə edən sənətkarlarla müxalif və ya dissident ruhlu yazarlar arasında həmişə görünməyən bir sərhəd olur. Həmin fərqlilik də zaman əsnasında müxtəlif parçalanmalara gətirib çıxarır. Bununla bağlı önəmli nümunə olaraq milli kimlik məsələsini göstərmək olar. Məsələn ədəbi mühit nümayəndələri arasında milli-kimlik mövzusuna xüsusi yer verən qələm əhli üzv olduqları birlik və ya ədəbi mühitin strategiyasında bu məsələyə daha az diqqət yetirildiyini görüncə, təbii ki, milli kimlik və milli mənsubiyyəti təbliğ edən alternativ ədəbi birlik yaratmağa qərar verir və beləliklə də parçalanmanın şahidi oluruq.


2. Nəsillərarası münaqişə ("Atalar və oğullar" problemi);
Yaşlı yazar nəsli çox vaxt gəncləri təcrübəsizlikdə və dəyərlərə hörmətsizlikdə ittiham edir, gənc nəsil isə yaşlıları mühafizəkarlıqda, yeniliyə qapalı olmaqda və ədəbi mühiti inhisarda (monopoliyada) saxlamaqda günahlandırır. Bu rəqabət də adətən rəsmi və qeyri-rəsmi ədəbi qurumların parçalanmasına gətirib çıxarır.


3. Estetik və metodoloji fərqliliklər;
Hər bir ədəbi mühitdə əsasən ənənəçi və yenilikçi cərəyanların nümayəndələrini müşahidə etmək olar. Ədəbi mühitdəki ənənəçilər adətən klassik üslubun, formanın və milli dəyərlərin qorunmasını tələb edirlər. Yenilikçilər (Avanqardlar) isə köhnə qəlibləri qırmağı, sərbəstliyi və qlobal ədəbi trendləri mənimsəməyi müdafiə edirlər. Belə olan hallarda da parçalanma prosesi qaçılmaz olur. Bu, ədəbiyyat sahəsində formalaşan yeni cərəyanlarla (modernizm, postmodernizm) köhnə və ənənəvi qaydaların toqquşması deməkdir. Əlbəttə, bəzən yenilikçi adı altında meydana atılanlar arasında yenilikdən daha çox özünü hər vəchlə reklam etmək, özlərini cəmiyyət arasında kimlərəsə bəyəndirmək hədəfi ilə hər bir milli-mənəvi dəyərləri ayaqlar altına atanları da müşahidə etmək olar. Belələrini ədəbiyyat sahəsindən ayrıca təqdim etmək və araşdırmaq lazımdır...


4. Alternativ tənqid və media platformalarının yaranması;
Bu amili izah etmək üçün Odlar Yurdu Azərbaycanın ədəbi mühitinə baxmaq olar. Məsələn müəyyən bir qrup rəsmi ədəbi orqanlarda və onun rəsmi qurumları, mətbu orqanları və ya dövlət media qurumlarında özünə yer tapa bilmədikdə, öz müstəqil saytlarını, jurnallarını və ya sosial media resurslarını qururlar. Bu da nəticə etibarı ilə ədəbi mühitin coğrafiyasını vizual olaraq parçalayır və beləliklə də fərqli "qütblər" formalaşdırır.


5. Kənar qüvvələrin müdaxiləsi;
Ədəbi mühitlərdə baş verən parçalanma səbəblərindən biri də kənar qüvvələrin hansısa ədəbi mühiti və ya qələm adamlarının kiminsə başçılığı ilə fəaliyyətini öz maraqlarına zidd gördüyü üçün onlardan bir və ya bir neçə nəfəri müxtəlif şirnikləşdirici vədlə (maddi dəstək, vəzifə və s.) parçalanmaya sövq etməsindən ibarətdir. Halbuki bir ləyaqətli qələm sahibi heç vaxt qələm müqəddəsliyini bu kimi ötəri oyunlara qurban verməməli, həyatda özgür olmağa çalışmalı, həmçinin, kiminsə maşası olmaqdan çəkinməyə mükəlləfdir. Unutmayaq ki, ədəbiyyat sahəsinə aid olmayanların bu sahədə söz və hökm sahibi edilməsi də zamanın gedişində bu qəbil fəsadlara yol aça bilər...


6. Tənqid və qəbulolunma problemi;
Sağlam tənqid mədəniyyətinin olmaması, özünü ziyalı və karifey sayanlardan bəzisinin hələ də tənqidlə təhqirin mənasını anlamaması, tənqidin şəxsi müstəviyə keçirilməsi və ya obyektiv və məntiqli, həm də səmimi tənqid qarşısında dözümsüzlük adətən tərəflər arasında barışmaz divarlar hörür və beləliklə də parçalanma prosesi başlayır.


7. Resurslar və tanınma uğrunda gedən rəqabətlər;
Ədəbi mühitin parçalanma səbəblərindən biri də maddi və mənəvi resursların (dövlət mükafatları, təqaüdlər, budovkaların verilməsi, kitab çapı imkanları, media işıqlandırılması və titullar) bölüşdürülməsi ilə bağlı qarşıya çıxan fərqli baxışlardan ibarətdir.
Bu resursların ədalətsiz paylandığını düşünən şəxslər (qələm sahibləri) birləşərək alternativ platformalar, jurnallar və ya dərnəklər yaratmağa çalışırlar. Biz bunun acı nümunələrini ötən əsrdən etibarən bütün Azərbaycan ədəbi mühitində, eləcə də müxtəlif bölgələrdə mövcud olan ədəbi mühitlərdə müşahidə etmiş və ya eşitmişdik...


8. Şəxsi ambisiyalar və "eqo" savaşları;
Yaradıcı insanlar adətən yüksək eqoya və fərqli həssaslığa sahib olurlar. Tənqid mədəniyyətinin olmaması və eyni halda düzğün formada həyata keçən tənqidə qarşı dözümsüzlük, bir-birinin uğurunu qəbul edə bilməmək və ya ədəbi nüfuz (liderlik) davası fərdi münaqişələri tez bir zamanda qrup davasına, parçalanmaya çevirir.
Kimlərsə və əslində daha çox "ulduz" xəstəliyinə mübtəla olanlar ədəbi mühiti ədəbiyyat çərçivəsindən çıxarıb onu mənəm-mənəmlik və ya "şou" göstərmək, reklam olunmaq, "əylənmək", "çal-çağır", "qonaqlıq və ziyafət", "yeyib-içmək", "deyib-gülmək", "rəqs edib şənlənmək" və digər bu kimi ötəri işlərlə idarə etməyə can atırsa, təbii ki, belələri xüsusi çərçivə daxilində sığışa bilmir və adətən xüsusi çərçivəni özlərinə zindanın dəmir barmaqlığı, eyni halda öz dırnaqarası "gələcək kariyeralarına" güclü sədd kimi görürlər. Aydın məsələdir ki, "ulduz" xəstəliyindən əziyyət çəkən zavallılar özlərini bircə an belə kiminsə idarəçiliyi altında görə bilmir, buna kəskin dözümsüz yanaşırlar. Belələri öz ədəbi yaradıcılığı və insani keyfiyyətinə fikir vermədən nəyin bahasına olursa-olsun öndə olmağa, başqalarını idarə etməyə can atırlar. Bununla da ədəbi mühitdə parçalanmaya qərar verərək öz həmfikirləri və bəzən də məsələnin mahiyyətindən xəbərsiz olan sadə insanlarla əlbir olur və ədəbi mühit adı altında yeni bir dəstə və ya dəstələrin formalaşmasına imza atırlar... Lakin unutmamaq lazımdır ki, belələrinin "gördüyü" və "qurub-yaratdığı" işlər adətən ötəri olur. Çünki bu qəbil parçalanmalara imza atanlar gec-tez öz ətrafında adam görmədikdə, əsil mənfur niyyətləri digər qələm sahiblərinə aşkar olduqda, maddi baxımdan sıxıntıya düşdükdə, mənasız və təkrarçı işlərdən bezdikdə və ya sonda fani dünya həyatı ilə vidalaşdıqda, hər şey bir anda yoxa çıxır və bir çox hallarda belələlərinin adı çəkiləndə belə, onlara rəhmət oxuyan da çox nadir hallarda müşahidə olunur...


9. Əqli qüsurlu adamların törətdiyi əndirabadi işlər...
Ədəbi mühitlərdə parçalanma səbəblərindən biri kimi bəzən ədəbi mühitlərdən baş çıxarmış bəzi əqli qüsurlu adamlar da ola bilər. Belələri öz bildiyini əsil həqiqət, öz istəyini isə bir zərurət sayaraq müxtəlif işlərə əl atır və beləliklə də ədəbi mühitdə parçalanmalara səbəb olurlar.
Hər şeyə rəğmən unutmayaq ki, həyatda ağıl sahibi olanlar heç vaxt pərakəndəliyə, dəstəbazlıq və ixtilafa can atmazlar. Buna gedən yalnız əqli qüsurlu adamlar və nadanlardır. Məhz bunu nəzərə alaraq öncə "Çağdaş Azərbaycan ədəbi mühitinin dərdi..." adlı məqaləmdə bir sıra təkliflərlə və o cümlədən, hər hansı bir ədəbi birliyin üzvülüyünə qəbul üçün lazım olan sənədlər arasında həm də namizədlərdən psixoloji və nevroloji baxımdan sağlamlıq haqqında ayayışin tələb edilməsini təklif etmişdim...
Hər halda yuxarıda təqdim edilmiş son iki amil tərəfindən həyata keçən parçalanmaların ədəbi prosesin bir hissəsi kimi deyil, ədəbi parçalanma və ədəbi fəlakət kimi təqdim edilməsi daha uyğundur. Əlbəttə, ədəb-ərkan və etikadan gələn ədəbiyyat sahəsinin həqiqi nümayəndələri bacarıqlı şair, bacarıqlı yazar, bacarıqlı tənqidçi və təhlilçi olmazdan öncə həm də həyatda yaxşı insan və gözəl şəxsiyyət sahibi olmağa mükəlləfdirlər. Bu baxımdan, yuxarıda təqdim edilmiş son beş amil əslində həqiqi ədəbiyyat adamlarına deyil, daha çox ədəbiyyat sahəsini özünə gəlir mənbəyi, ötəri həvəs və istəklərin reallaşdığı məkan, həmçinin, "şou" xarakterli bir mühit kimi görən dırnaqarası "ədəbiyyatçılara" və nadanlar aiddir. Heç şübhəsiz belələrinin arasında istedadlı şair, yazıçı, ədəbi təhlilçi və tənqidçi də mövcud ola bilər. Biz bunun müxtəlif, həm də acı nümunələrini hələ Sovetlər dönəmindən etibarən bu günədək görmüş, görə-görə də gəlirik. Lakin hər kəs yaxşı bilir ki, həyatda bacarıqlı ədəbiyyatçı olmaqla yaxşı və ziyalı insan olmaq iki ayrı və fərqli məsələdir. Bunlar yalnız insanda birləşdikdə o, əsil ziyalı ədəbiyyatçı adını qazana bilir.
Bu da bəlli məsələdir ki, həyatın istənilən sahəsində olduğu kimi, ədəbiyyat sahəsində də doğru-dürüstlük, ədəb, etika və mədəniyyət əsil aydınlıq və inkişafa, əyrilik, ədəbsizlik və mədəniyyətsizlik isə əsil qaranlıq və zülmətə aparan iki ayrı yollardır...

Nəticə:
Yaradıcı fərdlərin bir araya gəldiyi hər hansı mühitdə fikir ayrılıqlarının olması qaçılmazdır və belə bir fərqlilik çox vaxt ədəbiyyatın inkişafına təkan versə də bəzən kəskin qarşıdurmalara və parçalanmalara, bəzən də ədəbiyyat adına yaraşmayan nəticələrə yol açır. Bu baxımdan istənilən ədəbi mühitdə parçalanmanı təbii qarşılamalı, lakin onun qaynaqlandığı səbəbləri diqqət mərkəzində saxlamaq və kortəbii şəkildə bədii yaradıcılıq həyatı kimlərinsə ötəri həvəsi və mənəm-mənəmliyi yolunda qurban verilməməli, həmçinin, ədəbiyyatın adı hər bir halda uca tutulmalıdır. Bunun üçün yaşından, cinsindən, əməyindən, eləcə də ictimai, siyasi, mədəni və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs məsuliyyət daşımalı, ədəbi mühitdə baş verənlərə biganə yanaşmamalıdır...

 

“Ədəbiyyat və incəsənət”

(10.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.