”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş bayram tədbiri təşkil olunub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan icra başçısı iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək, bu əlamətdar günün Azərbaycan xalqının milli qürurunun və birliyinin təcəssümü olduğunu bildirib. O, tarixi qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə edildiyini, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin və dövlət suverenliyimizin tam bərpasının müasir tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Həmçinin şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, qazilərin və şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Çıxış edən millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid Cavid Səfərlinin anası Xatirə Səfərova və Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Mənsur Cahangirov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək, tarixi qələbənin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyini və Azərbaycan Ordusunun qəhrəmanlığını xüsusi vurğulayıblar. Çıxışlarda Zəfər Gününün xalqımızın milli qürurunun, dövlətimizin gücünün və birliyinin təcəssümü olduğu qeyd edilib.
Bayram tədbiri İmişli Rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səsləndirilən musiqi nömrələri xalqımızın qələbə sevincini və şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramı ifadə edib.
“Ədəbiyyat və incəsənət”
(09.11.2026)


