“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Sumqayıt şəhərində silsilə tədbirlər keçirilib. Bayram tədbirləri çərçivəsində Kimyaçılar Mədəniyyət Sarayında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın birlik və həmrəyliyinin, Azərbaycan Ordusunun güc və qüdrətinin parlaq təzahürüdür. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız uzun illər davam edən işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addım atılıb.
Zakir Fərəcov qeyd edib ki, Vətən müharibəsində əldə olunan tarixi Qələbənin qazanılmasında qəhrəman şəhidlərimizin və qazilərimizin misilsiz xidmətləri olub. Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsini daim uca tutur. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəldilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.
Daha sonra Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib.
Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə vətənpərvərlik ruhunda mahnılar, milli musiqi nümunələri və müxtəlif bədii kompozisiyalar səsləndirilib. İfa olunan musiqi əsərləri və təqdim edilən çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Bayram konsertinin aparıcılığını televiziya məkanının tanınmış simaları Saleh Bağırov və Lalə Azərtaş ediblər.
Zəfər Gününün altıncı ildönümü münasibətilə təşkil olunan bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(08.11.2026)


