Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Beyləqanda inşa edilən möhtəşəm “Şəhidlər” Abidə Kompleksinin tikinti prosesi ilə bağlı, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəni əks etdirən videoçarxlar izlənilib.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edib. Bildirib ki, bu möhtəşəm Zəfər xalqımızın milli birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və şəhidlərimizin müqəddəs qanı bahasına əldə olunan tarixi nailiyyətin təcəssümüdür.
RİH başçısı çıxışı zamanı Beyləqan rayonunda şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə də xüsusi diqqət yetirib. Qeyd olunub ki, şəhid ailələrinin təşəbbüsü və Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə inşa edilən möhtəşəm “Şəhidlər” Abidə Kompleksi və ətrafında salınan yeni park Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə göstərilən dərin ehtiramın, xalqımızın milli yaddaşına və qəhrəmanlıq tarixinə sədaqətinin ifadəsidir. Kompleksin inşası, ərazidə aparılan abadlıq və quruculuq işləri, eləcə də abidənin gələcək nəsillər üçün daşıyacağı mənəvi əhəmiyyət barədə məlumat verilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və beyləqanlı yazıçı, publisist Şəfəq Nasir çıxış edərək xalqımızı Zəfər Günü münasibətilə təbrik edib, tarixi Qələbənin əldə olunmasında Prezident İlham Əliyevin müstəsna rolundan, milli həmrəyliyin və dövlət-xalq birliyinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə şəhid ailələri adından şəhid ailəsi üzvləri Könül Vəliyeva, Qərib Təhməzov, Şəhla Mirzəyeva, eləcə də Vətən müharibəsi qazisi Asim Əliyev və digər iştirakçılar çıxış edərək Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi dəyərdən, şəhidlərimizin qəhrəmanlığından, qazilərimizin döyüş yolundan və dövlətimizin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Şəhid övladlarının ifasında səsləndirilən vətənpərvərlik ruhlu şeirlər tədbirə xüsusi kövrək və mənəvi ovqat qatıb.
Təntənəli ziyafət tədbiri Beyləqan Rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili-konsert və bədii kompozisiya proqramı ilə davam edib. Səsləndirilən vətənpərvərlik ruhlu musiqilər və təqdim olunan kompozisiyalar iştirakçılara Zəfər sevincini bir daha yaşadıb, qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsinə çevrilib.
“Ədəbiyyat və incəsənət”
(07.11.2026)


