Sözümüzün zəfəri – Zəfərimizin sözü Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Zəfər tariximiz xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və Vətən sevgisinin təntənəsidir. Bu tarixi qələbənin sözə, sənətə və ədəbi düşüncəyə köçürülməsi isə Zəfər ruhunun gələcək nəsillərə ötürülməsində mühüm mənəvi missiya daşıyır.

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi ilə adıçəkilən mərkəzin birgə təşkilatçılığı, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt Şəhər Mədəniyyət Evinin kollektivinin də iştirakı ilə Zəfər Gününə həsr olunmuş «Sözümüzün zəfəri – Zəfərimizin sözü» adlı layihə çərçivəsində tədbir keçirilib.

Tədbir zamanı mövzuya uyğun sərgi nümayiş etdirilib. Sərgidə Zəfər tariximizin qəhrəmanlıq salnaməsini, Vətən sevgisini və milli-mənəvi dəyərlərimizi əks etdirən nümunələr iştirakçıların diqqətinə çatdırılıb.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Prezidentin fərdi təqaüdçüsü, «Şöhrət» ordenli, Əməkdar müəllim Ofelya Babayeva açaraq Zəfər Gününün xalqımızın tarixindəki müstəsna yerindən, milli birliyimizin və qəhrəmanlıq ruhumuzun təcəssümünə çevrilən bu möhtəşəm qələbənin mənəvi əhəmiyyətindən bəhs edib.

Tədbirin aparıcısı, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin layihənin əsas məqsəd və məramını açıqlayıb. O, Zəfər tariximizin ədəbi-bədii formada təbliğinin, qəhrəmanlıq salnaməmizin söz vasitəsilə yaşadılmasının, şəhidlərimizin əziz xatirəsinin və qazilərimizin fədakarlığının sənət müstəvisində ifadəsinin əhəmiyyətini vurğulayıb.

Sonra söz ədəbi ictimaiyyətin nümayəndələrinə verilib. Şairlər Gülnar Ümid, Akif Amal, Xaqani Abbasəli Öztürk, Zakir Zahir, Polad İbrahimoğlu, Hikmət Fərzəli, Ədalət Əroğlu və Cabir Ağaoğlu Albantürk Vətənə, torpağa, şəhidlik zirvəsinə, qəhrəmanlıq və Zəfər ruhuna həsr olunmuş şeirlərini səsləndiriblər. Bədii nümunələrdə xalqımızın mübarizə əzmi, milli qüruru, Vətən sevgisi və tarixi Qələbənin yaratdığı mənəvi ucalıq poetik ifadəsini tapıb.

Tədbirdə müharibə veteranları – polkovnik Zeydulla Mustafayev və kapitan Fəxrəddin Behbudov da çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan əsgərinin misilsiz şücaətindən, döyüş meydanında nümayiş etdirilən qəhrəmanlıq və fədakarlıq nümunələrindən söz açıblar.

Şəhid anaları adından çıxış edən Sürəyya Mehdiyeva şəhid ailələrinin yaşadığı mənəvi ağrıdan, Vətən uğrunda canından keçən igidlərin unudulmamasının vacibliyindən danışıb. Onun çıxışı tədbir iştirakçılarına şəhidlik zirvəsinin müqəddəsliyini, Vətən sevgisinin ən ali fədakarlıq nümunəsi olduğunu bir daha xatırladıb.

Tədbirin bədii hissəsində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt Şəhər Mədəniyyət Evinin solisti Zaur Yusiflinin ifasında səslənən Zəfər nəğməsi mərasimə xüsusi ovqat və emosional çalar qatıb.

Sonda Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan  Sumqayıt Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidova çıxış edərək hər kəsi Zəfər Günü münasibətilə təbrik edib, bu əlamətdar tarixin milli yaddaşımızda və mənəvi dünyamızda daşıdığı əhəmiyyəti vurğulayıblar. Onlar tədbirin təşkilində əməyi olanlara və iştirakçılara təşəkkürlərini bildirərək belə layihələrin milli-mənəvi dəyərlərimizin, Vətən sevgisinin və Zəfər ruhunun təbliğində mühüm rol oynadığını qeyd ediblər.

Bir sözlə, «Sözümüzün zəfəri – Zəfərimizin sözü» layihəsi çərçivəsində keçirilən tədbir bir daha təsdiqləyib ki, Zəfər yalnız döyüş meydanında qazanılmış tarixi Qələbə deyil, həm də xalqımızın yaddaşına, ədəbiyyatına, sənətinə və mənəvi dünyasına həkk olunmuş əbədi bir dəyərdir. Bu Zəfərin sözü yaşadıqca, qəhrəmanlarımızın adı, şəhidlərimizin müqəddəs xatirəsi və xalqımızın qürur salnaməsi də daim yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.