İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunda Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, 30 oktyabr 2026-cı il tarixində Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Oğuz rayon Mədəniyyət Mərkəzinin və Şəki şəhər Narınqala Folklor klubunun təşkilatçılığı ilə ilk dəfə "Oğuz – etnik qrupların mədəniyyət beşiyi "adlı festival keçirilib.
Festival iştirakçıları əvvəlcə Oğuzda yaşayan etnik qrupların adət-ənənələrini, mədəniyyətini, həyat tərzini özündə əks etdirən, bununla yanaşı Oğuzun sənətkarlarının və Şəki şəhərindən qonaq qismində festivalda iştirak edən sənətkarların əl işlərinin, həmçinin şirniyyat növlərinin, mətbəx nümunələrinin sərgisi ilə tanış oldular.
Sonra tədbirin bədii hissəsinin açılışında Dövlət himnimiz səsləndirildi, Ulu Öndər Heydər Əliyevin,Şəhidlərimizin əziz xatirəsi anıldıqdan sonra Oğuz rayonunda yaşayan etnik qrupların üzvlərinin çıxışları başladı.
Şəki şəhərindən gələn yaradıcı şəxslər mahnılar ifa edib rəqslər təqdim etdilər.
Festivalda Oğuz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələləri üzrə sektorun müdiri Ayaz Ağayev, Yeni Azərbaycan Partiyasının Oğuz təşkilatının sədr müavini Mehman Ramazanov, Oğuzda yaşayan Yəhudi etnik icmasının sədri Şirin Şumiyev, Alban-udi icmasının, ləzgilərin, axıska türklərin nümayəndələri çıxış edərək Oğuz rayonunda həmrəy şəkildə, dostluq şəraitində yaşadıqlarından, onların öz adət-ənənələrinin qorunub yaşadılması üçün hər cür şəraitin yaradılmasından söz açdılar.
Tədbirin sonunda bütün iştirakçılar birlikdə yallı rəqsi oynayaraq Oğuzda yaşayan etnik qrupların dostluğunun, həmrəyliyinin əbədi olacağını əyani şəkildə tamaşaçılar qarşısında nümayiş etdirdilər.
Festivalın Oğuzda keçirilməsində əsas məqsəd tolerant rayon olan Oğuz rayonunda etnik qrupların birgə yaşayışını, mədəniyyətini tədbir iştirakçılarına, turistlərə tanıtmaq, təbliğ etmək məqsədi daşıyırdı.
“Ədəbiyyat və incəsənət”
(02.11.2026)


