Şabranda Zəfərimiz xatırlandı, şəhidlərimiz anıldı Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Heç kəs unudulmur, heç nə yaddan çıxmır!

Oktyabrın 26-da "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Şabran rayon Mədəniyyıt sarayında tarixi qələbəmizin altıncı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib.

 

Tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, məktəblərin müəllim və şagird kollektivləri iştirak edibş.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və Qələbəyə olan inamını əks etdirən videoçarx nümayiş etdirilib.

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək qeyd etmişdir ki,  erməni işğalçıları üzərində qazanılan tarixi qələbənin altıncı ildönümü tamam olur. Bu möhtəşəm qələbə heç də asan əldə olunmamışdır, xalqımız 30 il ərzində minlərlə şəhid vermiş, minlərlə gəncimiz sağlamlığını itirmişdir. 2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 günə başa çatan Tarixi Qələbə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Bu müddətdə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini gözlədi. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. Bu birlik bizi Qarabağa qaytardı və 8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı.    

Çıxış edənlər - Şabran Rayon İH başçısının müavini Natavan Mustafayeva, din xadimi Hacı Böyükağa Şükürov, Şabran rayon Ağsaqqallar Şurası İdarə Heyətinin sədri Adıgözəl Əliyev, Vətən müharibısinin şəhidi Xəyal Həsənovun anası Zərnişan Həsənova  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə, eyni zamanda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirin təşkil olunmasına minnətdarlıqlarını bildiriblər.

Rayon Mədəniyyət sarayının bədii qiraətçilərinin ifasında Vətən və Azərbaycan haqqında şeirlər ifa edilib.

44 günlük müharibənin 6-cı ildönümüdür və hər bölgədə anım tədbirləri keçirilir. Şəhidlər ölməz, Vətən bölünməz!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.