Sumqayıtda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

N. Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Demə, Səməd Vurğun gəldi-gedərdi” adlı ədəbi-bədii gecə keçirilib.

 

Tədbir çərçivəsində Mərkəzin foyesində şairin həyat və yaradıcılığına həsr olunmuş sərgi də təşkil edilib.

Ədəbi-bədii gecədə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin şairin zəngin yaradıcılığı haqqında qısa çıxış edib.

Əli Quliyevin rəhbərlik etdiyi “Xarıbülbül” ansamblının solisti, xanəndə Məlahət Hüseynovanın, aşıqlardan Kəmalə Qubadlının və Elməddin Məmmədlinin, “Könüllü qızlar” xor qrupunun, eləcə də gənc ifaçılar Mirzə Bağıyevin, Pənah Məmmədlinin, Zəhra Baxışovanın və Aynar Ağasızadənin ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib. İfaçılar tamaşaçıların rəğbətini qazanıblar.

Şairin lirik şeirlərinin Elay Xasıyev və Məryəm Hüseynlinin ifasında səsləndirilməsi, “Vaqif” dramından bir parçanın təqdim olunması, həmçinin “Şahinlər” rəqs qrupunun çıxışı tədbirə xüsusi rəng qataraq gecəni daha da yaddaqalan edib.

Beləliklə, Səməd Vurğunun zəngin ədəbi irsinə həsr olunmuş tədbir iştirakçılara xoş təəssürat bağışlayıb, şairin ölməz poeziyasının və sənət dünyasının bir daha yad edilməsinə vəsilə olub.

                                    

“Ədəbiyyat və incəsənət”

(21.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.