Sumqayıt teatrında yubiley törəni Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

Qonaqlı-qaralı Sumqayıt Dövlət Dram Teatrından bəhs edəcəyəm.

Oktyabrın 16-da teatrda yazıçı Nizami Muradoğlunun eyniadlı pyesi əsasında səhnələşdirilən “Zülmətdə nur” tamaşası növbəti dəfə nümayiş etdirildi. Bu dəfə tamaşa tanınmış aktyor, Prezident mükafatçısı Oktay Mehdiyevin 50 illik yubileyinə həsr olunmuşdu.

 

Səhnə əsərində 1937-ci il repressiyalarının qurbanı olmuş mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin faciəli həyatından bəhs edilir. Tamaşada, həmçinin Cavid əfəndinin müasirləri, əqidə və qələm dostları Əhməd Cavad və Mikayıl Müşfiqin, eləcə də onların ailələrinin yaşadığı ağır və məşəqqətli günlər əks olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə Telman Qəniyevdir.

Səhnə əsərində Əməkdar artistlər Rauf Ağakişiyev, Sədaqət Nuriyeva və İzaməddin Bağırov, eləcə də aktyorlar Habil Xanlarov, Oktay Mehdiyev, Yeganə Məmmədvəliyeva, Şəmistan Süleymanlı, Elay Xasıyev, Məryəm Hüseynli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşən Əsgərov, Kamran Muradlı, Rövşad İlyasov və başqaları çıxış ediblər.

Tamaşanın sonunda Sumqayıt Dövlət Dram Teatrının Yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov çıxış edərək Oktay Mehdiyevi yubileyi münasibətilə təbrik etdi. O, aktyorun zəngin yaradıcılıq yolundan və sənət fəaliyyətindən söz açdı.

Sonda teatrın direktoru Samir Şəfiyev tərəfindən Oktay Mehdiyevə fəxri fərman təqdim olundu.

Qeyd edək ki, Oktay Nüsrət oğlu Mehdiyev 22 oktyabr 1976-cı ildə anadan olub. O, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsinə qəbul olunub, 1998-ci ildə isə ali təhsilini başa vurub.

 

1999-cu ildən Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Oktay Mehdiyev bu müddət ərzində müxtəlif xarakterli, yaddaqalan obrazlar yaradıb.

Sənət fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilən aktyor 9 may 2024-cü il və 8 may 2025-ci il tarixlərində Prezident mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.