“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Yetmiş dörd il... Bir qəzet üçün bu, sadəcə illərin hesabı deyil. Bu, zamanın yaddaşından keçən, neçə-neçə nəslin sevincinə, qayğısına, uğuruna və arzularına şahidlik edən böyük və şərəfli bir yol deməkdir. 1952-ci il oktyabrın 13-dən ictimai-siyasi orqan kimi fəaliyyətini davam etdirən qəzetimiz ötən illər ərzində doğma şəhərin canlı salnaməsinə çevrilərək, Sumqayıtın keçdiyi tarixi yolun mühüm səhifələrini özündə yaşadıb.
Sumqayıtın ənənəvi sənaye mərkəzindən müasir, abad və dinamik bir şəhərə çevrilməsi prosesində qəzetimizin də özünəməxsus yeri və rolu var. Qəzet bir qayda olaraq şəhərin nəbzini tutub, insanların səsini sözə çevirib, şəhərdə gedən quruculuq proseslərini, ictimai həyatda baş verən yenilikləri, əmək adamlarının uğurlarını və müxtəlif sahələrdə əldə olunan nailiyyətləri, həmçinin insanların düşüncələrini, onların arzularını, qayğı və həyat hekayələrini oxucuya çatdırıb.
Qəzetin fəaliyyətinin bir qərinəsi isə dahi şəxsiyyət Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Sumqayıtın inkişafında əvəzsiz xidməti olan əbədiyar insanın gördüyü işlər qəzetimizin səhifələrində də geniş şəkildə öz əksini tapmışdır. Ulu Öndərin siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıtın siması tamamilə dəyişmiş və daha da gözəlləşmişdir.
Bu uzun və şərəfli yolun hər səhifəsində ayrı-ayrı vaxtlarda qəzetə rəhbərlik etmiş təcrübəli redaktorların zəhmətinin, peşəkar jurnalistlərin məsuliyyətinin, yaradıcılıq axtarışlarının və sözə sədaqətin izi var. Zaman dəyişib, informasiya məkanı genişlənib, kommunikasiya vasitələri yenilənib, oxucu auditoriyasının tələbləri və informasiya əldə etmək imkanları köklü şəkildə dəyişib. Lakin bir mühüm həqiqət öz əhəmiyyətini qoruyub: “Sumqayıt” qəzeti bütün dövrlərdə şəhərin yanında olub, onun həyatını işıqlandırıb, problemlərini gündəmə gətirib, uğurlarını təbliğ edib və Sumqayıtın sözünü deməyə çalışıb. Qəzet öz növbəsində şəhərdə reallaşdırılan müasir infrastruktur layihələri, tikinti-quruculuq və abadlıq işlərini tarixləşdirmişdir.
Bu gün “Sumqayıt” qəzeti həm zəngin keçmişə, həm də qarşıda dayanan yeni vəzifələrə nəzər salır. Çünki mətbuat üçün yaş yalnız zaman ölçüsü deyil, həm də etimadın, təcrübənin və məsuliyyətin göstəricisidir. Ötən illər ərzində formalaşan ənənələr gələcək fəaliyyət üçün möhkəm mənəvi və peşəkar zəmin yaradır. Deməli, “Sumqayıt” qəzeti həmişə sumqayıtlılarla bir yerdə olmuşdur, bundan sonra da belə olacaq, əziz oxucular!
“Ədəbiyyat və incəsənət”
(13.10.2026)


