İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oktyabrın 1-də Şəki Dövlət Dram Teatrında V Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və 147-ci mövsümünə başlayan Şəki Dövlət Dram Teatrının dəstəyi və iştirakı ilə təşkil olunan tədbirdə təşkilatçı qurumların nümayəndələri, tanınmış teatr və incəsənət xadimləri, festival iştirakçıları və qonaqları, eləcə də Şəki sakinləri iştirak ediblər.
Açılış mərasimindən əvvəl festival iştirakçıları Şəkidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra festivalın qonaqları Şəki Dövlət Dram Teatrında təntənəli şəkildə qarşılanıblar. Qonaqlar teatrın tarixini əks etdirən “Şəki teatrı: Dünən və bu gün” adlı sərgi ilə tanış olublar .
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Beynəlxalq Teatr Festivalının tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında festivalın şəhərin mədəni həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxışında Şəkini “Sənətkarlar diyarı” adlandırıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqının adından festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə xatirə hədiyyəsi təqdim edib.
Azərbaycanla yanaşı Qazaxıstan,Özbəkistan və İran teatr kollektivlərinin də iştirak etdiyi, oktyabrın 5-dək davam edən festivalın açılış gününün bədii proqramı Şəki Dövlət Dram Teatrının təqdim etdiyi “Uçqun” tamaşası ilə davam edib. Türkiyə dramaturqu Tuncer Cücenoğlunun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.
Tamaşada insanın daxilindəki qorxu hissinə qalib gəlməsi mövzusu ön plana çəkilir.
Beynəlxalq Teatr Festivalının 2-ci günü Qazaxıstanın Nartay Bekejanov adına Qızılorda Vilayət Qazax Akademik Musiqili Dram Teatrının təqdim etdiyi Aleksandr Ostrovskinin “Tufan” tamaşası ilə yadda qalıb. Cəmiyyət buxovlarından azad olmaq istəyən qadının daxili mübarizəsindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Dina Jumabayeva, rəssamı Aynur Esbolatova, bəstəkarı Nursultan Töreəli, rollarda isə Zalipa Tulepova, Uğım Baymaxanov və başqaları çıxış ediblər.
2014-cü ildən keçirilən, sayca V Şəki Beynəlxalq Teatr Festivalının 3-cü günü (oktyabrın 3-də) Azərbaycan Dövlət Pantomim Teatrı tərəfindən N.Qoqolun əsəri əsasında hazırlanan “Şinel” tamaşası nümayiş olunub.
Teatr Festivalının 4-cü günü (4 oktyabr 2026-cı il) İranın Ərdəbil Moqan Honar Teatrının təqdimatında “İçimdə bir Araz addımlayır” tamaşası nümayiş olunub.
Sonuncu gün isə Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim etmişdir.
Hər tamaşadan sonra teatr kollektivləri və onların rəhbərləri təltif olunmuşlar.
Festival çərçivəsində təqdim olunmuş tamaşalar teatrsevərlərin böyük marağına səbəb olmuş, onların müxtəlif ölkələrin səhnə sənəti və yaradıcılıq ənənələri ilə tanış olmağına imkan yaratmışdır.
Oktyabrın 5-də V Şəki Beynəlxalq Teatr Festivalının təntənəli bağlanış mərasimi keçirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(06.10.2026)


