Oğuz rayonunun təşkil olunmasının 95 illiyinə töhfə Featured

N. HÜSEYNLİNİN “OĞUZ RAYONU VƏ TANINMIŞ İNSANLARI” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

“Elm və təhsil” nəşriyyatında  Oğuz rayonunun tanınmış yazarlarından Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident təqaudçüsü, “Oğuz xəbərləri” qəzetinin məsul redaktoru Nazim Hüseynlinin  Oğuz rayonunun təşkil olunmasının 95 illiyinə həsr olunmuş “Oğuz rayonu və tanınmış insanları” adlı kitabı çap olunmuşdur.

 

Bu günlərdə Oğuz şəhərində həmin kitabın təqdimat mərasimi olmuşdur. Təqdimat mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, şəhid ailələrinin nümayəndələri, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Baki şəhərindən, Şəki və Qəbələ rayonlarından, digər yerlərdən gələn qonqaqlar və yerli ziyalıların nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbir AYB Oğuz bölməsinin sədri Vüsal Oğuzun moderatorluğu ilə keçirilmişdir. O, qeyd etmişdir ki, “Elm və təhsil” nəşriyyatında çap olunmuş, Oğuz rayonunun təşkil olunmasının 95 illiyinə həsr olunmuş “Oğuz rayonu və tanınmış insanları” adlı kitabı rayonun mədəni həyatında əlamətdar hadisədir. 444 səhifədən və 5 bölmədən ibarət olan kitabda rayonun keçdiyi tarixi yol, bugünkü inkişafı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Oğuza səfərləri, Oğuzun Sloveniyanın Nova Gorica şəhəri ilə qardaşlaşması, 44 günlük Vətən müharibəsində oğuzluların iştirakı, şəhidlərimiz, Oğuzun tanınmış insanları, rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin yaranması və keçdiyi yolla bağlı ətraflı məlumatlar, tanınmış şəxslərin Oğuz haqqındakı təəssüratları əks olunub.

Təqdimat mərasimində çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov tədbir iştirakçılarını salamlamış, kitabın müəllifinə rayonun 95 illiyinə həsr olumuş belə bir kitabın yazılmasına görə təşəkkür etmişdir.

Kitabın ön sözünün müəllifi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent İlyar Vahabov, kitabın redaktoru, texnika elmləri doktoru, professor Məhəmməd Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı N.İbrahimlinin anası Aqibət İbrahimova, Tehranda türkcə və farsca nəşr olunan ”Xudafərin” jurnalının təsisçisi və Baş redaktoru Hüseyn Soytürk, Azərbsaycan Dövlət İqtisad Universitetinin professoru Müslümat Allahverdiyevaya, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, “Şəki Ensklopediyası” MMC-nin və “Oğuz xəbərləri” qəzetinin təsisçisi Aydın Məmmədov, Milli Elmlər Akademiyası Şəki Elmi Mərkəzinin şöbə müdiri, tarix elmləri namizədi Rahim Həsənov, pedaqoji elmlər namizədi Nuralı Çələbiyev, Oğuz MKS-nın direktoru Nəzakət Qasımova tədbirdə çixış edərək kitabı yüksək qiymətləndirmiş, Oğuz rayonunun 100 illiyi ərəfəsində bu kitabın yenidən nəşr olunacaq variantının hazırlanması ilə bağlı təkliflərini vermiş, müəllifə uğurlar arzulamışlar.

Kitabın müəllifi N.Hüseynli çıxış edərək təqdimat mərasiminin təşkilinə görə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirova minnətdarlığını bildirmiş, qonaqlara, bütün tədbir iştirakçılarına mərasimə qatıldıqlarına görə təşəkkür etmişdir.

Kitab RİH Başçısına, qonaqlara, Heydər Əliyev Mərkəzinə, rayon Mərkəzi Kitabxanasına və tədbir iştirakçılarına təqdim edilmişdir.

Kitabın müəllifi N.Hüseynliyə Oğuz Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsi, “Şəki Ensklopediyası” MMC-nin Fəxri fərmanı, “Xudafərin” jurnalının təqdirnaməsi təqdim edilmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.