Xalq şairinə böyük sevgi və sayqı ilə Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıtda - Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Qərbi Azərbaycan İcmasının Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Xalq şairi, yazıçı, publisist və ictimai-siyasi xadim Sabir Rüstəmxanlı ilə görüş keçirilməsi barədə dünən sizləri məlumatlandırmışdıq.

Bu gün xəbəri təfərrüatla veririk.

 

Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyi olan Sabir Rüstəmxanlı zəngin yaradıcılığı, milli-mənəvi dəyərlərə bağlılığı, türk dünyasının ədəbi və mədəni irsinin təbliği istiqamətində fəaliyyəti ilə tanınır. Şairin yaradıcılığında Vətən, milli kimlik, azərbaycançılıq və Türk dünyası mövzuları xüsusi yer tutur.

Tədbirin əvvəlində Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Moderator İntiqam Yaşar tədbir iştirakçılarını salamlayaraq görüşü açıq elan edib. O, Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında geniş məlumat verib, şairin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən söz açıb.

Görüşdə Sumqayıtın tanınmış qələm adamlarından “Şöhrət” ordenli,  Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, “Zərdabi” nəşriyyat-poliqrafiya MMC-nin direktoru Aydın Məlikov, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, Əməkdar jurnalist Əli Nəcəfxanlı, yazıçı Almaz Bəyazid və başqaları çıxış ediblər.

Çıxışlarda Sabir Rüstəmxanlının Azərbaycanın ictimai-siyasi həyatındakı mühüm rolu, milli ədəbiyyatın inkişafına verdiyi töhfələr və çoxşaxəli yaradıcılıq fəaliyyəti diqqətə çatdırılıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək bu cür görüşlərin gənclərin milli-mənəvi dəyərlər, ədəbiyyat və mədəniyyətlə bağlı biliklərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbir çərçivəsində bədii qiraətçilərin ifasında Sabir Rüstəmxanlının şeirləri səsləndirilib.

Daha sonra Xalq şairi çoxsaylı oxucuların suallarını cavablandırıb, yaradıcılığı, ədəbiyyat və ictimai fəaliyyətlə bağlı fikirlərini bölüşüb.

Sonda Gənclərin İnkişaf və Karyera Mərkəzi və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən hazırlanmış təbrik plaketləri Sabir Rüstəmxanlıya təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.