Xalq şairi Sabir Rüstəmxanlı Sumqayıt gəncləri ilə görüşdü Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sabir Rüstəmxanlı Azərbaycan xalqına gözəl şeirlər, vətənpərvərlik və yurdsevərlik keyfiyyətləri bağışlamışdır, bu səbəbdən də azərbaycanlılar, o cümlədən, gənclərimiz onu çox sevirlər.

Elə Sumqayıt gəncləri də həmçinin. Eşidəndə ki Xalq şairi bura görüşə gələcək, hamı görüş üçün səbirsizlənmişdi.

Görüşsə 1 sentyabr tarixində şəhərin Heydər Əliyev Mərkəzində baş tutdu.

 

Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsi və Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutdu. Tədbirin açılışında GİKM-in Baş direktoru Azər Əliyev çıxış edərək Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rolundan bəhs etdi. Daha sonra DGTYB sədri İntiqam Yaşarın moderatorluğu ilə davam edən görüşdə Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyat, mədəniyyət, eləcə də öz həyat və yaradıcılıq yolu barədə fikirlərini bölüşdü. O, gənclərlə keçirilən görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı və iştirakçıların müxtəlif mövzularda ünvanladığı sualları cavablandırdı.

Tədbirdə, həmçinin Şöhrət ordeni laureatı Ofelya Babayeva, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, Qərbi Azərbaycan İcmasının Sumqayıt Şəhər nümayəndəliyinin Gənclər üzrə sədri Fuad Məmmədov, şairə Almaz Bəyazid, “Zərdabi” nəşriyyat-poliqrafiya müəssisəsinin direktoru Aydın Məlikov və digər qonaqlar çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı və zəngin həyat yolu ilə bağlı fikirlərini bölüşübdülər.

Görüş çərçivəsində qiraətçilər Ayna Səs və Müşfiqə Baləddinqızı tərəfindən Sabir Rüstəmxanlının yaradıcılığından nümunələr səsləndirildi.

Tədbirin sonunda Xalq şairi iştirak edən gənclər üçün kitablarını imzaladı. Həmçinin tədbir zamanı yubilyara GİKM və DGTYB tərəfindən xüsusi təltiflər təqdim olundu və xatirə fotosu çəkdirildi.

Qonaqlı-qaralı Sumqayıt şəhərinin gəncləri bu dəfəki qonaqla görüşdən əsla doymadılar. Sinəsi söz boxçası olan Sabir Rüstəmxanlının maraqlı söhbətlərindən doymaqmı olar.

 

“Ədəbiyyat və incəsənət”

 

(03.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.