Keçiören Bələdiyyəsinin geniş nümayəndə heyətinin Sumqayıta səfəri Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Ankara şəhərinin Keçiören Bələdiyyəsinin sədri Mesut Özarslanın rəhbərlik etdiyi geniş nümayəndə heyəti Sumqayıt şəhərinə rəsmi səfər edib.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, eyni zamanda Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər rəsmi şəxslər olublar.

 

Sumqayıt Bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə yerli özünüidarəetmə sahəsində həyata keçirilən layihələr, şəhərin sosial-iqtisadi inkişafına yönəlmiş təşəbbüslər, bələdiyyələr arasında əməkdaşlıq imkanları və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Keçiören Bələdiyyəsinin nümayəndə heyətinin Azərbaycana səfəri qardaşlaşmış bələdiyyələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Səfər proqramına Sumqayıt, Binəqədi, Nizami, Şamaxı, Yevlax və Tovuz bələdiyyələri daxildir. Bu səfərlər çərçivəsində nümayəndə heyətini Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev müşayiət edir.

Vurğulanıb ki, nümayəndə heyəti Sumqayıt şəhərinə gəlməzdən əvvəl şəhər və Sumqayıt Bələdiyyəsinin fəaliyyəti ilə bağlı geniş məlumat əldə edib. Bu seçim Sumqayıt Bələdiyyəsinin son illər yerli özünüidarəetmə sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəyə göstərilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilib.

Görüş zamanı Keçiören Bələdiyyəsinin başqanı Mesut Özarslan Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovu qardaş Keçiören Bələdiyyəsinə rəsmi səfərə dəvət edib. Tərəflər qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və birgə layihələrin gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildiriblər.

Səfərin sonunda tərəflər xatirə hədiyyələri təqdim edib, qarşılıqlı ehtiram və dostluq münasibətlərinin rəmzi olaraq xatirə şəkli çəkdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.