Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin, Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyətin nümayəndələri, mədəniyyət işçiləri və hərbi hissənin şəxsi heyəti iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Allahyarlı kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi Səfər Şirinov, Mədəniyyət Mərkəzinin direktoru Fikrət Ağayev, şəhid Siyahim Dəmirovun anası Pəri Dəmirova və digər şəhid valideyinləri çıxış edərək Silahlı Qüvvələr Gününün əhəmiyyətindən, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan və ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib və hərbçilərə xidmətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, məhz ordu quruculuğu sahəsində əldə olunan uğurlar nəticəsində Silahlı Qüvvələrimiz 44 günlük Vətən Müharibəsində Zəfərə imza atmış və 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilən antiterror hadisələri zamanı Dövlət müstəqilliyini təmin etmişdir.
Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq Musiqi Məktəbinin hazırladığı rəngarəng konsert proqramı təqdim olunub.
Sonda hərbi hissənin qərərgah rəisi Mərahim İsmayılzadə çıxış edərək, keçirilən belə tədbirlərin əsgərlərin asudə vaxtlarının təşkilində xüsusi əhəmiyyətini qeyd edib və tədbirin təşkilinə görə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi başda olmaqla tədbirdə iştirak edən bütün mədəniyyət işçilərinə təşəkkürünü və minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(27.06.2026)


