“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunları növbəti dəfə qəbul imtahanlarında yüksək nailiyyətləri ilə fərqləniblər. Cari tədris ilində III ixtisas qrupu üzrə qeydə alınan ən yüksək nəticələrdən biri Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin məzunu Fidan İlham qızı Hüseynzadəyə məxsusdur.
Fidan Hüseynzadə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının hər iki mərhələsində yüksək bilik və hazırlıq nümayiş etdirərək ümumilikdə 690 bal toplayıb. O, imtahanın birinci mərhələsində 293,8 bal, ikinci mərhələsində isə 396,2 bal nəticə göstərərək III ixtisas qrupu üzrə regionun ən yüksək nəticə əldə edən məzunlarından biri kimi fərqlənib.
Bu uğur gənc məzunun uzunmüddətli zəhmətinin, məqsədyönlü hazırlığının və təhsilə məsuliyyətli yanaşmasının bariz nümunəsidir. Eyni zamanda, əldə olunan nəticə məktəbdə həyata keçirilən keyfiyyətli tədris prosesinin, müəllimlərin peşəkarlığının və şagird-müəllim əməkdaşlığının uğurlu göstəricisi kimi qiymətləndirilir.
Son illər Abşeron-Xızı Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələrində şagird nailiyyətlərinin yüksəlməsi, qəbul imtahanlarında yüksək bal toplayan məzunların sayının artması regionda təhsilin inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi kimi diqqət çəkir. Bu baxımdan Fidan Hüseynzadənin qazandığı uğur həm məktəbin, həm də region təhsilinin nailiyyətlər sırasına əlavə olunan mühüm göstəricilərdən biridir.
Təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan bu nəticə gənclərin elmə və biliyə marağının artırılması, onların gələcək uğurlar üçün ruhlandırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Fidan Hüseynzadənin əldə etdiyi yüksək göstərici digər şagirdlər üçün nümunə olmaqla yanaşı, Azərbaycan gəncliyinin intellektual potensialının və ölkədə təhsilin keyfiyyətinin daha bir təsdiqi kimi dəyərləndirilir.
Yüksək nəticə göstərən məzunu, onun valideynlərini və müəllimlərini təbrik edir, gələcək təhsil və peşə fəaliyyətində yeni uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(19.06.2026)


