“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bərdə şəhərində oxucuların böyük marağına səbəb olan növbəti ədəbi tədbir baş tutub.
"Bərdə Kitab Evi"nin təşkilatçılığı və Bərdə Peşə Mərkəzinin dəstəyi ilə müasir Azərbaycan ədəbiyyatının tanınmış siması, detektiv ustası Elxan Elatlı ilə oxucuların görüşü və imza günü keçirilib.
Görüş zamanı yazıçı öz yaradıcılıq yolu, yeni nəşr olunan əsərləri və gələcək planları barədə oxucularla səmimi söhbət edib. Tədbir çərçivəsində müəllif oxucuların suallarını cavablandırıb və onlara öz kitablarını imzalayıb.
Xüsusilə diqqətçəkən məqamlardan biri Elxan müəllimin kitab evinə olan sevgisi və kitabçı peşəsinə hörməti olub. Yazıçı zarafatla qeyd edib ki:
"Burada mühit o qədər xoşdur ki, özümü sadəcə qonaq deyil, bir kitabçı kimi hiss edirəm və burada elə kitabçı kimi də qalmaq istəyirəm."
Təşkilatçılar bu cür tədbirlərin rayonda mütaliə mədəniyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. "Bərdə Kitab Evi" yaxın gələcəkdə oxucuları daha yeni və maraqlı sürprizlərin gözlədiyini, tanınmış qələm sahibləri ilə görüşlərin davamlı olacağını qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(20.04.2026)


