İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunun ən böyük kəndi olan Xaçmaz kəndindəki 23 saylı kitabxana filialında Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə kitab sərgisi təşkil olunub.
Əvvəlcə kitabxanaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı iştirakçıların diqqətinə çatdırıb, bu sərəncamın böyük memarın irsinin öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra tədbir iştirakçılarına Əcəmi Naxçıvaninin həyatı və yaradıcılığı haqqında qısa, lakin əhatəli məlumat verilib. Bildirilib ki, Əcəmi Naxçıvani Azərbaycan memarlıq tarixində özünəməxsus üslub yaratmış, xüsusilə Naxçıvan memarlıq məktəbinin formalaşmasında mühüm rol oynamışdır. Onun yaratdığı möhtəşəm memarlıq abidələri – türbələr və digər tikililər təkcə Azərbaycanın deyil, ümumilikdə Şərq memarlığının inciləri hesab olunur. Bu abidələr xalqımızın zəngin mədəni irsinin və yüksək sənətkarlıq ənənələrinin parlaq nümunəsidir.
Tədbirin davamında sərgiyə baxış keçirilib. Sərgidə Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına dair kitablar, məlumat materialları, şəkillər və memarlıq irsini əks etdirən nəşrlər nümayiş etdirilib. Kitabxanaçı şagirdlərə sərgiyə təqdim olunan ədəbiyyatlar haqqında məlumat verib, onların bu mövzuya marağını artırmağa çalışıb.
Tədbirdə Oğuz rayon Xaçmaz kəndində yerləşən Mirzə Fətəli Axundov adına bir saylı tam orta məktəbin şagirdləri iştirak edib. Şagirdlər böyük memarın irsi ilə yaxından tanış olub, Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin qorunmasının vacibliyi barədə məlumat əldə ediblər.
Bu cür tədbirlərin keçirilməsi gənc nəslin milli-mədəni irsə marağının artırılmasına, tariximizin və görkəmli şəxsiyyətlərimizin tanıdılmasına, həmçinin vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda oxucuların elmi və tarixi biliklərinin zənginləşməsinə xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(17.03.2026)


