Musiqiyə bağlı ömür

Mehparə Bəkirova,

Oğuz Rayon Mərkəzi Kitabxanasınıninformasiya resurs şöbəsinin müdiri. “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan musiqi sənətinin zəngin xəzinəsində muğamla yanaşı bəstəkar və xalq mahnıları da xüsusi yer tutur. Bu incə və duyğulu musiqiləri dinləyicilərə sevdirən isə istedadlı ifaçılardır. 

Mirməhəmməd də onlardan biridir. Onun şirin və məlahətli səsi, kamil ifaçı kimi yetişməsi həm öz zəhməti, həm də nəsildən gələn musiqi qabiliyyəti ilə bağlıdır. Mirməhəmmədin atasının, əmisinin və bacı-qardaşlarının da gözəl səsi olmuş, bu musiqi irsi nəsildən-nəslə ötürülüb.

 

Oğuzun yetişdirdiyi ifaçılardan biri olan Mirməhəmməd Malıyev təkcə muğam ifaçılığı ilə deyil, həm də bəstəkar və xalq mahnılarını öz şirin, məlahətli səsi ilə ifa etməsi, onlara xüsusi rəng və ruh qatması ilə tanınır. Onun ifaları dinləyicilərdə həmişə xoş təəssürat oyadıb.

Malıyev Mirməhəmməd Məhəmməd oğlu 5 mart 1961-ci ildə  Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. Gözəl səsi və musiqiyə olan həvəsi onu orta məktəbi bitirdikdən sonra mədəniyyət sahəsində çalışmağa sövq edib. 1978-ci ildə rayon Mədəniyyət Evində avtoklub müdiri kimi əmək fəaliyyətinə başlayıb. 

1979-cu ildə hərbi xidmətə çağrılıb. Hərbi xidmətini başa vurduqdan sonra, 1981-ci ildə Şəki Musiqi Texnikumunun muğam şöbəsinə daxil olub.

1983-cü ildə Xankəndidə keçirilən respublika “Muğam” festivalının laureatı olub. Həmin festivalda qazandığı uğur onun sənət yolunda mühüm mərhələ sayılır. O dövrdə festivalı izləyən Azərbaycan Dövlət Filarmoniyasının direktoru, görkəmli dirijor maestro Niyazinin dəvəti ilə festival laureatları Filarmoniyanın səhnəsində konsert proqramı ilə çıxış ediblər.

O, sonralar Şəki İpək Kombinatının klubunda bədii rəhbər kimi fəaliyyət göstərib. 1984-cü ildə Şəki Musiqi Texnikumunu bitirib. Daha sonra Şəki şəhər Müəllimlər Evində və Səhiyyə Maarifi Evinin klubunda bədii rəhbər vəzifəsində çalışıb. 1981–1991-ci illərdə eyni zamanda Şəki Şəhər Mədəniyyət Evində keçirilən tədbirlərdə fəal iştirak edib.

Mirməhəmməd Malıyev 1990-cı ildən Oğuz rayonunda fəaliyyət göstərib. Burada əvvəlcə avtoklub müdiri, bədii rəhbər, daha sonra isə rayon Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb. Sonra isə həmin müəssisədə rejissor kimi fəaliyyətini davam etdirib.

Mart ayında Oğuz rayon Mədəniyyət Mərkəzində istedadlı müğənni Mirməhəmməd Malıyevin “Oğuzum mənim” klipinin təqdimatı keçirilib. Təqdimatda rayon ictimaiyyəti və musiqi kollektivləri iştirak edib. Klip "Niyaz Retro Production" studiyası tərəfindən çəkilib. Videoda musiqi fonunda Oğuzun dağları, gözəl mənzərələri və şəhərin tarixi tikililəri əks olunub.

Sözləri oğuzlu, tanınmış hüquqşünas Ənvər Seyidovun, musiqisi Nailə Mirməmmədlinin olan “Oğuzum mənim” mahnısı səsləndikcə rayonun təbii gözəllikləri – başı qarlı dağlar, Əlican çayı və Xalxal çayları, şəhərin yuxarı başındakı su hövzəsi, yeni salınmış parklar, “Afra” otel-turizm mərkəzi, körpələr evi-uşaq bağçaları və digər məkanlar göz önündə canlanır. Klip həm rayonumuzun infrastruktur və quruculuq işlərini, həm də tarixi-mədəni irsimizi təqdim edir.

 “Oğuzum mənim” klipi internetdə yerləşdirilib və insanlar tərəfindən böyük maraqla izlənilir. Bu klip həm rayonumuzun gözəlliklərini tanıtmaq, həm də turizmi inkişaf etdirmək üçün dəyərli bir töhfədir.

Mirməhəmməd Malıyev ailəlidir. Həyat yoldaşı Oğuz şəhər 3 saylı körpələr evi–uşaq bağçasında tibb bacısı işləyir. Onların bir oğlu və bir qızı var. 

Mirməhəmməd Malıyevin ənənələrini oğlu davam etdirir. Oğlu Hikmət Oğuz şəhərindəki 7 illik Uşaq Musiqi Məktəbinin xanəndəlik şöbəsində müəllim işləyir. İfaları rayon musiqisevərləri tərəfindən böyük maraqla qarşılanır və sevilir. Hikmət Şəki Musiqi Texnikumunun muğam şöbəsini bitirib və rayon tədbirlərində, el şənliklərində gözəl ifaları ilə tamaşaçıları məftun edir. Beləcə, atası Mirməhəmməd Malıyevin sənət yolunu uğurla davam etdirir.

Sənətə olan sevgisi, zəhməti və səmimi ifası ilə Mirməhəmməd Malıyev uzun illərdir ki, rayonumuzun mədəni həyatında özünəməxsus yer tutub. Onun ifaları musiqisevərlərin yaddaşında xoş xatirə kimi yaşayır və milli musiqimizin yaşadılmasına dəyərli töhfə olur.

Bu günlərdə Mirməhəmməd Malıyevin 65 yaşı Oğuz rayon Mədəniyyət Mərkəzində böyük təntənə ilə qeyd edildi. Tədbir Mirməhəmməd sevərlərin onun sənətinə olan sevgi və məhəbbətlərinin nümayişinə çevrildi. Bu yubiley tədbirini həm də Mirməhəmməd Malıyevin Oğuzun musiqi həyatında tutduğu əhəmiyyətli yerin təsdiqi kimi dəyərləndirmək olar.

İnanırıq ki, onun yüksək ifaçılıq mədəniyyəti gələcək nəsillər üçün güclü stimul olacaqdır. Hörmətli sənətkarımıza gələcək həyatında sağlıq və yeni  sənət uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.