Bir kitabxana əməkdaşı bir şairəyə qonaq getdi... Featured

İmran Verdiyev,

          Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

14 Fevral Beynəlxalq Kitab Bağışlama Günüdür.  Hər il 14 fevral tarixində qeyd olunan, kitaba sevgini artırmaq və kitabları bölüşmək məqsədi daşıyan könüllü bir bayramdır. 2012-ci ildən etibarən Emmi Brodmoor tərəfindən əsası qoyulan bu gün, insanları   bir-birinə kitab hədiyyə etməyə və kitabxanalara dəstək olmağa təşviq edir.

 

Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda kitabxanalarda, məktəblərdə və sosial platformalarda aksiyalar keçirilir, kitablar bağışlanır.

Bu cür aksiyalar  Oğuz rayon MKS-i tərəfindən də keçirilib. Belə aksiyaların biri də MKS-nin 24 nömrəli Xaçmaz kənd  kitabxana filialı tərəfindən təşkil edilib. Belə ki, kitabxananın əməkdaşı Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Xaçmaz kəndinin yetirməsi, şairə Sədaqət Oğuzlu ilə evində görüşüb.

Sədaqət Oğuzlu həm Oğuz, həm də Qəbələ ədəbi mühitində özünəməxsus yaradıcılıq üslubu ilə seçilən qələm sahiblərindəndir. Azərbaycan Yazıçılar Birliyinin və "Qəbələnin səsi" ədəbi birliyinin üzvüdür. Kənd mühitində, zəhmətkeş insanlar arasında yaşayan şairə həyata və təbiətə açıq gözlə baxır, gördüklərini incə duyğularla misralara çevirib.

Sədaqət xanımın Vətən müharibəsindən əvvəl və sonra qələmə aldığı vətənpərvərlik, sevgi və məhəbbət mövzusunda şeirləri bütün oxucular tərəfindən sevilərək oxunur.

Görüşün sonunda qarşılıqlı kitab bağışlama olub. Şairə “Gəl, başına dolandığım” adlı kitabını kitabxanaya hədiyyə edib.  

Sədaqət Oğuzlu kimi şair və yazıçıların kitabxanalara kitab hədiyyə etməsi kitabsevərlərə dəyərli töhfə olmaqla yanaşı, mütaliənin təbliği baxımından da təqdirəlayiqdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.