Malik Şahbazov - Cəlilabadın tanınmış incəsənət xadimi... Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, teoloq, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət” üçün

 

Cəlilabad diyarının tanınmış və görkəmli incəsənət xadimlərindən biri də Malik Səfər oğlu Şahbazov olmuşdur. O, 1939-cu ilin iyul ayının 9-da Astraxanbazar (indiki Cəlilabad) şəhərində dünyaya göz açmışdır.

İbtidai təhsilini doğulduğu şəhər 8 saylı məktəbdə başlamış və 1956-cı ildə orta təhsilini müvəffəqiyyətlə bitirərək orta təhsil haqqında Attestatını almişdir. 1957-ci ildə sabiq Azərbaycan SSR Pambıqçılıq Nazirliyi tərəfindən tədris edilən "Aqrotexniki kursu"nu əla qiymətlə bitirmiş və həmin nazirlik tərəfindən "Usta" adını xüsusi şəhadətnamə əsasında almışdır. Hərbi xidmətdən sonra Astraxanbazar (Cəlilabad) rayon Mədəniyyət Evində bədii rəhbər, təlimatçı və inspektor vəzifələrində çalışmışdır.

1960-1965-ci illər ərzində Bakı şəhərində Mədəni-Maarif İxtisas Məktəbində tar üzrə ali təhsil almış və ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra müxtəlif konsert və eləcə də el məclislərində tarzən kimi fəaliyyət göstərmişdir.

Malik müəllim Cəlilabad rayonunda 40 ildən çox mədəniyyət və incəsənət sahəsində ardıcıl və səmərəli fəlaiyyət göstərən mədəniyyət xadimlərindən sayılır. O, Sovetlər dönəmində 1967-ci ildən Sovetlər Birliyinin süqutuna qədər müddət ərzində "Cəlilabad Rayon Pioner və Məktəblilər Evi"nin direktoru vəzifəsində çalışaraq bu mərkəzdə fəaliyyət göstərən "Rəssamlıq" (Təsviri-incəsənət), "Xalçaçılıq", "Dərzilik", "Musiqi", "Şahmat" və digər dərnəklərin səmərəli fəaliyyətinə yaxından rəhbərlik etmiş və bir çox uşaq və yeniyetmənin incəsənət sahəsində yetişməsində, sənət və peşəyə yiyələnməsində müstəsnasız rol oynamışdır. Cəlilabad rayonunun ilk xanım rəssamı kimi adı rayon tarixinə qızıl hərflərlə düşmüş Laləzar xanım Əsədovanı (Sadıqova) həmin evdə təsis etdiyi Təsviri incəsənət dərnəyinə dəvət edən də məhz mərhum Malik müəllim olmuşdur. Qeyd etmək lazımdır ki, Laləzar müəllimə burada 1985-1990-cı illər ərzində müəllim işləyərək rəssamlıq sənətinin incəlikləri və məharətini çoxsaylı şagirdlərinə öyrətmişdir.

Ümumiyyətlə, Cəlilabad Pioner və Məktəblilər Evi də məhz onun adı ilə bağlıdır. Çünki həmin məktəb yarandığı zamandan (1967) müstəqillik illərinə qədər onun direktoru məhz Malik müəllim olmuşdur.

Malik Şahbazov "Cəlilabad Rayon Pioner və Məktəblilər Evi"nin ləğvindən sonra bir müddət Cəlilabad şəhər Şahmat Məktəbində dərnəy rəhbəri vəzifəsində çalışmış və daha sonra təqaüdə çıxmışdır.

O, Cəlilabad rayonunun tanınmış ziyalı və mədəniyyət xadimlərindən biri idi. Öz dəyərli ömrünün böyük hissəsini mədəniyyət və incəsənətin inkişafına sərf etmişdir. Azərbaycan Respublikasının Xalq artisti mərhum Teymur Mustafayev öz söhbətlərinin birində incəsənət sahəsində qazandığı uğurları üçün şəxsən Malik müəllimə borclu olduğunu dilə gətirmişdir. Bu da Malik müəllimin incəsənət və mədəniyyət sahəsində peşəkarlığı, əzmkarlığı və yüksək səviyyəli idarəçiliyindən xəbər verirdi.

Məhz bu baxımdan mədəniyyət və incəsənət sahəsində göstərdiyi müsbət və faydalı fəaliyyətinə, respublika daxilində keçirilən musiqi və mədəniyyət müsabiqələrində fəal iştirakına və uşaq olimpiyadalarının təşkil edilməsində peşəkar idarəçiliyinə görə dəfələrlə bir çox fəxri fərman və qramotalarla təltif edilmişdir. Bu fəxri fərmanlar və qramotalar arasında 1977-ci ildə "Oxu tar-77" müsabiqəsində yaxşı çıxışına görə Azərbaycan SSR Cəlilabad RXMŞ və "Maarif İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi" tərəfindən təqdim edilmiş qramota və 1983-cü ildə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən təqdim edilmiş fəxri fərmanı xüsusilə vurğulamaq olar.

Onun ömür-gün yoldaşı mərhum Maisə xanımla birgə ailə həyatından iki övlad (2 oğul) payı vardır. Doğma elimizin dəyərli incəsənət xadimi Malik müəllim Şahbazov 2020-ci ildə "Covid-19" pandemiyası nəticəsində dünyasını dəyişmiş və ədəbiyyətə qovuşmuşdur. Məlumat üçün qeyd etmək lazımdır ki, Cəlilabad şəhəri 2 saylı tam orta məktəbində uzun illər boyu kimya və biologiya fənni üzrə tədrislə məşğul olmuş Maisə müəllimə 2003-cü ildə dünyasını dəyişmişdir. Ruhları şad, xatirələri əziz, məkanları Cənnət olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.