“Ədəbiyyat və incəsənət” portalı Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Dil və Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Böyükxanım İbrahim qızı Eminlinin “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı məqaləsini təqdim edir.
Hüquqşünas olmaq istəyirdim. Uşaqlıq arzum idi... Həm də atamın arzusu idi... Paqonlu xanımlar görəndə deyirdi ki, sən də böyüyəndə belə olacaqsan, qızlara paqonlu geyimlər çox yaraşır. Düşünürdüm ki, hüquqşünas olaraq insanlara daha çox xidmət edə, fayda verə bilərəm. “Ədalətin keşiyində dayanmaq”, “cəmiyyəti cinayətlərdən təmizləmək”, “canini deyil, cinayəti məhv etmək” kimi şüarlarla yaşayırdım. Bəzən yuxularımda özümü vəkil kimi görürdüm, günahsız caniləri müdafiə edib, onlara bəraət qazandırırdım. Bəzən də boyum bəstə olduğu üçün məndən hüquqşünas olmaz deyə düşünürdüm. Zamanı qovaraq tez böyümək və bu arzuma çatmaq istəyirdim.
Amma illər keçdi və mən hüquq fakültəsinə qəbul ola bilmədim. Təsadüf məni filologiya fakültəsinə gətirdi, mən də çox tez təslim olub, bu qismətimlə barışdım. Buna rəğmən, müəllim olacağımı ağlıma belə gətirmirdim. Təsadüf nəticəsində ali məktəblərin birində işə düzəldim. İlk auditoriya dərsimdən sonra anladım ki, mən müəllim olmalıyam: anladım ki, müəllimlik mənim bu həyatda missiyamdır, həyat fəlsəfəmdir. Ali məktəblərin tələblərinə müvafiq olaraq elmi iş götürüb fəlsəfə doktoru da oldum. Müəllim kimi yetərincə tələbatlı olmaq üçün alim oldum. Elmin dərinliklərinə yaxşı, savadlı müəllim olmaq üçün getdim. Yaxşı nə etdimsə, müəllim adını şərəflə daşımaq üçün etdim. Tələbələrim mənim dostum, həmsöhbətim, sınaqdaşım oldular. Mən də tələbələrimin dostu, sirdaşı, yoldaşı ola bildim. Anladım ki, mən özümü tapmışam, məhz bu peşəmdə tapmışam. Bu da məni xoşbəxt etmişdi.
Çox düşünürəm ki, məni müəllim olmağa nə sövq etdi?! Həyatımda nə baş verdi, kimlərin nümunəsinə baxıb müəllim olmağa qərar verdim?! Bu suala cavab axtardıqca ömrümün müxtəlif dönəmlərindəki seçimlərim, arzu və istəklərim, eləcə də gördüklərim məni unudulmayan bir keçmişimə aparır.
Oxuduğum orta məktəb ötən əsrin 70-80-ci illərində yaşadığım şəhərin ən yaxşı məktəblərindən biri idi. Müəllimlərim də şəhərin tanınan fənn müəllimləri idi. O illərdə şagirdlər repetitor yanına getmirdilər. Yadımdadır ki, yaxşı oxuyan bir sinif yoldaşım riyaziyyatdan müəllim yanına gedirdi. Riyaziyyat müəllimimiz – Kamal müəllim bir dəfə sinifdə həmin oğlana acıqlanmışdı: “Məgər mən sənə pis dərs keçirəm ki, sən başqa müəllim yanına gedirsən?” Belə müəllimlər vardı... Allah onlara rəhmət eləsin! Müəllimlərimiz vardı ki, dərsdən geri qalan şagirdləri dərsdən sonra saxlayıb, təmənnasız məşğələlər keçirdilər. Müəllimlərimiz vardı ki, imkansız şagirdlərə maddi cəhətdən əl tuturdular, amma nə şagird, nə də valideynləri, nə də məktəb kollektivi bundan xəbər tuturdular. Belə müəllimlərdən dərs aldım. Həm elm, həm də dərs aldım. Öyrənənlərlə ünsiyyət qurmağı, dərs keçməyi, bildiyimi paylaşmağı və s. gözəl olanları məhz onlardan öyrəndim. Onların simasında müəllimliyi sevdim.
Ömrümün ikinci mərhələsində – ali təhsil aldığım dövrdə universitet müəllimlərim mənimçün bir örnək oldu. Elmin dərinliklərinə qərq oldum, bu yolda müəllimlərim mənə çıraq oldu. Daha sonrakı mərhələdə gözəl tələbələrim mənim müəllim olmaq həvəsimi birə on artırdılar. İntizamlı öyrənən idim, intizamlı öyrədən oldum. Sevilən şagird idim, sevilən müəllim oldum. Tələbələrimin sevgisi, hörməti, istiliyi daxilimdə bu peşəyə olan dərin sevgimlə bərabər yoğruldu. Belə olmasaydı, illər öncə məzun olmuş tələbələrimin işlədiyi müəssisələrdə, məktəblərdə necə sevilərək qarşılandığımı görməzdim. Bu tələbələrimin sırasında müəllimlər, alimlər, bank işçiləri, müəssisə rəhbərləri, məktəb və uşaq bağçası direktorları da var. Belə insanların yetişməsində mənim də azacıq əməyimin olmasından çox xoşbəxtəm. Və bu xoşbəxtliyin ağuşunda gördüm ki, məni bir ömür boyunca şagird-müəllim, tələbə-müəllim, müəllim-tələbə münasibətləri müşayiət edir. O zamandan anladım ki, müəllimlik peşələrin şahıdır!
Bəlkə də bəziləri üçün bu ad, sadəcə, peşədir, çörək, qazanc mənbəyidir. Mənimçün isə müəllimlik mənəvi dəyəri olan müqəddəs bir missiyadır, “peyğəmbərlikdir”. Müəllimlik yalnız dərs deməkdən ibarət deyil. Müəllim lazım gəldikdə şagirdin, tələbənin həyatına müdaxilə edə bilməli, onun daxili dünyasını görməli, potensialına güvənməli və onu gerçəkləşdirməkdə yardımçı olmalıdır. Mənimçün hər bir tələbə özünəməxsus şəkildə istedadlıdır. Mənim əsas vəzifəm bilik verərək bu istedadı üzə çıxarmaqdan ibarətdir.
Cəmiyyətdəki həkim, müəllim, mühəndis, hüquqşünas, alim və yüzlərlə müxtəlif peşə sahiblərini də müəllim yetişdirir. Müəllimin xoşbəxtliyi də məhz bu insanları cəmiyyətə layiqli, lazımlı şəxslər kimi təqdim etməkdədir.
Müəllimlik həm də cəmiyyətə şərəflə xidmət etməyin bir yoludur. Mən hər zaman inanmışam ki, bir müəllim kimi dövlətimə, xalqıma daha çox səmərə verə bilərəm. Çünki gələcək gənclərindir, gənclərin taleyi isə biz müəllmlərin əlindədir. Bu, mənim həyatıma məna qatır.
Müəllimliyin insanlıq fəlsəfəsi hər bir şagirdin xüsusiyyətlərinə, dəyərlərinə və qabiliyyətlərinə əsaslanan anlayışdır. Bu anlayışa görə, müəllimin əsas vəzifəsi təkcə biliklərin ötürülməsi deyil, həm də koddur. Müəllimin insanlıq fəlsəfəsi təkcə pedaqoji metodologiya deyil, həm də həyat mövqeyidir. O, tələbələrlə hörmət, anlayış və etimada əsaslanan münasibətlər qurmağa kömək edir. Müəllim təkcə bilik sahibi deyil, o, tələbələrin özünüdərkinə yol açan mentor və ilhamvericidir. Bu yanaşma yalnız uğurlu enerji mənbələri deyil, həm də istifadəyə hazır olan ahəngdar şəxsiyyətlər yaradır.
Müəllimin insanlıq fəlsəfəsi öyrənənin şəxsiyyətini, unikallığını, maraqlarını və daxili sahibini prosesin mərkəzinə qoyan formativ yanaşmadır. İnsana hörmət, seçim azadlığı və fərdiliyin inkişafı kimi humanizm dəyərlərinə əsaslanan bu yanaşma təkcə bilik və bacarıqların deyil, həm də şəxsiyyətin formalaşmasına kömək edir. Humanist pedaqogika təlim prosesini hər bir insanın imkanlarını üzə çıxarmaq vasitəsi hesab edir. Müəllimin insanlıq fəlsəfəsi təkcə elmi bilik verməkdən ibarət deyil. Onun rolu daha çox tələbəni müşayiət edən mentor roluna bənzəyir. Müəllim öyrənənlərin baxışlarına hörmət edir, onların maraqlarını kəşf etməyə kömək edən motivator kimi çıxış edir.
Müəllim eyni zamanda yeniliklərə açıq olmalıdır. Çin filosofu Konfutsi (e.ə. 551-479) yazırdı: “Yalnız köhnə bilikləri nümayiş etdirən və yeni biliklərə can atanlar başqalarına öyrədə bilər”. Müəllim fəal, əzmkar, savadlı insan olmalı, şagirdlərinə və ya tələbələrinə aşılamalı olduğu fəzilətlərin canlı nümunəsi olmalıdır. Müəllim öz işini sonsuz sevməli, şagirdlərlə, tələbələrə valideyn kimi davranmalıdır, şagirdlərdə və tələbələrdə biliyə marağı oyatmalıdır. Müəllim, Komenskiyə görə, tələbələri üçün həmişə maraqlı olmalıdır. Müəllimin xidmət etdiyi ideya insan övladına mənəviyyat aşılamaqdır. Müəllimlik onun üçün azad sənətə çevrilirsə, o, bütün tələbələrinə ruhunun möhürünü vurur. Doğrudur, yalnız təbiətdən müəllim olanlar ən nadir və ən xoşbəxt şəraitdə belə parlaq virtuozluğa nail olurlar. Qalanlarından gücləri və bacardıqları qədər onlara həvalə edilmiş şəxslərin xeyrinə xidmət etmələrini yalnız gözləmək olar.
Bir müəllim kimi düşünürəm ki, müəllim-tələbə münasibətində pedaqoji ünsiyyətin əlifbası aşağıdakılardan ibarətdir:
- tələbələri ürəkdən sevmək, hər kəsə özünü bir fərd kimi dərk etməyə kömək etmək;
- tələbələrin sizinlə necə rəftar etməyini istəyirsizsə, onlarla eləcə rəftar etmək;
- izah etmək, amma iddia etməmək, unutmamalı ki, öyrənənlər hələ də çox şey bilmirlər, ancaq öyrənirlər; hər hansı tapşırığı təyin edərkən onu xüsusi formada tərtib etmək: tələbələr nə etmək lazım olduğunu dəqiq bilməlidirlər;
- daha yüksək məqsədlər qoymaq və onlara nail olmaq yolu ilə yeni həyat təcrübələri qazanmağa kömək etmək, onları dinləməyi bacarmaq;
- tələblərinizdə sabit olmaq, səmimi və dürüst olmaq;
- səbirli olmaq - tələbələrə uyğunlaşmaq və öyrənmək üçün vaxt lazımdır;
- tərifləmək, danlamamaq; həvəsləndirmək, cəzalandırmamaq: hamıya xoş söz demək;
- həmişə kifayət qədər xeyirxah və ədalətli olmaq, tələbələrin problemlərinə həssas olmaq və biganə qalmamaq, tələbələrin çatışmazlıqlarını səxavətlə bağışlamaq;
- qorxu və özünə şübhəni aradan qaldırmağa kömək etmək, onların əmanətinə xəyanət etməmək, sirlərini saxlamağı bacarmaq;
- bilmədiklərinizi etiraf etməyi, səhvinizi və ya təqsirinizi etiraf etməyi və tələbədən üzr istəməyi ləyaqətinizə uyğun hesab etməyi bacarmaq;
- həmişə və hər şeydə tələbələrə nümunə olmağa çalışmaq, lakin heç vaxt mükəmməl olduğunuzu sübut etməyə çalışmamaq.
Qeyd olunan keyfiyyət və davranışlar, fikrimcə, müəllimlik peşəsinin alqoritmidir. Müəllimlik etdiyim ilk gündən bu prinsipləri özümə həyat devizi seçmişəm. Mən müəllim olandan sonra anladım ki, müəllim kimi insanlığa verəcəyim töhfə bir hüquqşünas kimi edəcəklərimdən qat-qat çoxdur.
Bu gün artıq 27 illik pedaqoji təcrübəsi (yalnız ali təhsil müəssisəsində) olan bir müəlliməm, dosentəm, ali məktəbdə kafedra müdiriyəm. Mənimlə çiyin-çiyinə müxtəlif illərdə məzun olmuş tələbələrim də müəllim kimi çalışırlar. Onlar da öz tələbələrinə bir zamanlar mənim tələbəm olduqlarını fəxrlə deyirlər. Bütün əldə etdiklərimə görə, mənə həyat vermiş valideynlərimlə yanaşı, mənümçün həyat nümunəsi olmuş müəllimlərimə minnətdaram. Mənimçün üzücü bir həqiqətdir ki, bu müəllimlərimin əksəriyyəti bu gün həyatda yoxdur. Amma onların əziz xatirəsi mənim ürəyimdədir və yaşamaqdadır. Onlarla bağlı xatirələrimi tələbələrimlə də tez-tez bölüşürəm. Müəllimlərimin həyat nümunəsi məni də bir müəllim ömrünü yaşadığım müddətdə hər zaman müşayiət edəcək.
Özüm haqqında
Eminli Böyükxanım İbrhim qızı,1972-ci il təvəllüdlü, azərbaycanlı, ailəli,
1991-1995 – ci illərdə Sumqayıt şəhər 10 saylı orta məktəbdə uşaq birliyi təşkilatı rəhbəri (bu da pedaqoji staj sayılırdı.) vəzifəsində çalışmışam.
1995-ci ildən Sumqayıt Dövlət Universitetində (o zamankı Azərbaycan Sənaye İnstitutu) çalışıram. Hazırda həmin universitetin Dil və ədəbiyyat kafedrasının müdiri vəzifəsində işləyirəm.
Filologiya üzrə fəlsəfə doktoruyam, dosentəm. 27 ilyalnız ali təhsil müəssisəsində pedaqoji təcrübəyə sahibəm;
Cəmi 31 il pedaqoji təcrübəm var.
“Ədəbiyyat və incəsənət”
(03.02.2026)


