Rəqsanə Babayeva,
Beyləqandan. Xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün.
Bəli. Artıq bölgələrdə Gənclər Gününü qeyd etməyə başlayıblar. Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ötən gün rayon icra hakimiyyətinin inzibati binasında tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, icra başçısının müavinləri, şöbə və sektor müdirləri, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan gənclər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyəti və strateji əhəmiyyətindən danışıb. Bildirib ki, bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir.
İcra başçısı gənclərin inkişafına yönələn layihə və proqramların icrasında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüslərinin mühüm rol oynadığını qeyd edib. Vurğulanıb ki, dövlət dəstəyi nəticəsində gənclərin ictimai-siyasi və sosial həyatda fəallığı artıb, müxtəlif sahələrdə nailiyyətlər əldə olunub. Bu siyasətin nəticələrinin Vətən müharibəsində qazanılmış Zəfərdə gənclərin fəal iştirakı ilə bir daha təsdiqləndiyi diqqətə çatdırılıb.
Sonra rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup gəncə 2 Fevral – Gənclər Günü münasibətilə fəxri fərmanlar təqdim olunub.
Tədbirdə çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digər natiqlər gənclər siyasətinin əhəmiyyətindən söz açıb, gənclərə vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmağın vacibliyini tövsiyə ediblər.
Tədbirin sonunda Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatına yeni təyin olunan Vətən müharibəsi qazisi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Qiyas Məmmədli çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib, gənclərin dövlətçilik dəyərlərinə bağlılığının vacibliyini qeyd edib.
Sonda təltif olunan gənclərlə xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(31.01.2026)


