Redaksiyanın poştundan – Kəngərli rayonundan şeir boxçası Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Daimi rubrikamızda təqdim etdiyimiz növbəti məktub Mehman İmanovdandır. O, 1992-ci ildə Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. Həvəskar olaraq poeziyaya maraq göstəri. "Bəlkə də" adlı şeir kitabının müəllifidir.


Sən mənim

 

Mənim hicri təqvimim,

Səni görən gündən başlar.

Mənim məhərrəmlik ayım,

Sənsiz keçirdiyim aylar.

 

'Səni sevirəm' deməyim,

Mənim kəlmə-şəhadətim.

Sənlə görüşə gəlməyim,

Mənim həccə ziyarətim.

 

Sənə olan məhəbbətim,

"Nisa, furqan, rum surəsi"

Sənin Anan Məryəm ana,

Sənin yanın nuh gəmisi.

 

Mənimçün məkkə, Mədinə,

Sənin doğulduğun şəhər.

Mənim üçün 'məhşər günü'

Hicrin güc gələn gecələr.

 

Sən mənim 114 surəm,

Sən mənim 6000 ayəm,

Sən mənim beytül-məqdisəm,

Sən mənim kəbeyi-qibləm.

 

Eşqin üçün mübarizə,

Mənim ən böyük cihadım.

Qollarında son nəfəsim,

Mənim şəhidlik nicatım.

 

Hicr orucu bitdiyi gün,

Mənə Ramazan bayramı.

Sən dünyaya gəldiyin gün,

Mənimçün 'məvdil' axşamı.

 

Sən göylərdən enən mələk,

Sən tanrıdan niyaz kimi.

Səsin əzanın səsi tək,

Sənlə söhbət namaz kimi.

 

Gözlərindən axan yaşlar,

Zəmzəm bulağımdır mənim.

Sənin yanın 'ədən bağı'

Sən mənim son peyğəmbərim.

 

 

Naxçıvanda 

 

Dostum, əgər cənnət görmək istəsən,

Gəl gedək bircə gün qal Naxçıvanda.

Havası da məlhəm, suyu da məlhəm,

Dil açıb danışır lal Naxçıvanda.

 

Gəzmə diyar-diyar könlünə həmdəm,

Əhdinə vəfalı yar Naxçıvanda.

Nigarlar, həcərlər yurdu əzəldən,

İffət Naxçıvanda, ar Naxçıvanda.

 

Baharı bilinməz, qışı bilinməz,

Bir gündə dörd fəsil var Naxçıvanda.

Bağlarda çiçəklər ətirlənəndə,

Dağlarda ələnir qar Naxçıvanda

 

Batabat havasın gəl köksünə çək,

Cənnətin ətrini al Naxçıvanda.

Burda çinarlar da bar gətirəcək,

Güllərdən süzülür bal Naxçıvanda.

 

 

Utan

 

Bir gün bu şəhərdə üz-üzə gəlsək ,

Utan, ala gözlüm, özündən utan.

Özgələr oxşayan ipək telindən,

Əğyarın öpdüyü üzündən utan.

 

Sənsiz könül evim xaraba, viran,

Xəyalın tərk etmir fikrimi biran,

Sən əhdinə dönük, sən eşqi yalan,

Peymanın pozduğun sözündən utan.

 

Sən oldun bu məsum sevdaya qıyan,

İndi nə faydası ha ağla, ha yan,

Arada güzgünün önündə dayan,

Yad gözlərə baxan gözündən utan.

 

Keşişi sən oldun bu hekayətin,

Bilmədin Mehmanın qədir, qiymətin,

Alovu sönsə də bu məhəbbətin,

Kül altda gizlənən közündən utan.

 

Bu gecə yuxuda gördüm mən səni,

Yaman dəyişmişdi qüssə, qəm səni,

Dedin ki: "bağışla, sevirəm səni"

Utan, bələkdəki qızından utan.

 

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

Hüsnü camalına bir gün göz düşər,

Telini oxşarlar, ada söz düşər,

Deyirlər:"bəyaza ləkə tez düşər",

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

Azarsan sevdanın duman, çənində,

Bir zinət olmasa belə tənində,

Yaqutsan, qalarsan dülgər əlində,

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

Qanın kömürdən də qaradır sənin,

Bəlkə də ürəyin yaradır sənin,

Gözəllik başına bəladır sənin,

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

Bu yaşda qızların dumanlı başı,

Tale oyununda sən olma naşı,

İncidər, süzlərlər gözündən yaşı,

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

Odunu söndürmə, közünü qoru,

Sözə söz qoşarlar, sözünü qoru,

Çalış özündən də özünü qoru,

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

Sən qızıl balıqsan, dup-duru suda,

Aldanma qarmaqda bir tikə qurda,

Bir də görərsən ki, qalmısan torda,

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

İsməti itirmə, andını danma,

Hər eşqin odunda alışıb yanma,

Hər odlu baxışı məhəbbət sanma,

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

Gəl səndən kam alım bir bülbül kimi,

Çox naz eşq odunu eylər kül kimi,

Sən də solacaqsan bir gün gül kimi,

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

Atalar sözlərin düzün deyərmiş,

"Qızını döyməyən, dizin döyərmiş"

"Armudun gözəlin ayı yeyərmiş"

Gözəl qız, heyifdir bu gözəlliyə.

 

 

Rəssam gəl anamın rəsmini çək 

 

Rəssam gəl anamın rəsimini çək,

Könlünün qübarın, qəmini çəkmə.

Ancaq bənizinin gülüşünü çək, 

Kövrək gözlərinin nəmini çəkmə.

 

Çəkmə nur üzünün qırışlarını,

Elə çək, saçının ağı düşməsin.

Çəkmə qəmgin-qəmgin baxışlarını,

Elə çək nisgili, dağı düşməsin.

 

Ömrün baharında yorulub anam,

Elə çək payızı, qışı düşməsin.

Atam ölən gündən durulub anam,

Elə çək gözünün yaşı düşməsin.

 

Rəssam elə çək ki naxışlarını,

Bir ömür seyrinə dalım anamın.

Fırçanla dən düşən telinə toxun,

Rəsmindən ətrini alım anamın....

 

Çək, anam bizə laylay deyən vaxt,

Həmin o çağların, o günlərin çək.

Anamın yuxulu gözlərinə bax,

Anamın yuxusuz gecələrin çək.

 

 

Həsrətinə 

 

Hardan aramıza girdi, bilmədim,

Yəqin çox vermişəm üz həsrətinə.

Hicrin yıxmasaydı könül evimi,

Dözərdim yüz qızın, yüz həsrətinə.

 

Həsrətininlə necə getmisən yola?

Mən sağa çəkirəm, o gedir sola,

Qorxuram alışam mən bəxti qara,

Yalan eşqimizin düz həsrətinə.

 

Könlümə düzələr, döz deyənmirəm,

O boyda atəşə köz deyənmirəm,

Arada sən varsan, söz deyənmirəm,.

Yoxsam çökdürərdim diz həsrətinə.

 

Sənsiz nə həvəs var, nə taqət canda,

Ruhum bir yandadı, cismim bir yanda,

İnsaf et, arada vaxtın olanda,

Gəl, biraz yerimə döz həsrətinə.

 

Yayda əriməyir, qışda donmayır,

Suda boğulmayır, odda yanmayır,

Hərif tanımayır, dil də qanmayır,

Necə başa salım söz həsrətinə?!

 

Səndən vəfalıymiş hicranın sənin,

Sən getdin, o qaldı yanımda mənim,

Arada yuxuma gəlib, gözəlim,

Yel kimi can vermə, köz həsrətinə.

 

Ürəkdən silinmir, fikrimdən getmir,

Qurutsan qurumur, sulasan bitmir,

Bəlkə sən dil tapdin, məni eşitmir,

Qayıt gəl yiyə çıx öz həsrətinə.

 

 

 

Qocalır 

 

Zaman hərşeyi qocaldır,

Bəs özü niyə qocalmır?

Bələ də qocalsa yiyə,

Çıxmazlar deyə qocalmır.

 

İnsanın sözü, hörməti,

Ruhu, vicdanı qocalmır.

Sevdiyi qız qarı olur,

Eşqi, hicranı qocalmır.

 

Yer üzündə insanoğlu,

Göylərdə mələk qocalır.

Arzu, dilək cavan qalır,

Amma ki ürək qocalır.

 

Cahanın Rəbbi qocalmır,

Cümleyi-cahan qocalır.

Tutun, saxlayın zamanı,

Qocalır, anam, qocalır...

 

 

Ay Arazın o tayından baxan qız,

 

Ay o taydan qəmli-qəmli baxan qız,

Ətrini gətirir yel mənə sarı.

Özünü Arazın sularına at,

Qoy səni gətirsin, sel mənə sarı.

 

Mən elə bilirəm sevgi naməsi,

Sulara atdığın daş mənə sarı. 

Urmu qurumasın, Araz qurusun,

Yüyürüb gələsən kaş mənə sarı.

 

Səsim sənə çatır, əlim çatmayır,

Nə yaxın kimisən, nə uzaq kimi.

Hicab camalına elə yaraşır, 

Gəlinlik libasında duvaq kimi.

 

Ay Arazın o tayından baxan qız,

Eşqin şərabından içə bilmirik.

Bir bulud altında islansaq da biz,

Bir çayı adlayıb keçə bilmirik,

 

Cismim bu taydadı, ruhum o tayda,

Para-para etdin sinəmi, Araz.

Qara keşik kimi girdin araya,

Ayırdın əslini, Kərəmi, Araz.

 

Kaş ki, qızıl balıq yanıma gələ,

Deyə ki nə arzu dilərsən dilə,

Deyərdim ya məni o taya apar,

Ya da ki, bu taya səni gətirə,

Ay Arazın o tayından baxan qız.

 

 

Bir daha sevmərəm, sevmərəm səni.

 

Təzədən dünyaya gəlsək, gözəlim,

Bir daha sevmərəm, sevmərəm səni.

Bu qədər istirab bəsimdi mənim,

Bir daha sevmərəm, sevmərəm səni.

 

Tanrının yazığı gələrsə bizə,

Başqa bir zamanda etsə möcüzə,

Yenidən doğulsaq, gəlsək üz-üzə,

Bir daha sevmərəm, sevmərəm səni.

 

Sənə vəfa, vicdan, ar gələn deyil,

Bu atəş külündən közərən deyil,

Sənin daş ürəyin düzələn deyil,

Bir daha sevmərəm, sevmərəm səni

 

Sən ilə mən olmaz bundan sonra biz,

Dağılıb körpülər, bağlanıb yol, iz,

Dünyada qalsaq da təkcə ikimiz,

Bir daha sevmərəm, sevmərəm sənin

 

 

Ala gözlüm, niyə düşdün yadıma

 

Bir vaxt sənlə görüşdüyüm məkanda,

Ay çıxanda, günəş gedib yatanda,

Bir vəfalı qızın əlin tutanda,

Ala gözlüm, niyə düşdün yadıma.. 

 

Şehlər ləçəklərdən süzüb axmamış,

Xoruzlar yuxudan hələ qalmamış,

Fevralın ondördü günəş çıxmamış,

Ala gözlüm, niyə düşdün yadıma... 

 

Keşişin tilsimi pozulmayıbsa, 

Röyamız vüsala yozulmayıbsa,

Taleyimiz qoşa yazılmayıbsa,

Ala gözlüm, niyə düşdün yadıma..

 

Ayrıldıq, göz yaşım sel olub axdı,

Məcnun şükr etəkçün bəxtimə baxdı,

Mən bədbəxtin toyu çalınan vaxtı,

Ala gözlüm, niyə düşdün yadıma...

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.