Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Şənbə günü - 6 dekabr 2025-ci il tarixində Ağdam Muğam Mərkəzində böyük izdiham vardı, xalq artisti, mərhum xanəndə, ağdamlı Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilirdi.
Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutan tədbirdə RİH başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, millət vəkilləri Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı Vaqif Bəhmənli, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mərhum sənətkarın ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak edirdi.
Tədbirdə ilk öncə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və mərhum sənətkarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmovun nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanmasından, onun çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verməsindən bəhs etdilər.
Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edildi.
Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin sonunda çıxış edərək təşkilatçılara və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını ifadə etdi.
Bəli, çox illər öncə Qədir Rüstəmovun yaratdığı “Sona bülbüllər” əfsanəsi hələ də yaşayır, çox illər bundan sonra da yaşayacaq.
“Ədəbiyyat və incəsənət”
(08.12.2025)


