Ağ-qara taxtada böyük uğurlar Featured

 

İhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalnın Sumqayıt təmsilçisi

 

Azərbaycanın zəka oyunları sahəsində yetişdirdiyi parlaq istedadlardan biri də Sumqayıt şəhərinin fəxri Nurtən Ələsgər qızı Nuriyevadır. Gənc yaşına baxmayaraq, artıq dünya və Avropa arenalarında ölkəmizi böyük uğurla təmsil edir, zəhmət və istedadın mükəmməl vəhdətini nümayiş etdirir.

 

2008-ci il aprelin 24-də Sumqayıtda anadan olan Nurtən hazırda bu şəhərdə yerləşən 13 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Bu gənc istedad hələ beş yaşında olarkən şahmatla maraqlanmağa başlayıb. İlk addımlarını məhz müəllimləri Əsli Əliyevin və İlqar Əliyevin rəhbərliyi ilə atmışdır. Hazırda onun şahmat üzrə hazırlıqlarını tanınmış məşqçi Vüqar Bayramov aparır.

Zəhmət və intizamın nəticəsi olaraq, Nurtən çox sayda yerli və beynəlxalq yarışlarda iştirakıyla həm fərdi, həm də komanda üzrə Azərbaycanı uğurla təmsil etmişdir. 2023-cü ildə Albaniyada keçirilən Avropa çempionatında 3-cü yerin sahibi olan Nurtən, 2024-cü ildə Gürcüstanın Batumi şəhərində baş tutan beynəlxalq "Open" turnirində isə birinci yerə layiq görülmüşdür. Bu uğurlar, təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan şahmat məktəbinin gücünü bir daha sübut edir.

2025-ci ildə Bakıda Heydər Əliyev Mərkəzində keçirilən və “Zəkalıların mübarizəsi” adlandırılan Olimpiada yarışında isə Sumqayıt komandası ilə birlikdə Azərbaycan çempionu olmuş Nurtən bu mötəbər titulun qazanılmasına böyük töhfə vermişdir. Eyni zamanda, o, artıq 6 dəfə Azərbaycan çempionu adını qazanıb və digər nüfuzlu turnirlərdə də ikinci və üçüncü yerlərə yüksəlib.

Bu gün Nurtən Nuriyeva Azərbaycan milli şahmat komandasının üzvüdür və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməkdə davam edir. Gənc şahmatçımızın uğurları həm yaşıdlarına, həm də gələcək nəsillərə ilham verir. Onun timsalında biz bir daha şahid oluruq ki, əzm, iradə və istedad bir araya gələndə, Azərbaycan gəncliyi hər sahədə zirvələri fəth edə bilər.

Biz də öz növbəmizdə Nurtənə gələcək yarışlarında uğurlar arzulayır, Azərbaycan bayrağını daha da yüksəklərə qaldıracağına inanırıq!

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

{gallery}24933{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.