"Çeşmə" Ədəbi Məclisinin növbəti toplantısı Dədə Ələsgərin ruhunu yaşadan məkanda keçirilib

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 “Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı xalqımızın dahi aşığı Dədə Ələsgərin adını daşıyan məkanda baş tutub. Toplantı Azərbaycanın tanınmış söz adamlarının və gənc ədiblərin iştirakı ilə keçirilib.

 

Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, iştirakçıları salamladıqdan sonra qeyd edib ki, tədbirdən bir gün öncə – sentyabrın 27-də, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. Məclis iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, ustad şair Əhməd Haqsevər məclisə xeyir-dua verərək, belə ədəbi tədbirlərin gənc istedadların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Şair çıxışının sonunda qəzəllərindən nümunələr səsləndirib.

Toplantıda Pirşağıdan dəvət olunmuş tanınmış şair-qəzəlxan, Prezident təqaüdçüsü Əşrəf Pirşağılının çıxışı da maraqla qarşılanıb. O, Ədəbi Məclisin ədəbiyyatın, xüsusilə də əruz poeziyasının təbliğində və gənclərin formalaşmasında önəmli rol oynayacağını qeyd edib. Məclisin təşkilinə görə təşəkkürünü bildirərək, qəzəllərindən parçalar oxuyub.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əliyar Mərdiyev, məclis üzvü Azər Vahid, həmçinin gənc şairlərdən Zaur Abbasov, Səadət Salmanqızı və Şəfəq Ələsgərli öz şeirlərini səsləndiriblər. Tədbirdə çıxış edən digər şairlər də ədəbi nümunələrini iştirakçılarla bölüşüblər.

Məclis yüksək ədəbi ruh və səmimi ab-hava ilə başa çatıb. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı tədbirin təşkilinə göstərdiyi dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova, həmçinin Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə təşəkkür edib.

Tədbir iştirakçıları növbəti görüşlərin ümidi ilə yığıncağı başa vurublar.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.