Redaksiyanın poçtundan - Solmaz Məmmədovanın şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, rayonun ilk jurnalist xanımı, AJB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, yazıçı-publisist, şair Solmaz Məmmədovanın “Özünü gözlə” adlı şeiri təqdim edilir.

 

ÖZÜNÜ GÖZLƏ

 

Gülü kötüyündən çıxarıb atan,

Su tökmək yerinə od alışdıran

Torpağı zəhərlə yandırıb yaxan,

Ziyankar adamdan özünü gözlə...

 

Hər işdə axtarıb, bir qərəz görən,

Günahkar olsa da, haqq özün bilən

İnad və küfründən heç əl çəkməyən,

Haqqa kəm baxandan özünü gözlə...

 

Aqil insanların içinə girən,

Heç ədəb, mərifət elmin bilməyən

Kaş ki, tapılaydı bir ağıl verən,

Belə sərsəridən özünü gözlə...

 

Əzəldən dürr sözün sərrafı olub,

Böyükdən nəsihət qəbul olunub

Kiçiklər dinləyib, həmişə susub,

Bu səddi aşandan özünü gözlə...

Bu səddi aşandan özünü gözlə...

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.