Nərgiz Əlili "Qələm tutan incə əllər"də... Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət"  portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Bu dəfə isə növbədə Cəlilabad ədəbi mühitinin yeniyetmə nümayəndəsi, 12 yaşlı şair Nərgiz Əlilidir.

 

Qısa təqdimat:

Əlili Nərgiz Pərviz qızı (Nərgiz Əlili): 2013-cü il fevral ayının 2-də Cəlilabad rayonunun qədim tarixə malik olan Şatırlı kəndində dünyaya göz açmışdır.

2018-ci ildə Araz Qardaşxanov adına Şatırlı kənd tam orta məktəbində təhsil almağa başlamış və hal-hazırda həmin məktəbin VI sinif şagirdidir.

Nərgiz xanımın yaşı az olsa da ədəbiyyata böyük maraq göstərir. Şeir yazmaq onun üçün sadəcə bir hobbi deyil, duyğularını və düşüncələrini vərəqlərə tökərək həm özünü tanımaq, həm də dünyanı dinləməyi öyrənməkdən ibarətdir.

Şeir və poeziyada hələ yolun başlanğıcında olan bu balaca xanım hər misrası ilə bu sahədə bir addım irəliləməyə çalışır. Bu yolda ona ruh verən, sözə olan sevgisini daha da artıran insanlardan biri isə "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-yazıçı Arzu xanım Əyyarqızıdır. Məhz bu sahədə ona verdiyi dəstəyə və göstərdiyi diqqətə görə Arzu xanım Əyyarqızına minnətdardır.

2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə olaraq yazılıb işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabında onun həyat yolu və həvəskar şeir nümunələrindən danışılmış, Cəlilabad ədəbi mühitinin ən kiçik üzvü olaraq "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür.

Bu gün Nərgiz Əlili gələcəkdə daha böyük uğurlar qazanmaq və ədəbiyyat aləmində öz imzası ilə tanınmaq arzusu ilə yorulmadan çalışır...

 

Bədii ədəbiyyat nümunəsi:

Nərgiz Əlilinin qələmi ilə yazılmış bir şeirlə tanış oluruq:

 

"Oynayaq"

 

Durun gedək oynayaq,

Mən yumum siz gizlənin.

Tapım sizi sevinclə,

Həyacanla izlənin.

 

Durun gedək oynayaq,

Palçıqla evcik quraq.

Biş-düş edək, şənlənək,

Özümüzü biz yoraq.

 

Durun gedək, oynayaq,

"Əlimsəndə" deyək biz.

Qovaq bir -birimizi,

Ucalsın şən səsimiz.

 

Son olaraq doğma elimizin yeniyetmə şairi və bu günə kimi Cəlilabad ədəbi mühitinin sonbeşiyi sayılan Nərgiz Əliliyə uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində uğurlar arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.