Ağstafadan Sumqayıta - 70 illik işıqlı iz Featured

Arif Qafarov,

Sumqayıtın Hacı Zeynalabdin Qəsəbə Ağsaqqalar Şurasının sədri, “Ədəbiyyat və incəsənət” üçün

 

Sadə bir kənd uşağının həyatı... Amma bu həyat sadə görünən izlər qoymayıb. Bu, həm torpağa, həm təhsilə, həm də insanlığa xidmətin mükəmməl təcəssümüdür. Əziz oxucular, sizi belə bir insanla tanış etmək istəyirik: “Əməkdar müəllim”, pedaqoq, yazıçı, ağsaqqal Məhəmməd Məmmədovla.

Məhəmməd müəllimin ilk addımları 1955-ci il iyulun 25-də doğulduğu Ağstafa rayonunun Poylu kəndinin torpaqlarında başlayıb. Orada oxuyub, təhsil alıb və arzularını böyüdüb. Gənclik illərində torpağın sehrinə, coğrafiyanın möcüzələrinə bağlayan sevgi onu 1974-cü ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə gətirib çıxarır. Amma onun həyatının xəritəsi yalnız tədris auditoriyalarında cızılmırdı. O, Vətəninə və təbiətə olan sevgisini daha gənc yaşlarından göstərmişdi. Bakı Yaşıllaşdırma İdarəsində çalışarkən şəhəri yaşıl donlara bürümək arzusu ilə işə başlayır.

Daha sonra 1986-cı ildə Dəmir yolunun hərbiləşdirilmiş mühafizə xidmətində çalışır, məsuliyyətli vəzifələr daşıyır. Amma həyatının əsas missiyası onu yenidən məktəbə qaytarır - bu dəfə müəllim kimi. Elə buradan başlayır əsl təhsil fədakarlığı. 1991-ci ildə Sumqayıt şəhərinin 19 nömrəli məktəbində coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətinə start verir. Qısa zamanda bacarığı, peşəkarlığı və insanpərvərliyi ilə seçilən müəllim kimi tanınır. Daha sonra, 2004-cü ildəTəbiət Elmləri Təmayüllü Gimnaziyaya dəvət olunur və direktor müavini vəzifəsinə qədər yüksəlir.

Məhəmməd Məmmədovun müəllimliyə olan sevgisi yalnız dərs deməklə bitmir. O, fənn olimpiadalarının komissiyalarında çalışıb, dərsliklərin hazırlanmasında iştirak edib, kitablar yazıb, layihələr həyata keçirib. Onun müəllifi olduğu testlər kitabı və dərs proqramları uzun illər yüzlərlə müəllimə və minlərlə şagirdə yol göstərib. “İlin müəllimi” adına, “Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanına və “Əməkdar müəllim” fəxri adına layiq görülməsi də məhz bu zəhmətin qiymətləndirilməsidir.

Amma bu ömür yalnız məktəb divarları ilə əhatələnmir. Məhəmməd müəllim yaşadığı Hacı Zeynalabdin qəsəbəsində də nümunəvi ictimai fəal, ağsaqqal kimi tanınır. Qəsəbədə tullantılarla dolu bir ərazini şagirdləri ilə birlikdə təmizləyib, burada Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Qayıbovun adını daşıyan istirahət bağı salması onun vətəndaşlıq missiyasının simvoludur. O bağda uşaqlar üçün əyləncə meydançası, yaşlılar üçün dincəlmək yeri yaradılıb, tədbirlər keçirilib, musiqi səslənib. Həm təbiətə, həm insanlığa dəyər verən belə şəxslər cəmiyyətin tək dayaq sütunlarıdır.

Məhəmməd müəllim həm də məhsuldar yazıçı və publisistdir. O, indiyə qədər 17 kitabın müəllifidir: 9-u elmi-metodiki, 8-i isə publisistik xarakterlidir. Onun “Vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı”, “Vətən mənə oğul desə”, “Xatirələrdə qalan ömür” kitabları şəhidlərə, qazilərə və Vətən tarixinə həsr olunub. Bu kitablar məktəblərə və ailələrə hədiyyə olaraq paylanıb.  Məhəmməd müəllimin öyrətmək missiyası məktəbdən kənarda da davam edir.

Sadaladıqlarımız bir ömrün içində toplanmış yüzlərlə işin yalnız bir hissəsidir. Latviya və Danimarka kimi ölkələrdə təcrübə mübadiləsində iştirak edib, beynəlxalq sertifikatlar alıb. O, hər bir mərhələdə daim öyrənib, yenilənib, inkişaf edib.

Bu gün o, ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, yaradıcılığını davam etdirir. “Ömrün unudulmaz anları” və “Poylu kəndinin ensiklopediyası” adlı yeni kitablar üzərində işləyir. Çünki onun üçün həyat - işləmək, yaratmaq və faydalı olmaqdır.

Məhəmməd müəllim bütöv bir nəsilin tərbiyəsində payı olan bir ağsaqqaldır. Onun fəaliyyəti təhsil tariximizə, vətəndaşlıq nümunəsinə örnəkdir.

Məhəmməd müəllim yalnız təhsilə və cəmiyyətə deyil, ailəsinə də eyni sevgi və məsuliyyətlə yanaşan bir insandır. Övladlarının uğurlarını qürurla izləyir, nəvələrinin gülüşündə gələcəyə inam tapır. İllərin zəhmətini, həyat təcrübəsini iki övladında, dörd nəvəsində görür. Onun təkcə dərs verdiyi şagirdlər deyil, ailəsi də onun dürüstlüyündən, alicənablığından, zəhmətsevərliyindən ilham alır. Həyat yoldaşı təqaüddə olan riyaziyyat müəllimi Rəhilə xanım hərtərəfli qayğısını çəkir, ona yaxından köməklik göstərir. Qızı Billurə onun yolunu davam etdirərək qəsəbə Hacı Zeynalabdin qəsəbə,19 nömrəli tam orta məktəbdə müəllim işləyir.  Elə bu səbəbdəndir ki, Məhəmməd müəllimin ömrü yalnız onun yaşadığı illərlə deyil, etdiyi əməllərlə ölçülür.

O, zəngin, mənalı və nümunəvi həyat yolunun daha bir mərhələsinə çatıb – bir neçə gün öncə yubileyini qarşılayıb. Bu əlamətdar günlərdə Məhəmməd müəllimi ürəkdən təbrik edir, ona sağlam ömür, tükənməz ilham və ailəsinin, şagirdlərinin sevgisi ilə dolu nurlu günlər arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(28. 07.2025)

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.