Oğuzda şair-tədqiqatçı Yusif Rza ilə oxucuların görüşü təşkil edilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin 9 nömrəli Ərmənət kənd kitabxanasında Xalxal və Xalxal Qışlaq kənd kitabxanalarının birgə təşkilatçılığı ilə   "Oğuzun tanınmış simaları" layihəsi çərçivəsində oğuzlu şair, AYB-nin üzvü, tədqiqatçı-yazıçı Yusif Rzanın oxucularla görüşü keçirilib.

 

Tədbirdə Oğuz rayon Mərkəzi Kitabxanasının nümayəndəsi, Ərmənət kənd tam orta məktəbinin müəllimləri, kəndin bir qrup ziyalısı, şairin yaxın uşaqlıq   dostları, poeziyasevərlər və məktəblilər iştirak ediblər.

Görüş Azərbaycanın suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ərmənət kənd kitabxanasının kitabxanaçısı  tədbiri açaraq,  sevimli şairi salamlamış, onun həyat və yaradıcılığı barədə qısa məlumat verib.

Çıxış edənlər Yusif Rzanın bir Oğuz ziyalısı kimi qələmə aldığı tarixi və etnoqrafik məqalələrin, eləcə də məlumat xarakterli kitablarının Oğuz rayonunun tarixini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, bu kitablar yalnız zəngin məlumat mənbəyi olmaqla yanaşı, həm də gələcək elmi-tədqiqat işlərində baza rolunu oynaya bilər.

 Yusif Rza böyüyüb boya başa çatdığı kənddə, öz oxucuları və onu sevənlərlə görüşdən hədsiz məmnunluğunu dilə gətirib, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.  

Yusif müəllimə elmi və ədəbi fəaliyyətində uğurlar arzulanıb. Görüş zamanı oxucular şairə yaradıcılığı ilə bağlı suallar ünvanlayıb, səmimi söhbətlər aparılıb.

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

                                                                 

   

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.