Ruhiyyə Abaszadə "Qələm tutan incə əllər"də... Featured

 İlqar İsmayılzadə

(fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət"  portalının Cənub təmsilçisi)

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Bu dəfə növbədə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, AYB-nin üzvü, yazıçı-şair Ruhiyyə Abaszadədir.

 

Qısa təqdimat:

Ruhiyyə Mansur qızı Abaszadə (Ruhiyyə Abaszadə). 1976-cı ilin iyul ayının 21-də Cəlilabad rayonunda dünyaya göz açıb. İndiki Zərifə Əliyeva adına 7 saylı orta məktəbi bitirib.

Orta məktəbi əla qiymətlə oxusa da, ailədə olan bir sıra problemlərə görə ali təhsil ala bilməmişdir. Lakin buna baxmayaraq bu gün Cəlilabadın bacarıqlı və tanınmış xanım yazarlarından biri sayılır.

Gənc yaşlarından etibarən qələm və yaradıcılıq sahəsinə xüsusi həvəs göstərmiş, öz şeir və yazıları ilə çıxış etmişdir.

Bədii ədəbiyyat sahəsinə 1998-ci ildə gəlmişdir. Müxtəlif mövzularda hekayə, oçerk və məqalələrin müəllifidir. Onun qələmə aldığı şeir və hekayələr Lənkəranda nəşr edilən, eyni halda AYB Lənkəran Bölməsinin rəsmi orqanı olan "Şəfəq" jurnalında, həmçinin respublika səviyyəli müxtəlif qəzet və jurnallarda, toplu ve antalogiyalarda davamlı olaraq çap olunur. İndiyədək qələmə aldığı hekayə ve şerlərdən ibarət üç kitabı işıq üzü görmüşdür. Onlar aşağıdakılardan ibarətdir:

1. "Sevənlərin göz yaşi" (Hekayə və şeirlər), 2006;

2. "Göyün gözləri" (Hekayə ve şerler), 2020;

3. "Yazılmamış məktublar" (Hekayə və şeirlər), 2023;

4. "Yaşamaq üçün susuram" (Hekayələr), 2025.

Ruhiyyə xanımın vətənpərvərlik sahəsində qələmə aldığı 2 ayrı əsəri 2-ci dərəcəli diploma layiq görulub. 2023-cü ildə isə Azərbaycan Yaziçılar Birliyinin (AYB) üzvülüyünə qəbul olmuşdur. Məlumat üçün qeyd etmək lazımdır ki, Ruhiyyə Abaszadənin Vətən Müharibəsindən bəhs edən "Qisas" adlı əsəri 2022-ci ilin dekabr ayının 8-də "Pəncərə" teatrı tərəfindən tamaşaya qoyulmuşdur. Ailəlidir, 3 övladı (2 qızı, 1 oğlu) var.

 

Bədii ədəbiyyat nümunələri:

Ruhiyyə xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış oluruq:

 

"Boşluq"

 

Elə bil ki, boş qalıbdı bu dünya,

Kimsəsizdi məhəllələr, küçələr.

Qaranquş da xeyir xəbər gətirmir,

Daha yoxdu, bağımızda sərçələr.

 

Hökmü çaşıb, itib başı zamanın,

Taqəti yox, qollarında bu canın.

Yaşamağa nəyi qaldı dünyanın,

Göz yaşında boğulubdu gecələr.

 

Bu işıqlı xarabada ilahi,

Gecə-gündüz xiffət edir adamlar.

Bu dünyaya gəlir xoşbəxt olmağa,

O dünyaya bədbəxt gedir adamlar.

 

"Əlvida demə"

 

Çağırma ayrılığı,

Zülüm yaşadır vida.

Yıxma sənli ömrümü,

Heç vaxt demə "əlvida".

 

Baxışların can deyir,

Dilin alış, yan deyir.

Gedişin "qan-qan" deyir,

Heç vaxt demə "əlvida".

 

Gül yaşarmı çəmənsiz?

Qəlb vurarmı bədənsiz?

Ruhum darıxar sənsiz,

Heç vaxt demə "əlvida".

 

Adın əzbər dilimə,

Döndün ilham pərimə.

Gedək ucuz ölümə,

Heç vaxt demə "əlvida".

 

Son olaraq doğma elimizin tanınmış yazıçı-şairi Ruhiyyə xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.